“Sözü ucaldan,ilahiləşdirən söz adamı”…Vaqif Osmanov Aygün Sadiqdən yazır…

AYGÜN SADİQİN “GÜZGÜDƏ KİM VAR?”ININ TƏQDİMATINDA DEYƏ BİLMƏDİKLƏRİM

Martın 3-də ilahi sözün işığına yığışmışdıq. İlahi sözü ucaldan, ilahiləşdirən SÖZ ADAMInın – AYGÜN SADİQin poeziya və nəsrinin nuruna axışan pərvanələr kimi. Əsl poeziyanın işığı əbədidir, doğru yol göstərir mayak kimi.
“Güzgüdə kim var”a – ilk mənəvi balasına gənc şairin ( şairə deməyəcəm, çünki söz adamının cinsi olmur, o, Tanrının yaratdığı ilahi varlıqdır ) adqoyması da çox uğurludur. Bizim tərəflərdə (Şimal – Qərb bölgəsində) övlada adqoyma xüsusi bir törəndir. Məsləhətləşmə, süfrə hazırlığı, Qurani-Kərimdən surə oxuma, ağsaqqal və ağbirçək sözü və s. bu mərasimin özəlliyidir. Hiss olunur ki, Aygün xanım da bu mərhələlərdən keçib. Aygün xanımın güzgüsü mifologiyadan başqa Sabir babamızın “əyrini əyri, düzü həmvar” göstərən ayinədir. Bu ayinədə özünü əyri görənlər bilməlidilər ki, bu güzgünün günahı deyil.
Aygün Sadiq haqqında demək istədiklərimi konkret hissələrə böləcəyəm.
1. Aygün xanımın ən ali titulu ANAdır. O, iki gül balanın – “gələcəkdə camaatın qızını xoşbəxt edəcək, özü də xoşbəxt olacaq” “Gümış parıltı”nın – Aygün xanımın soyad adaşı Sadiqin və “öncə həkim, sonra gəlin olacaq” anasının “bacı”sının – “Qızıl parıltı”nın – Aylinin sevimli, narahat, nigaran anası olmaq şərəfinə ucalıb. Bu ali məqamın mübarək, Aygün Sadiq!
2. Aygün xanım müəllim kimi şərəfli peşənin sahibidir. Deyirlər ki, bir xalqın gələcəyini, milli mənsubiyyətini, mənəvi dünyasını yox etmək istəyənlər onun təhsilini və səhiyyəsini məhvə sürükləsələr bəs edər. Aygün xanım millətin gələcəyini düşünən uzaqgörən tərbiyəçidir. Dərsliklərdəki nöqsanlardan, sistemdəki neqativ hallardan ürək ağrısı ilə, yana-yana danışan, yazan pedaqoq Vətənini, millətini sevən nəsil yetişdirmək üçün hər əzaba qatlanır. Bir şeirində Sabirsayağı deyir:
Savad öyrədənə bir ay qabaqdan,
“Bezdirməsin” deyə rüşvət veririk.
Yəni, “oxutmuram, əl çəkin!”
3. Aygün Sadiq Vətənini, elini, millətini sevən türkçü, Turançıdır. Yazara görə, “hər daşına, torpağına sayğılar olan, göy rənginə boyanan türkün adı Ədalət imzasıdır”. Şairin hər şeirində milli təəssübkeşlik, Vətən torpağının ağrıları, müqəddəsliyi – ana xəttdir.
Mənim əzəmətim – zəfərim sayda,
Türkün yüksəlişi yaxın gündədir!
Bütün xoşbəxtliklər – azadlıq boyda,
Bütün qələbələr qan rəngindədir!
Yaxud:
Əsir aparılan sən olmadın, qız,
Mənim adım-sanım, şərəfim olmuş!
Deyirlər, düşmənə əyilməmisən…
Qeyrətinə qurban!
Ruhuna alqış!
Və yaxud:
Otuz ildir şərəfsizin, soysuzun biri,
Mənim əsir namusumdan törədir övlad.
Aygün xanım türkün qüdrətinin özünə qaydacağına, özgürləşəcəyinə əmindir:
Ulus parçalanıb qalanda viran
Dildə “türkəm” deyib öyünmək azdı!
Əməldə birliyə gəlsəydi Turan,
Çaqqallar Ulusu yağmalamazdı…
Fəqət ölməmişəm, yenə də sağam,
Əski qüdrətimi qaytaracağam!
4. Gənc yazar sözün dəyərini, yerini bilən şair, nəsr yazan, həm də tədqiqatçıdır. O, yazır: “Sözü anlamayan, sözün sehrini dərk etməyən, istedadı olmayan insan heç vaxt yaxşı şeir yazıb ortaya çıxara bilməz. Şeirin yaxşı olması üçün mütləqdir ki, ədəbiyyat haqqında, sözün təsir gücü haqqında mükəmməl biliyə sahib olmalısan.”
Aygün xanım, oxucunun zövqünə təcavüz edən, onun sinirini pozan sözbazları çəkinmədən, ötkəmcəsinə ittiham edən tənqidçidir.Şablon fikirlərin, çeynənmiş söz yığınının qatı düşmənidir. Ona görə də hər misrası məna yüklüdür.
5. “Qatil rolunu gözəl oynayan, ölümlər üstündə əl izi qoymayan” qəddar həyata insan öz əqidəsi, mətinliyi, cəsarəti ilə asanca qalib gələ bilər. Bunu Aygün xanımın timsalında aydın görmək olur. Valideynlərini erkən itirən Aygün xanım valideynlərinə biganə olan qəlbi buz kimi soyuq cahillərə bir “ağbirçək” kimi nəsihət edir:
Övlad! Sözüm yoxdu sənə deməyə!
Düşün sabahını, yolun sonunu!
Mən ana tapmıram əzizləməyə,
Sənsə küçələrə atırsan onu.
Başqa şeirində deyir:
Bir də ki, atamdan nigaranam çox,
Yox ayrı sirdaşım, dərdimi bölə.
Onun məndən başqa doğma qızı yox,
Canını canının parçası bilə.
Aygün xanım 16 il əvvəl itirmiş atasının xatirəsinə yazdığı dərin hüznlü şeirindən təsirlənib bir bənd yazmışdım:
Acı nisgil yeyə-yeyə,
Ahım sığmır yerə, göyə.
Günlərimi söyə-söyə,
Ömürdən kəsirəm, Ata…
6. Aygün xanım, ilahi sevginin ucuzlaşdığı, saxta sevgilərin mənəvi yox, maddi dünyanın əsirinə çevrildiyi çağdaş dövrümüzdə “vüsal şairi olmaq, səadətin xoş sədasını vermək” həqiqətən çətin məsələdir. Amma unutmayaq ki, əsl poeziya adamı çox müşkülləri asan edən xilaskar mələkdir. Bu da Sizin – şair anaların öhdəsinə düşən missiyadır.
Şairin lirik qəhrəmanı hətta unutmağı da yaddan çıxaran vəfalı aşiqdir:
“Sən” adlı dünyada qaraydı baxtım –
Bizim yolumuza ayrılıq yağıb!
Sənə söz vermişdim unudacaqdım,
Lənətə gələsən!
Yadımdan çıxıb…
7. Bir qəribə fikrim də var. Mən Aygün xanımın yazıları, düşüncələri, müxtəlif mövzuları əhatə edən hekayələri, esseləri ilə tanış olanda bu qənaətə gəlirəm ki, bu gənc həyatsevər, cəsarətli, bəzən sərt və ötkəm xanım bəlkə də bu dünyaya bir dəfə gəlib, sonra bu dünyadan gedib, daha sonra bu fani dünyaya yenidən qayıdıb. Onun düşüncələri müdrik, həyatın hər üzünü görən, sınaqlardan üzüağ çıxan dünyagörmüş bir insanın beyninin məhsuludur desəm, məncə yanılmaram. Aygün xanım zamanı qabaqlamağı bacaran gənc “ağbirçək”dir:
Bir baxdım: dünyaya gəldiyim gündür,
Bir baxdım: ölümdən o tərəfdəyəm…
8. Zamanımız “halal yeyənə dəli, Vətən deyənə avam, dostu kənara atıb düşməninə can-can deyənlərin” nəfsinin ixtiyarına veriləndən cəsarətli SÖZ ADAMlarını barmaqla göstərmək olar, belələri az tapılan inci kimidir.
Belə inci olmaq böyük səadətdir…
Vaqif Osmanov.

Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidro meteorologiya Departamentinin işçisi,coğrafiyaşünas,şair.

Share: