Azərbaycan ədəbi mühitində elə ziyalılar var ki, onların fəaliyyəti yalnız yazdıqları əsərlərlə deyil, həm də yetişdirdikləri fikir, qoruduqları dil və yaşatdıqları mənəvi dəyərlərlə ölçülür.
Şair-tərcüməçi Firudin Ağazadə də məhz belə qələm sahiblərindəndir. Onun ömür yolu kənddən şəhərə, sadə həyat müşahidələrindən böyük ədəbi düşüncəyə, poeziyadan tərcümə sənətinə uzanan zəngin və mənalı bir yaradıcılıq yoludur.
1950-ci ilin fevralında Lerik rayonunun qədim Zuvand mahalının Pirasora kəndində dünyaya gələn Firudin Ağazadə uşaqlıq illərindən sözə, şeirə və kitaba bağlı bir mühitdə böyüyüb. Orta məktəb illərində divar qəzetlərinin redaktoru olması onun gələcək yaradıcılıq taleyinin ilk işartıları idi. Gənc Firudinin yazmaq qabiliyyəti, zəngin mütaliəsi və bədii düşüncə tərzi məktəb mühitində diqqət çəkirdi. Hələ o illərdə yazdığı şeirlər dillər əzbərinə çevrilmişdi.
1966-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunun — indiki Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olması onun həyatında yeni mərhələnin başlanğıcı oldu. Tələbəlik illərində İsmixan Rəhimov, Oruc Musayev, Ənvər Rza, Zeydulla Ağayev kimi görkəmli filoloq və xarici dil mütəxəssislərindən dərs alan Firudin Ağazadə yalnız dil öyrənməklə kifayətlənmədi, eyni zamanda tərcümə sənətinin incəliklərini də dərindən mənimsədi. Sonralar bu bilik və təcrübə onun peşəkar fəaliyyətinin əsas dayağına çevrildi.
Bakı mühiti, şəhər həyatı onun dünyagörüşünü zənginləşdirsə də, şair kənd ruhunu, doğma torpaq duyğularını heç vaxt itirmədi. Firudin Ağazadənin poeziyasında kənd həyatının saflığı, təbiətin sakit nəfəsi və insan münasibətlərinin səmimiyyəti xüsusi yer tutur. O, kəndin zərif duyğularını şəhər mühitinə böyük mənəvi zövqlə gətirə bilmiş sənətkarlardandır. Bu xüsusiyyət onun “Kəndimin şeirini yazacağam mən” şeirində xüsusilə aydın görünür.
Firudin Ağazadə öz xatirələrində yaradıcılıq yolunun çətinliklərini də səmimiyyətlə yada salırdı. Şair Məmməd Aslanın “Sözü yazmaq bir istedaddır, onu göyərtmək isə ayrı bir istedaddır” fikri onun yaddaşında dərin iz buraxmışdı. Lerikdə yazılan şeirlərin Bakıda çap olunmasının necə çətin olduğunu o illərin ağrılı gerçəyi kimi xatırlayırdı. İlk dəfə “Azərbaycan gəncləri” qəzetində şeirlərinin çap olunması isə gənc şair üçün böyük sevinc idi. Bu xəbəri ona xalq şairi Məmməd Araz vermişdi. Həmin anın həyəcanı və qüruru Firudin Ağazadənin yaradıcılıq yaddaşında unudulmaz iz qoymuşdu.
Şairin poetik duyğuları onun şeirlərində özünəməxsus ahənglə yaşayır:
Nə halətdi, nə qəmdi bu?
Can odlandı, nədəndi bu?
Telli sazda nə dəmdi bu?
Çəkib zilə, oxay, oxay!
Bəmin yanar, zilin yanar,
Kərəm kimi külün yanar.
Dil nə desən, dilin yanar,
De saz ilə, oxay, oxay!
Bu mİsralarda xalq ruhuna bağlılıq, saz-söz ənənəsinə ehtiram və poetik yanğı aydın hiss olunur.
Firudin Ağazadənin fəaliyyəti yalnız poeziya ilə məhdudlaşmayıb. O, “Azərbaycan təbiəti”, “Zəka” jurnallarında, “Azərnəşr”də, “İslamın səsi” qəzetində, Dövlət İdarəçilik Akademiyasında çalışıb, 26 il AZƏRTAC-ın Xarici dillər redaksiyasında tərcüməçi və buraxılış redaktoru kimi mühüm xidmət göstərib. Azərbaycan Mətbuat Şurasında tərcüməçi, Dövlət İmtahan Mərkəzində jurnalistika üzrə ekspert kimi də fəaliyyət göstərən Firudin müəllim uzun illər ərzində bilik və bacarıqlarını gənc nəslə ötürərək layiqli davamçılar yetişdirib.
Bu gün də o, yaradıcılıqdan ayrılmır. Təqaüd yaşında olsa belə, “Qanun” jurnalında tərcümə redaktoru kimi fəaliyyətini davam etdirir. Bu isə onun sözə, dilə və ədəbiyyata sonsuz bağlılığının göstəricisidir.
Firudin Ağazadənin həyat və yaradıcılığı Azərbaycan ziyalısının klassik obrazını yaşadır — sadə, zəhmətkeş, sözə sədaqətli və milli-mənəvi dəyərlərə bağlı bir ziyalı obrazını. Onun poeziyası da, tərcümə fəaliyyəti də eyni amalın — Azərbaycan sözünün yaşaması və zənginləşməsi amalının xidmətində dayanır.
Səadət Sultan Abbasova
Yazıçı-publisist




















