Sovet Azərbaycanında din: Allahla KGB arasında – Cəmil Həsənli yazdı

Sovet Azərbaycanında din: Allahla KGB arasında – Cəmil Həsənli yazdı

Dördüncü yazı

Əvvəli burda

(https://www.mustaqil.az/sovet-az%c9%99rbaycaninda-din-allahla-kgb-arasinda-c%c9%99mil-h%c9%99s%c9%99nli-yazdi/

1959-cu ilin payızında Moskva Azərbaycanda KGB sədrini dəyişməli oldu. Onu Belqorod vilayətinə KGB sədrinin müavini göndərdilər.

1956-cı ilin sentyabrından respublikaya nəzarəti həyata keçirən Fyodor Kopılovs 1959-cu ilin avqustunda Ukrayna KGB-si sədrinin köməkçisi Aleksandr Kardaşov əvəz etdi. O, 1959-cu ilin sentyabr ayında Bakıda işə başladı. Uzun müddət Uralda çilingər və Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsi yanında qiyabi Ali Partiya Məktəbini bitirmiş 7 illik məktəbi bitirdikdən sonra fabrik-zavod texniki məktəbinin məzunu olan Aleksandr Kardaşov Azərbaycanı yaxşı tanımırdı.
Kardaşov Azərbaycanda işə başlayandan az sonra respublikanın sərhəd rayonlarından birində (Naxçıvan MSSR) baş vermiş ölüm işi ilə bağlı bir kolxoz sədrini KGB həbs etmişdi. Və istintaq zamanı o, and-aman etmişdi ki, bir Həzrət Abbas bilir mənim bu işdən xəbərim yoxdur. Onun ifadəsi rus dilinə tərcümə edib Kardaşova verəndə, Aleksandr Vasileviç ifadənin üzərinə dərkənar qoymuşdu ki, “немедленно надо найти Хазрат Аббаса” – yəni “təcili olaraq Həzrət Abbası tapmaq lazımdır”.
Bir mətn şəkili ola bilər
Bir kənarı qopardılan talon və bunu deyən yazı "23 Совершенно секре экз 層 vii 270 2745 Стенографическвя запись FECD БЛИКАНСКОГО СОВЕЩ АНИЯ ОпЕРАТИВНОГО ОПЕР СОСТАВА BA EINZTBTA ГОСБЕЗ ГОСБЕЗОПАСНОСТИ СНОСТИ ПРИ СОВЕТЕ มุน 4 ДРМИ МИНИСТРОВ АДРБДЛЛКАНСКОЙ АНСКОЙ ССР ОсоБыХ ОТПЕЛОВ БАКОКРуГа пво и ОФИЦЕРОВ РАЗВЕДКИ АЗЕРБАЙДИАНСКОГО ПОГР ГРАНИЧНого ОКРУГА. 21 июНЯ 1960 года КАРДАШЕВ. Товврищи! Республиканское советяние оперативанопо. ОпеРЯ" şəkili ola bilər
Bir kənarı qopardılan talon və mətn şəkili ola bilər
Aleksandr Kardaşovun KGB sədri kimi Azərbaycanda ilk böyük tədbiri 1960-cı ilin iyun ayının 21-23-də 3 gün davam edən KGB-nin əməliyyat heyətinin, Bakı Hərbi Hava Hücumundan Müdafiə dairəsinin xüsusi şöbələrinin, Azərbaycanda dislokasiya olan 4-cü ordunun və Azərbaycan sərhəd dairəsi kəşfiyyatçı zabitlərinin respublika müşavirəsini keçirmək oldu.
Hələ may ayının 25-də Kardaşov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yazdığı məktubda müşavirənin gündəliyi barədə məlumat verirdi. Məktubun üzərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Vladimir Semiçastnının dərkənarı vardı.
Daha çox SSRI KGB tərəfindən imzalanmış 00225 nömrəli əmrə uyğun olaraq Qərbin ideoloji təxribatlarına qarşı mübarizənin gücləndirilməsi, kadr məsələləri və struktur dəyişikliklərinin müzakirə olunduğu müşavirədə Aleksandr Kardaşov təhlükısizlik orqanlanın Qərbin mədəniyyət təcavüzü kimi meydana çıxmış stilyaqaçılıq və caz musiqisinə, habelə dini təhlükəyə qarşı çekistlərin hazır olmasını vacib hesab etdi.
Amerika geyim tərzi kimi stilyaqaçılıq və “caz təcavüzü” dövlət təhlükəsizliyi orqanları üçün yeni bir təhlükə kimi meydana çıxmışdı. Millətçiliyə və xarici kəşfiyyat orqanlarına, antisovet təzahürlərə qarşı barışmaz mübarizə aparan KGB 60-cı illərin əvvəllərində bir tərəfdən gündən-günə artan dini “təhlükə”, digər tərəfdən bunun tam əksi olan stilyaqaçılıq və caz musiqisinin timsalında Qərbin frontal mədəniyyət “təcavüzü” ilə üz-üzə dayanmışdı. KGB eyni müşavirədə həm dinə, həm stilyaqaçılıq və caza qarşı mübarizənin effektiv yollarını axtarırdı.
Bakıda stilyaqaların sayı o qədər artmışdı ki, hətta KGB-nin respublika müşavirələrində bunun artıq təhlükəli bir məsələyə çevrildiyi və çoxlu sayda gəncin stilyaqalığa aludə olmaqla qərb həyat tərzinin təsiri altına düşdüyü etiraf edilirdi. Bu barədə respublika KGB-nin 4-cü şöbəsinin baş əməliyyat müvəkkili Məmməd Avdiyevin geniş məruzəsi oldu. O, qeyd edirdi ki, təhlükəsizlik orqanları ən son moda sayılan qərb geyimli, qərb qiyafəli, zahiri görünüşü ilə özünü başqalarından ayıran stilyaqaların respublika gənclərinə təsirinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Onun fikrincə, burjua ideologiyası, qərb həyat tərzi indi gənclər arasında daha eybəcər formada stilyaqaçılığa aludə olmaqda özünü büruzə verir və bu da “mənəvi yoxsulluğun” daha qabarıq nümunəsi olan Amerika həyat tərzinin yayılmasına gətirib çıxarır. Məmməd Avdiyev Nikita Xruşşova istinadən deyirdi ki, “stilyaqaçılıq tam mənəvi düşkünlükdür, Amerika həyat tərzinə aludəçiliyin pis nümunəsidir. Stilyaqaçılığa aludəçilik gənclərin bir hissəsini geniş dövlət işlərindən uzaqlaşdırır, yaradıcı əməyə parazitizm toxumu səpir. Stilyaqaçılıq, ən nəhayət əcnəbiçiliyin qarşısında baş əyməyin və diz çökməyin pis bir təzahür formasıdır, Yoldaş Xruşşovun dili ilə desək, stilyaqaçılıq proletariat diktaturasına qarşı mübarizənin bir formasıdır. Nikita Xruşşovun bunu əcnəbiçiliyin qarşısında diz çökmək kimi qiymətləndirməsi gənclər arasında ziyanlı bir hal kimi təzahür edən stilyaqaçılığa qarşı mübarizə aparmaq üçün bizi daha da səfərbər edir”.
Avdiyev qeyd edirdi ki, stilyaqaçılığa qarşı mübarizədə yalnız çekist metodları ilə məhdudlaşmamalı, komsomol və digər ictimai təşkilatlar xətti ilə gənclər arasında siyasi tərbiyə işi güclənməlidir. O, deyirdi: “Biz ictimai təşkilatların edə bilmədiyini etməliyik. Biz daha qızğın stilyaqaları, onların açıq və gizli toplantı yerlərini, bu toplantıların təşəbbüsçüləri və təşkilatçılarını müəyyənləşdirib ifşa edə bilərik və etməliyik. Mətbuatın, komsomol və digər ictimai təşkilatların köməyi ilə onların ətrafında ictimai rəy formalaşdırmalıyıq və bu yolla həmin zərərli halın başqasına keçməsinin qarşısını almalıyıq”. Həmin vaxt “Komsomolskiy Pravda” qəzeti stilyaqaçılara qarşı geniş yazı vermişdi.
Avdiyev bildirirdi ki, KGB hələ son iki ildə stilyaqaçılığa qarşı mübarizə istiqamətində müəyyən hazırlıq tədbirləri görüb, lakin həmin tədbirlər bir sıra rəhbər işçilər tərəfindən müdafiə edilmədi. Halbuki, onun fikrincə, cinayət haqqında xəbərdarlıq etmək günahkarı cəzalandırmaqdan daha yaxşıdır və əlavə edirdi ki, “əgər biz stilyaqaçılıqla uğurlu mübarizə apara bilsək, bu partiya və hökumətin bizdən tələb etdiyi əsl profilaktika işi olacaq”. (Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin operativ heyətinin, 4-cü ordu Bakı dairəsi Hava Hücumundan Müdafiə qoşunlarının xüsusi şöbəsi və Azərbaycan sərhəd dairəsi kəşfiyyatçı zabitlərinin respublika müşavirəsinin stenoqramı. 21-23 iyun1960).
Dövlət təhlükəsizliyi orqanlarının bu istiqamətdə apardığı yoxlamalar əksər stilyaqaların vəzifəli şəxslərin uşaqları olduğunu göstərmişdi. Qəribə də olsa onların böyük əksəriyyəti Bakıda yaşayan rus, erməni, yəhudi gəncləri deyil, rusdilli azərbaycanlılar idi. Az sonra stilyaqaçılıq kənd rayonlarında ayaq açmağa başladı. Məmməd Avdiyevin fikrincə sovet məktəbində ocumuş, komsomol sıralarını keçmiş gənclərin stilyaqaçılığa yoluxması, Amerika cazının təsirinə düşməsi KGB üçün gözlənilməz olmuşdu. KGB-nin bütün cəhdlərinə baxmayaraq stilyaqaçılığın və cazın qarşısını almaq mümkün olmadı. Amerikalı tarixçi Eleanor Gilburdun sözlərinə görə, 50–60-cı illərdə Sovet həyat tərzi ciddi şəkildə Amerika həyat tərzinin təsiri altında idi. “Amerikanizm” Sovet İttifaqında stilyaqaçılıq, cins geyimlər, Hollivud filmləri, caz və rok musiqisi vasitəsi ilə yayılırdı. (Eleonory Gilburd. To See Paris and Die: The Soviet Lives of Western Culture. Harvard University Press, 2019, pp. 8-9.)
Müşavirədə məsələ belə qoyulurdu ki, stilyaqaçılıqla yanaşı caz musiqisi Sovet sistemin dağıtmaq üçün ABŞ-ın həyata keçirdiyi mədəniyət təcavüzüdür. Çıxışlarda qeyd edilirdi ki, “biz onların axırına çıxmasaq, onlar bizim qruluşu dağıdacaqlar”. Caz ifaçılarının, həvəskarlarının və stilyaqaların siyahısı, ev ünvanları, toplanış yerləri haqqında məlumatlar KGBK-də var idi. Onlar daha çox Nizami küçəsində (Tarqovıda) ayrı-ayrı mənzillərdə görüşürdülər. KGB həmin mənzilləri nəzarətə götürmüşdü. Onların içərisinə öz adamlarını salmışdı.
Hələ Amerika cazı Azərbaycana yeni ayaq açanda – 1957-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev Respublika Bəstəkarlar İttifaqının sədri Qara Qarayevə dedyirdi ki, “hind kino-filmlərinin musiqisi bütün millətlərin xoşuna gəlir. Çünki milli forması vardır, xəlqilik əsasında yazılmışdır, Amerika cazı üzərində qurulmuş olsaydı, onda bu musiqiyə heç kəs qulaq asmazdı.”
Lakin KGB-nin bu müşavirəsindən 3 il sonra – 1963-cü ilin martında keçirilən Azərbaycan ziyalılarının respublika müşavirəsində də “bədnam Amerika cazı” əsas hədəf olaraq qalırdı. Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Xasay Vəzirov öz məruzəsində qeyd edildi ki, “Azərbaycan bəstəkarları müasir nikbin estrada musiqisi yaratmağa lazımınca fikir vermirlər. Bunun nəticəsində indi bizdə Qərbin burjua caz musiqisinin gənclərə təsiri göstərməsinə müəyyən bir şərait yaratmışdır. Gənclərin bir hissəsi onların zövqünə və tərbiyəsinə ancaq mənfi təsir göstərən Amerika cazı nümunələrinə aludə olmuşdur. Qərb təbliğatı və xüsusən xarici radiostansiyalar öz caz məhsullarını canfəşanlıqla təbliğ edirlər. Bədnam “Amerika həyat tərzinin” rəmzi olan cazın ideya təsirindən gəncləri qorumaq üçün bəstəkarlarımız gənclərin ruhunu oxşayan, dövrümüzlə səsləşən müasir estrada musiqisi yaratmalıdır.” Bir sıra inzibati qadağalara baxmayaraq Azərbaycanda cazın qarşısını almaq mümkün olmadı və Moskva-Leninqraddan sonra Bakı SSRİ-nin üçüncü caz mərkəzi kimi formalaşdı.
Stilyaq və caz aludəçilərini KGB tez-tez profilaktik söhbətlərə çağırıdı, onları “tərbiyələndirmək” istəyirdilər. Hətta, Moskvaya Amerika cazmeninin konsertinə Bakıdan bilet alıb gedənlərin siyahısı da KGB-də var idi. Bugün də Azərbaycanda və ondan kənrarda ictimai-siyasi, “mədəni” həyatda fəallığı olan bəzi keçmiş komsomol drujinaçıları caz həvəskarları və stilyaqları güdür, onlar haqqında mərkəzi orqanlara və KGB-yə məlumatlar verirdilər. Yeri gəlmişkən həmin komsomol “drujinaçılardan” hələ də sağ olanlar var.
Məruzəsinin xeyli hissəsini Məmməd Avdiyev dinlə mübarizəyə həsr etdi. O, qeyd etdi ki, KGB-nin mühüm vəzifələrindən biri də mürtəce ruhanilərin fəaliyyətində baş qaldırmış antisovet cəhdlərə qarşı mübarizə aparmaqdır. Avdiyev dedi ki, son illər müsəlman ruhanilərinin mürtəce hissəsi səbatsız adamları öz təsirlərinə salır, onlara dini fanatizm aşlayırlar. O bildirdi ki, Bakıda fəaliyyət göstərən rəsmi məscidlərə yanaşı respublikanın rayonlarında çoxlu saydı qeyri-qanuni məsçidlər açır, orada dini ayinləri icra edirlər. Avdiyevin fikrincə müsəlman ruhaniləri xüsusilə yalnız yaşlı adamların deyil, gənclərin də iştirak etdiyi məhərrəmlik matəmi günlərində daha da fəallaşırlar. Bu mərasimlərdə özünə xəsarət yetirən dindarların sayının artmaqda olduğunu da o, bildirdi. Avdiyev müvafiq orqanların qeyri-leqal mollalara qarşı tədbir görmədiyindən şikayətləndi və əaləvə etdi ki, yaxın iki il ərzində biz gərək dini sektant qrupların, ziyarətgaha çevrilmiş “müqəddəs yerlərin” və qeyri-leqal mollaların axırına çıxaq. Amma çıxa bilmədilər…
Ardı var
Share: