Son illər su ehtiyatlarının ölçülməsinə az diqqət yetirilib

Su ehtiyatlarının ölçülməsi çox önəmli amildir. Amma etiraf edək ki, son illər buna az diqqət yetirilib.

“-Economics”in xəbərinə görə, bunu Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Şirinov bildirib ki, agentliyin yeni strategiyası həm yeraltı, həm də yerüstü su ehtiyatlarının miqdarını təhlil edib düzgün analiz aparmağa imkan verəcək.

“2022-ci ildə yerüstü su ehtiyatları 17 mlyrd. kub olub. Bu da Azərbaycanın çoxsululuq dövrü (ötən əsrin 60-cı illərdən 90-cı illərədək) ilə müqayisədə təqribən 43 faiz daha azdır. Azərbaycanın yerüstü su ehtiyatları maksimum 30 milyard kub olub”.

“Yeraltı su ehtiyatları ilə bağlı da rəqəmləri daha dəqiq öyrənmək üçün işlər görüləcək. Qeyd edim ki, 8 milyard kub yeraltı su ehtiyatı var ki, bunun da bir hissəsi Qarabağın payına düşür”.

O qeyd edib ki, artıq dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı yeni layihəyə start verilib.

Qarabağla bağlı görülən işlərdən danışan agentlik rəsmisi bildirib ki, Sərsəng su anbarının yenidən təmir və bərpasına başlanılacaq: “Bundan başqa, qeyd edim ki, Qarabağdakı bolsulu çaylardan da istifadə edərək yeni su anbarları inşa ediləcək. Əldə olunan sudan həm də Aran zonasında istifadə ediləcək”.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi işə başlayıb. 97 ölkədən 16 şirkət Bakı Su Həftəsi sərgisi çərçivəsində öz məhsullarını nümayiş etdirirlər.

Qeyd edək ki, sərgi martin 14-dək keçiriləcək.

Share: