Son günlər erməni silahlıları ilə bağlı 6 cinayət işi başlanıb

“Ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99 %-i açılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri hərbi prokuror Xanlar Vəliyev “Respublika” qəzetindəki məqaləsində qeyd edib.

X.Vəliyev bildirib ki, açılan işlərin sırasında 30 ilə yaxın müddətdə bağlı qalmış xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə cinayəti də var: “Belə ki, əsgər P.H.İsgəndərovun 19 may 1995-ci il tarixdə Ağstafa rayonu ərazisində odlu silahdan atılmış atəşlər nəticəsində ölməsi faktına görə başlanılıb və sonradan icraatı dayandırılmış cinayət işi üzrə icraat təzələnərək, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Həmin idarədə məharətlə aparılan istintaq zamanı əsgər P.H.İsgəndərovun hərbi qulluqçu yoldaşı əsgər H.H.İsaxanov tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olduğundan, sonuncu cinayət məsuliyyətinə cəlb edlərək, onun məhkəmə qarşısına çıxarılması təmin edilib və barəsində ittiham hökmü çıxarılıb”.

Hərbi prokuror əlavə edib ki, qəsdən adam öldürmə cinayətləri 33,3%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və  özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.

X.Vəliyev qeyd edib ki, son günlər erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət faktları əsasında Hərbi Prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 cinayət işi başlanılıb və mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib.


Share: