“Sizi qıcıqlandırırsa, məni bloklayın”

“Allaha olan məhəbbət sevgilərin ən gözəlidir. Ondan başqa kim üçün oxuyasan? Ondan böyük gözəllik yoxdur. Ötən dəfə bunu çəkib, paylaşmağa qərar verdim. Yazılan şərhləri oxuyub gördüm ki, bu, çoxlarına toxunub. Bir dostum zəng edib ki, həmin videonu sil, narazılığa səbəb olub. İstədim sizdən soruşum ki, niyə silim?”.

“Qafqazinfo” xəbər verir ki, bunu müğənni Çingiz Mustafayev sosial şəbəkə hesabında paylaşıb.

O bildirib ki, bir neçə gün öncə dini mahnı oxuduğuna görə tənqid olunub:

“Orada iki cümlədən istifadə etmişəm. Allahdan başqa Allah yoxdur. Azan oxumamışam və yazmamışam ki, bu azandır. Dərviş musiqisi oxumuşam. Kimsə sevgisini qorxuyla, şiddətlə bildirir, mən isə belə. Mənim aləmimdə Allah eşq, nur, sevgi, işıq, gözəl nə varsa, odur. Şərhləri oxudum və bəzilərini sildim. Çünki düşüncə başqalarını da zəhərləyə bilir. Mən də bəzi həmkarlarım və ya başqa insanlar kimi, söyüşlə video çəkib, neqativ fikirlər səsləndirsəm, sizi də zəhərləmiş olardım. Yazmışdılar ki, “Cəhənnəmdə yanacaqsan, Allahdan qorx, sənə kim ixtiyar verib ki, Allahdan oxuyasan?”. O dostlarımdan xahişim budur ki, yaradanımla aramda olan ünsiyyətə qarışmayasınız. 

Mən insanları buddist, müsəlman, xristian olaraq ayırmıram. Bəlkə bu fikrimə görə məni mühakimə edəcəksiz. Dinindən asılı olmayaraq səhvi hər kəs edir. Məqsədim əsla qəlbinizə dəymək deyil. Sözlərimdə əgər qəlbinizə dəyən bir nüans varsa, üzr istəyirəm. Allah haqda oxumağım sizi qıcıqlandırırsa, xoş gəlmirsə, məni bloklayın. Bu eşq yolunda özünü itirməsən, özünü tapa bilməzsən. Dəli olmasan, bu eşqi yaşaya bilməzsən”.


Share: