Siyasi leksiyonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir

 

Müstəqil.Az bildirir ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəsmi dövlət qeydiyyatından keçməsindən 25 il ötür.

 

Partiyanın siyasi şurasının üzvü, İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın keçdiyi yola qısa nəzər salıb və özünün FB səhifəsində paylaşım edib:

 

“VHP Əbülfəz Elçibəy iqtidarı zamanı təsis edilib, 7-ci siyasi partiya olaraq qeydiyyata alınıb.
Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil:

nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi;

birlik olmadan nə müsavatdan, nə də bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan;

nə ana vətən qoruna bilər, nə ana torpaq…

 
Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin varoluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.

 

Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin təsis qurultayında irəli sürülən ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir.

 

Siyasi leksiyonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir.

 

Partiyanın təsis qurultayında irəli sürdüyü “Nicatımız – Vətəndaş Həmrəyliyidir” şüarı bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır.

 

VHP 25 il ərzində ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, insan hüquq və azadlıqlarının bərqarar edilməsi, azad seçkilərin təmin edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir.


Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir. 


Bütün partiyadaşlarımı və təəssübkeşlərimizi təbrik edir, fəaliyyətlərində uğur diləyirəm”.

Müstəqil.Az

Share: