Sirli məkanın işığı… – Rəfail Tağızadə yazır

 

Adamı ovsunlayan, hər küçəsi bir tarix olan, yaşadıqlarını evlərin daşlarına, divarlarına yazan İçərişəhərdə özünü möcüzələr aləmində hiss edirsən. Bu şəhər haqqında yazılan əsərlərin sətirləriylə addımladıqca, döşəmə daşların ayaqlara etdiyi pıçıltılar qulaqlara kimi gəlib çatır.
Burada müasirləşən adlar rəmzidi.
İnformasiyanın 70%-ni təşkil edən gözlər divar daşlarındakı əl izlərinə baxa-baxa səni istədiyin ünvana çatdırır.
Artıq neçə vaxtdı hər bura gələndə hiss və duyğularını əsərlərinə hopduran Təranə Məmmədin “Sirr” kitabındakı Elçinin babasının müqəddəs məkanını axtarıram. Gözüm bu dar küçələrdəki cütlükləri Elçinlə Aynaya oxşadaraq.
İnsanda, əsərdə işıq axtaran və onu çox böyük məharətlə yazıya köçürən Vaqif Osmanovun bu ecazkar şəhərin dalanlarına saldığı işıqla doğma məkana yetişirik.
Bu da “Sirr” kitabını oxuyanların “Book house” adlandırdıqları kitab evinə çevrilən axtardığımız ev. Burda tanımadığımız insanların üzünə hopan Təranə xanımın doğmalığı uzaqdan hiss olunur. Təranə xanım “Sirr” kitabının oxucuları ilə görüşünü məhz bu müqəddəs, xoş ovqat yaradan məkana salması da təsadüfi deyil. Bu, əsərdə cərəyan edən hadisələrin yaşantılarını yaşadan məkanı oxuculara göstərmək istəyindən doğurdu.
Evdəki qədim əşyalar kitablarla əvəzlənmiş, skripkanın yerinə “Sirr” kitabı qoyulmuşdu. Lampanın yerində ətrafa xüsusi işıq saçan müasir lampa vardı.
Təranə xanımın səmimiyyəti isə məclis iştirakçılarının könlünə fərqli bir işıq salırdı.
Bura hər şeydə ancaq gözəllik axtaran Təranə xanımın qızı Aysel xanımın zövqünə uyğun çox gözəl düzəlmişdi.
Bu səmimi ortamda “Sirr”dən, ədəbiyyatdan söhbətlər edildi, fikirlər bölüşdü. Bu təqdimat yadda qalan, ürəkləri oxşayan, insanları və ədəbiyyatı dəyərləndirənlərin, sözə dəyər verənlərin söz məclisi oldu.
İlk dəfə bir-birini görənlər də bu görüşdən doğmalar kimi ayrıldılar. Təranə xanımın və “Sirr”in sehrinə düşərək…

Rəfail Tağızadə

Müstəqil.az

Share: