Sirli adamlar (eskiz) – Pərviz CƏBRAYIL yazdı

Ətrafımızda qeyri-ordinar, davranışları ciddi müşahidə və təhlil tələb edən tiplər var. Onların çoxunu elə bu sosşəbəkələrdə görürük.
Məsələn, artıq müəyyən ünsiyyətinız yaranmış biri sizə yazır:

– Günaydın. Necəsən?
Və ya salam, ya sabahın xeyir. Ya sadəcə adınızı yazır və daha heç nə. Hətta orasını anlamırsan ki, bu bir xitabdı, sualdı, ya sadəcə sənin adını bildiyini çatdırmaq cəhdidi. Sən də kimisə cavabsız qoymağı qeyri-etik sayanlardansansa, dədənin evi yıxıldı, çünki özün də bu qaydayla vaxtında cavab almamağı ağır qəbul edirsən. Hə, dərhal adama cavab yazırsan. Yaşıl işığı yanır. Girir, çıxır, ara-bir kiməsə layk da tullayır, ancaq sənin yazdığına baxmır, sadəcə əsəblərini tarıma çəkir. Çünki anlamaqda çətinlik çəkirsən. Üstəlik də hansısa nevrozun varsa, yaxud dərmanlardan bədənin dəhşətli allergiya veribsə…
Hardasa 7 saat aktiv yaşıl işığıyla gözünü kor, əsəblərini darmadağın edəndən sonra yazır: – Yaxşıyam. Sən necəsən?
Düşünürsən ki, cavab yazmayım. Zatən verdiyi sual ritorikdi. Ancaq yenə lənətəgəlmiş tərbiyə. – Deyəsən çox məşğulsan? – yazırsan.

Çatdırmaq istəyirsən ki, adam, fikrin nədi sənin, ələ salırsan, məzələnirsən? İllah zəhərlənməkmi istəyirsən?
Əlbəttə, on saat sonra böyük tərbiyə sərgiləyib üzr istəyir və bir məsələnin həlliylə məşğul olduğunu səbəb göstərir. Sən də “Uğur olsun, barı qaydasına düşdümü?” – deyib indi adamın normal şəkildə yazcağını düşünürsən. Deyirsən bəlkə də möcüzə baş verdi və onun sənə yazmaqda məqsədinin nə olduğunu anladın.
Ancaq bir də gecə yarı yazır: – Yatmayıbsan?
Təbii bu sualı, ümumiyyətlə, istənilən sualı verən adam qanuni olaraq cavab istəməlidi. Sən də artıq əsəbləri gərilmiş halda yazırsan: – Yox.
Adam bir saat yaşıl işıq dalğaları altında nervlərini künfəkun edəndən sonra məcbur olub o “yox”un ardıyca ələ salındığını düşünüb yazırsan: “Deyəsən sən yatıbsan?” Halbuki onlayndı.
Cavab gözləmədən hirslə telefonu təyyarə rejiminə qoyub yatmağa çalışırsan.
– Yatmamışam… – yazır, səhərə yavuq telefonu açanda səndən iki saat sonra yazdığını görürsən. Demək, verdiyi sualdan düz iki saat sonra sənə yazıb. O zaman sənin yatıb-yatmadığnı soruşmaqda qəsdi nəymiş? Anandı, atandı, balandı, ərindi, arvadındı, sevgilindi?
– İndi də onlayndı və eyhamla onun yatmadığını bilməyəcək qədər eşşək olmadığını çatdırmaq üçün onun “yatmamışam”ına cavab olaraq yazırsan ki, “hə, bilirəm, yatanda uzağı bir iki dəqiqə onlayn görünəndən sonra yaşıl işıq sönür. Səndə isə yaşıl işıq günəş kimi nur saçır”.
Əlbəttə, cavab yazmır və əsəblərini sakitləşdirmək üçün bir ovuc valerian-ekstrakt atıb yatmağa çalışırsan. Bir də ayılanda baxırsan ki, sübh altıda yazıb: “Maşallah, sən də gecələr yatmırsan…”
Bu tipləri ədəbiyyata gətirmək lazımdı. Əks halda onların nə istədiyini çözə bilməyəcək və ola bilsin ruhi müvazinətimizi itirib elə onların özünəcə əsəblərimizdən gileylənəcək, onlar da bizə çox səxavətlə belə məsləhət verəcəklər:
– Sən mütləq həkimə get. Nə olur-olsun, mənə də nəticəni yaz… Sənə görə çox narahatam!

Share: