Şeytana yoldaş olmaram…- Eynulla Sadıq

Laçın elinin ustad şairi Eynulla Sadığın 67 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, yaradıcılıqda uğurlar arzulayırıq. Şeirlərini  təqdim etmədən öncə şair haqqında qısa məlumat verək:

Axundov Eynulla Sadıq oğlu 5 aprel 1957-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində dünyaya göz açmışdır. Orta təhsilini bitirdikdən sonra 1975-1979-cu illərdə Xankəndi Pedaqoji İnstitutunun Filalogiya fakültəsində Azərbaycan dili və ədəbiyyat ixtisasına yiyələnmişdir. 40 ildən çox müəllimlik təcrübəsi ilə bərabər 16 illik dövlət qulluğu təcrübəsinə malikdir.

Yaradıcılığa gənc yaşlarından başlamış, həmin vaxtdan bu günədək şeirləri və ədəbi yazıları müxtəlif mətbu orqanlarda işıq üzü görmüşdür. İki şeir kitabının (“Mən necə qocaldım” – 2007, “Hara gedir bu insanlar” – 2022) müəllifidir.

Şair Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qarakeçdi Ədəbi Məclisinin rəhbəridir.

GÖZƏLDİR

Zirvəyə qalxınca könlün atlanır,
Demək, alçaqdansa, uca gözəldir.
Gedəsən Lilpara, Qızılboğaza,
Səni sərin külək quca, gözəldir.

Daha nə gözəldir, deyim, ay bala,
Pir, Çöplü, Ağbaba… özün sadala.
Dağ döşündə ağır ellər yurd sala…
Dağlar ulu, dağlar qoca gözəldir.

Gözəldir, zirvədə görünən qarsa,
Döşdə tərəkəmə alaçıq qursa…
İnsanın namusu, vicdanı varsa,
Hacı yaraşırsa Haca – gözəldir.

Gözəldir, ürəkdə qalmaya həvəs,
Güldəki təravət, bülbüldəki səs.
İçdən mərhəmətli, insaflı hər kəs
Kömək eyləyirsə aca – gözəldir.

Gözəldir, Eynulla vətəndə ölsə,
Yasına dost-tanış, el-oba gəlsə.
Əgər bir ölkənin şahı adilsə,
Başı layiqdirsə taca – gözəldir.

BAYATILAR
(Kəndimə xəyali səyahət)

Bu yer Yeddibölükdür,
Suyu bölük-bölükdür.
Dağların həsrətiylə
Bağrım dəlik-dəlikdir.

Bu yer Pir yaylağıdır,
Suyu dərdim dağıdır.
Gözlərimdən axan yaş
Ürəyimin yağıdır.

Bu yer Qayabaşıdır –
Tarixlərin yaşıdı.
Qərib axan suları
Gözlərimin yaşıdır.

Çaxmaq çəkdim, qov kəsdi,
Yolu qar-qırov kəsdi.
Boylandım vətən sarı,
Aranı Murov kəsdi.

TAPILMIR
(Divani)

Üzümü nəyə çevirdim, bu həyatda tapılmır,
Əvvəlki mehri-məhəbbət, ünsiyyət də tapılmır.
Varlanmağın ehtirası tor gətirib gözlərə,
Mərd – muzeyə qoymaq üçün cəmiyyətdə tapılmır.

Bəxtəvər o illərə ki, ağlım heç nə kəsmirdi,
Bu dünyanın qəm küləyi başım üstdən əsmirdi.
İnsan adi sözdən ötrü bir-birindən küsmürdü,
Aralıqda heç etibar, sədaqət də tapılmır.

Ağsaqqallar var idi ki, sözü dağlar aşırdı,
Dediyi bircə kəlmədən qanlılar barışırdı.
Bu dünyaya inamımı nabələd, naşı qırdı,
İynənin ulduzu qədər ədalət də tapılmır.

Təsadüfən başa keçən deyir ki: “mən ucayam,
Cavan qalmağıma baxma, ağsaqqalam, qocayam,
Şöhrətli bir nəsildənəm, babam kimi xocayam!”
Özündə bir zərrə qədər səxavət də tapılmır.

“Mənəm” deyib guruldayır möhür tutan əl indi,
Yuxarıkı başa keçir yalan deyən dil indi,
Rüşvət ilə cilovlanır daşqın axan sel indi,
Əməlindən bircə nəfər xəcalət də tapılmır.

Geri dönə saf məhəbbət, nadanı görk eyləyə,
Eşqində sadiq olmayan meydanı tərk eyləyə,
Dirilə adil babalar, qanunu bərk eyləyə,
Nədəndir bu zəmanədə dəyanət də tapılmır.

Eynullayam, dağlar çəkər bu dövran ürəyimə,
Şərik çıxar qazandığım halal duz-çörəyimə.
Şərəfsizin bəd əməli dərd yığar kürəyimə,
Qeyrət, namus, abır, ismət, mərifət də tapılmır.

ŞEYTANA YOLDAŞ OLMARAM
(Misradaxili qafiyə)

Gecikmiş davam, dərmanım,
Gəlməsin kədər hayıma.
Bezikmiş havam, asmanım,
Ölməsin hədər vayıma.

O dağa hörmət canımda,
O çağa həsrət anımda…
Alçağa nifrət qanımda,
Gülməsin qəhər payıma.

Nadana qumaş almaram,
Cahana sirdaş qalmaram,
Şeytana yoldaş olmaram,
Salmasın zəhər çayıma.

BAX, BAX, BAX
(Mükərrər gəraylı)

Dedim ki, yanır can, can, can,
Qayıt, külümə bax, bax, bax.
Gözəl, halıma yan, yan, yan,
Bişən dilimə bax, bax, bax.

Aşiqdə olsa baş, baş, baş,
Salmaz başına daş, daş, daş.
Dayanmır gözdə yaş, yaş, yaş,
Axan selimə bax, bax, bax.

Eynulla, dərdin bol, bol, bol,
Qoyma bu əmrə qol, qol, qol,
Məcnunam, bu da yol, yol, yol,
Sonsuz çölümə bax, bax, bax.

YALTAQ VƏ PAPAQ

Kişilik eşqinə düşdü yaltaq,
Kimdənsə eşitmişdi,
Kişiliyin bir şərti də papaqdır, papaq.
Şəhəri əldən salıb
Bir papaq aldı,
Özü öz gözündə bir boy ucaldı.
Papağı qoyub başına
Qayıdırdı evinə,
Körpə uşaq kimi sevinə-sevinə.
Yolda kimi gördü – müdir Məsimi,
Tez donqarlanıb əyildi yerə kimi.
Papaq başından düşüb toza bulaşdı,
Məsim dodaqaltı salam verib
Bir balaca qımışdı.
Bir qoca görürdü bu halı,
Söylədi yana-yana, yaralı-yaralı:
Papaq əyilməyi sevməz,
Dərdimi artırma, a bala.
Başına papaq qoymağı
Qoy daşın altına, a bala.

Share: