Sevinc Azadlı: Alovu söndürməyin yolunu su da bilmir

Sevinc Azadlı: Alovu söndürməyin yolunu su da bilmir

Düşmüşəm

Bu üç-beş günlük dünyaya
Bilmədən qonaq düşmüşəm.
Yerim bəlli, yurdum bəli,
Mən bura nahaq düşmüşəm.

Nəfəs alıb bircə canlıq,
Yolumu azdım bir anlıq.
Birinə zülmət qaranlıq,
Birinə çıraq düşmüşəm.

Gecəm sonsuz, vermir bəhər,
Qəm cücərir eh, hər səhər.
Sevinc arayıb bir təhər
Axtarıb soraq düşmüşəm.

Dərd axır gün-güzarımdan,
Qulaq batır azarımdan.
Allah, sənin nəzərindən
Mən niyə iraq düşmüşəm?

Candır da, heç vaxt sıxılmaz!
Ümid tikibdir, yıxılmaz!
Düşdüyüm dərya çıxılmaz
Bermud üçbucaq, düşmüşəm.
05.06.2026

Bəxtəvər, bu da bilmir

Qısılıb ürəyimin küncünə ağlayıram,
Tonqal çatıb ruhumu atmışam oda, bilmir.
Şişə çəkib qəlbimi ocaqda dağlayıram,
Alovu söndürməyin yolunu su da bilmir.

Dərdlər boy cərgəsinə dəstə-dəstə düzülüb,
Canım namərd oxundan tiftiklənib süzülüb,
Əllərim Yaradandan, ayaq yerdən üzülüb,
Mənim kimi havada süzməyi qu da bilmir.

Gecələrin ayağın gündüzə bağlayıram,
Ayın soyuq bağrını günəşlə dağlayıram,
Yüz dəfə yıxılsam da bir dəfə ağlamıram,
Deyirlər kədər nədir bəxtəvər, bu da bilmir.

Mən içimlə yanıram, özgələrsə çölümlə,
Gülləri sönük qalır qiyasında külümlə,
Ciling ağac oynayıb əylənirəm ölümlə,
Əzrail ha çalışır hələ ki, uda bilmir.
22.10. 2024

Dilimi qurban kəsdim

Ağartdım gur saçımı yollarında, biləsən,
Ayrı rəngə boyayıb, telimi qurban kəsdim.
Yetməyəndə neçə min arzuma, istəyimə
Dilənməsinılər deyə əlimi qurban kəsdim.

Günü həftəyə qatdım, vaxtı hədər eylədim,
Ömrü yıxıb sürüdüm, ölənədək teylədim,
Alınmadı heç cürə, alınmadı neylədim,
Ayları nəzir dedim, ilimi qurban kəsdim.

Gecələri yatmadım aydın sabahı pusdum,
Sübhədək gözlərimi göyün üzündən asdım,
Haqsız oldun, önündə yenə lal oldum, susdum,
Asi düşməsin deyə dilimi qurban kəsdim.
21.06.2025

Çıxdı

Küsü saxlamazdım düşmənə qarşı,
Dost qırdı, içimdən yekə kin çıxdı.
Məndən ələndilər inandıqlarım,
İtaət etdiyim kitab, din çıxdı.

Düşdü əllərimə sehirli çıraq,
Yazıq Ələddinin gözündən iraq.
Üç arzu, istəyin başını burax,
Qarşıma çox qəvi şeytan, cin çıxdı.

Ağrı qamçıladı şər qarışanda,
Həsrətin vüsalla sərt yarışında.
Nifrətin sevgiylə hər barışında
Yenə ümid bitdi, yenə gün çıxdı.

Elə hey qınadı dostum, tanışım,
Hansı birin deyim, hansın danışım.
Allah götür məni sənə qarışım,
Bir də baxdın məndən ağır ün çıxdı.
21.04.2026

Sənlə

Sənlə neçə dəfə toplandıq görən,
Sənlə neçə dəfə bölünüb çıxdıq?
Hördük aramıza qalın bir divar,
Neçə baxışlarla dağıdıb yıxdıq?!

Son dedik, qayıdıb əvvələ döndük,
Od alıb gurladıq, su düşdü söndük.
Küsdük lal oynadıq, barışdıq dindik,
Yenə sabahlara ümidlə baxdıq.

Bir ulduz parladı, bir günəş söndü,
Bir günün axırı gecəyə çöndü.
Buz tutdu duyğular şüşəyə döndü,
Hər şeyi qismətin adına yaxdıq.
13.03.2026

Olma

Yerini-yurdunu bil məclislərdə,
Atılıb lap başa çıxandan olma.
Düşmə gəl ağzına elin-obanın,
Tutub silkələrlər, yaxandan olma.

Yoxluğun ardınca çalış az deyin,
Nəyin var, nəyin yox gəl, onu geyin.
Özgə libasıyla nə badə öyün,
Çəkib çıxardarlar, çuxandan olma.

Çox eşit, az danış dərin quyu ol,
Səmanın günəşi, odun suyu ol.
Səy göstər edəsən savabını bol,
Fitnənlə evləri yıxandan olma.

Sevin dostlarının uğurlarına,
Əməlin gül düzsün cığırlarına.
Çatanda ömrünün axırlarına
Geriyə qüssəylə baxandan olma.

Gün gələr, ay keçər, tamam olar il,
Haram qazancını eyləyər batil.
Burnundan tökülər bil, fitil-fitil
Halal qazandığın yuxandan olma.

Adam kamilləşər hər ötən yaşla,
Sabaha sabah yox, bu gündən başla.
Şeh olsan qəlblərə susamaz əsla,
Dağıdıb sel kimi axandan olma.
24.03.2026

Share: