Seks kasetləri, səs yazıları ilə ABŞ prezidentlərini şantaj edən – FTB şefi

“Hansı məmur əlində olan şantaj dosyeləri sayəsində 48 il müddətinə ölkəsinin kəşfiyyat qurumuna rəhbərlik edə bilib” sualı ortaya çıxanda ağla yalnız Con Edqard Hoover gəlir. Hover əlində olan ABŞ prezidentlərinin seks dosyeləri sayəsində 48 il müddətinə Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik edib.

Teleqraf.com bir sıra məşhur şəxslərin dünyanın üçüncü diktatoru kimi təqdim etdiyi Con Edqard Hooverin dosyesini təqdim edir.

Hoover FTB-nin qurucusu və ilk rəhbəri olub. 1924-cü ildən 1972-cı ilə qədər FTB-yə rəhbərlik edib. FTB-yə 25 yaşında rəhbərlik etməyə başlayıb. Hətta 1972-ci ildə vəfat edəndə belə FTB-yə rəhbərlik edirdi.

Hoover ABŞ Prezidenti Kalvin Kulic dövründə FTB-yə rəhbərlik etməyə başlayıb. Daha sonra Herbert Huver, Franklin Ruzvelt, Harri Trumen, Con Kennedi, Lindon Conson, Riçard Nikson, Duayt Eyzenhaer kimi prezidentlər onunla işləməyə sadəcə məhkum olub.

Tarixi mənbələr iddia edir ki, Hooverin bu sayda prezidentlə işləyə bilməsinin tək səbəbi var – şantaj.

ABŞ Prezidenti Harri Trumen 12 may 1945-ci ildə yazdığı bir qeyddə Hovver və komandası haqqında “Başları dərdə girdikdə istifadə etmək üçün hər kəsin haqqında seks dosyeləri və şantaj sənədlərini ortaya çıxarırlar” yazır və “belə gedərsə bizim də Gestapomuz olacaq” deyib.

Məsələn, Kolumbiya Universitetinin media və siyasət üzrə doktoru Devid Eisenbacın “The Beltvay Unbuckled” adlı araşdırmasında qeyd edir ki, Ellen Rometsch Qərbi Almaniya zabitinin xanımı olaraq Vaşinqtonda fahişəlik edib. Onun Prezident Kennedi ilə birlikdə olduğu dövlət strukturları daxilində yayılandan sonra Kennedi prezidentlik dönəmində ən pis qalmaqalını yaşamalı olub.

Hətta 1963-cü ildə Senatın Araşdırma Komissiyası Qərbi Almaniyadan köçkün bir fahişə ilə adı hallanan Kennedinin prezidentliyini itirməsinə səbəb olacaq araşdırmalara başlayıb. Əslində isə Ellen Rometsch fahişə deyildi. Onun KQB üçün casusluq etməsinə dair şübhələri olub. Məhz bu halda Kennedi son 2 ildir vəzifədən qovmaq istədiyi FTB şefi Hooverdən möhkəm yapışaraq işləri qaydaya salmasını xahiş edib.

Qəribədir ki, özünün işdən çıxarılmayacağı şərtini Kennedi qardaşlarına qəbul etdirən Hovver həmin gün demokrat senator Mike Mansfeld və respublikaçı senator Everett Dirksenlə görüşüb. Bu görüşün detalları mediya üçün aydın olmayıb. Amma Hoover həmin görüşdə respublikaçı və demokratların liderlərinə əlində olan dosyeləri göstərərək “əgər Kennedinin intim həyatı haqqında araşdırma dayandırılmasa Vaşinqton heç kim üçün təhlükəsiz şəhər olmayacaq” deyib. Bundan bir necə saat sonra Senat Kennedi haqqında araşdırmanı dayandırdığını elan edib.

Araşdırmaçı Devid Eisenbacın dediyinə görə, Con Kennedi bir neçə gün sonra qəzetçi dostu Ben Bradle ilə görüş zamanı “Hovverin senatorlar haqqında sahib olduğu çirkli informasiyaların nə dərəcədə geniş olduğunu bilsən təəccübdən ölərdin” ifadəsini işlədib.

Hoover eyni zamanda irqçiliyə qarşı çıxışları ilə dünyada məşhurlaşan Martin Lüter Kinqin bütün danışıqları, yaşam tərzi, hərəkətlərini dinləyib. Bu əməliyyat 1968-ci ildə Kinqin ölümünə qədər davam etdirilib.

Digər maraqlı fakt odur ki, 2008-ci ildə ortaya çıxan səs yazısında ABŞ-ın impiçmentə məruz qalan prezidenti Nikson özündən əvvəlki 7 prezident kimi Hooverdən necə xilas olmaq üçün çalışmasından vaz keçdiyini qeyd edib. Nikson səs yazısında Hooveri nəzərdə tutaraq “Oradan çəksək hamımızı özü ilə birlikdə aparacaq” fikrini işlədir.

Digər maraqlı fakt odur ki, Hoover 1930-cu ildə özünə köməkçi götürdüyü Klyde Tolson 1972-ci ildə FTB şefi vəfat edəndə belə onun köməkçisi vəzifəsində olub. Yeri gəlmişkən, həm Hoover, həm də Tolson ömürlərinin sonuna qədər ailə qurmayıblar. Əksər vaxtları bir yerdə keçirib, birlikdə at yarışlarına tamaşa ediblər. Hətta Hoover vəfat edəndə mirasını Tolsona buraxıb. 1975-ci ildə vəfat edən Tolson Hooverin yanında dəfn edilib.

Hooverin şəxsi həyatı ilə bağlı çoxları informasiyalı olsa da, onun ölümünə qədər heç kəs bu barədə açıq danışmağa cəsarət etməyib. Bunun əsas səbəbi isə qəzetçi Ray Tucker olub. Hər kəs jurnalistin başına gələnləri yaxşı bilirmiş. 1933-cü ildə jurnalist Tucker ilk dəfə Hooverin cinsi kimliyinə dair ehtimallarla danışmağa başlayıb. Ancaq qəzet çap olunmazdan əvvəl Tuckerin şəxsi həyatı ictimaiyyətin önünə çıxarılıb.

Hooverin digər qəribəliyi ABŞ-da “mavi” hərəkatına qarşı ən sərt mövqedən çıxış etməsidir. Bununla paralel olaraq onun FTB-yə rəhbərlik etdiyi dönəmdə ölkədə meydan sulayan mafiyaya qarşı heç vaxt sərt tədbirlər görülməyib. Qəzetçi Pete Hamill isə mafiyanın kilid adlarına istinad edərək bildirib ki, XX əsrdə ABŞ-ın ən güclü mafiya lideri Meyer Lansknin əlində “Hoover və Tolsonun tətillərdə bir çimərlikdə olarkən intim fotoları olub”.

Sabiq FTB agenti Artur Murtaq 1990-cı ildə verdiyi müsahibədə etiraf edib ki, Hoover təşkilatçılıq zehniyyəti ilə ölkənin iki vacib tərəfini diktatorcasına idarə edə bilib. Bunlardan biri FTB, digəri isə Amerika xalqının beyni olub.

İddia edilir ki, Hooverin vəfatından sonra Tolson günlərlə FTB-də gizli qeydləri məhv etməklə məşğul olub. Tolsonun məhv etdiyi dosyelərin ən əhəmiyyətlisi senatorlar haqqında olan 883 qeyd olub. Konqresmenlər haqqında 722 dosyenin də məhv edildiyi iddia olunur. Bu dosyeləri kimsə əldə edə və tanış ola bilməyib.

Hoover düz 48 il müddətində Vaşinqtonda ciddi söz sahibi olub. Məhz onun dövründə Kennnedi, Martin Lüter Kinq və Molkolm X kimi məşhur liderlər daxil olmaqla onlarla qətl hadisəsi həyata keçirilib. Və bunların heç birinin üstü açılmayıb. Bununla paralel olaraq mafiya və korrupsiya bu dönəm qızıl çağlarını yaşayıb.

Hooverdən qalan bəzi dosyeləri 1974-cü ildə dövrün ədliyyə naziri Laurence Silberman görüb. Ədliyyə naziri bu məxfi sənədlərə baxdıqdan sonra “Edqar Hoover adətən pislik toplayan kanalizasiya kimi imiş. İnanıram ki, Hoover tariximizin ən pis məmuru olub” ifadəsini işlədib.

Bütün bunlarla bərabər qeyd edək ki, Vaşinqtondakı FTB binasının adı indi də Edqar Hovver adlanır.


Müəllif: Cavad
Share: