Sanki türk özünə söz verib ki, gözəl ürəyə sahib olacaq…

Bu gün dünyada qanlı savaşlar gedir, Yeni Dünya Müharibəsi sanki regionallaşaraq, qütbləşərək zühur etməkdədir.

Belə bir şəraitdə, çalxantılı zamanda Qarabağdakı erməni separatçıların “rəhbərləri” və “başbilənləri” dövlətimizin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Eyni zamanda 90-cı illərdə əhalimizə qarşı cinayətlərdə iştirak edənlərin məhkəmə prosesləri başlayıb, onlar üçün “Haqq divanı” qurulub. Əslində, bu faktlar dünyanın harasında yaşamasından asılı olmayaraq hər insanın qəlbində ədalətin zəfər çalacağına inam aşılamalı gerçəklərindəndir…

İstər 2020-ci ildəki 44 günlük savaş zamanı Azərbaycan ordusu tərəfindən erməni əsirlərə göstərilən sivil münasibət, istər bu gün Qarabağda yaşamaq üçün müraciət edən ermənilərlə rəftarımız, istərsə də köçüb gedənlər üçün yaratdığımız şərait, dövlətimizin onlara verdiyi Baba Yolu sivil dünya üçün örnək olan humanitar, insanpərvər, şəfqətli addımlardır. Dinc əhalini daim müdafiə hədəfindən kənar tutan, bəzən bunun üçün itkiləri belə gözə alan Azərbaycanın dövlət əxlaqının kökü çox dərinlərdədir.

Və bu əxlaq dövlətimizə xas ictimai ruhla bağlı olduğu qədər, insanlarımızın şəxsi keyfiyyətləri ilə də əlaqədardır. Mən tarixi salnamələrə, məxəzlərə baş vurmadan ötən əsrin əvvəllərinə ekskursiya etməyə üstünlük verirəm, o zamana ki, həmin dövrdəki hadisələr həm də ermənilərin, bütövlükdə isə dünyanın gözləri önündə cərəyan edib. Şair Əhməd Cavad yüz beş il öncə “Azərbaycan” qəzetinin 1918-ci ilin 3 noyabr tarixli sayındakı “Biz və onlar” adlı məqaləsində türk əsgərinin düşmənlərlə rəftarı barədə, eyni zamanda düşmənlərin türk əsgərinə əzazil davranışı haqqında müqayisələr apararaq yazırdı: “Qafqaz İslam Ordusu Komandanlığından aldığımız məlumata görə, Komandan paşa həzrətləri tam bir türk komandanına yaqışır bir hərəkətdə bulunmuşlardır. Qalalar yıxmağı bilən türk komandan və əsgərinin könülləri yapmağı da bildiklərini əsgərlərimizin əsir və yaralı düşmənlərə uzatdığı mərhəmətli əli, tatlı [şirin] dili bəyan etməkdədir…

…Mən türkün “fərdi vicdanındakı” qüdsiyyəti Avropa millətlərinin ictimai vicdanlarında görəmmədiyimdən dolayı fəxr edirəm. Türk olmaq, ən eyi (xeyirxah, yaxşı – F.H) qəlbli bir insan olmaq deməkdir. Bizə vəhşi deyən Avropa beynəlmilliyətinə biz Şərqin açıq ürəkli bir övladı sifətilə alnımız açıq, könlümüz geniş olaraq çıxacağımıza qətiyyən şübhəm yoxdur. Qüsurlarımızı zərrəbinlərlə (mikroskoplarla) arayan millətlərə dağlar qədər eyiliklərimizlə müqabilə etdik və ediriz”.

Əhməd Cavadın sonrakı fikirlərini isə mən nağıl edim və dünyaya örnək olan humanitar dövlət əxlaqımızı, münasibətimizi özünüz görün. Şair yazır ki, hərbçilərə qarşı alicənablığın başqa bir örnəyini də Bakıda gördüm. Bolşevik oyunlarından sonra Bakıdakı rus ordusuna sahib çıxan olmadı, ortalıqda qaldılar və nəticədə dünən vətənləri üçün canından keçən rus hərbçiləri bu gün heç kim oldular. Qafqaz İslam Ordusu Bakını azad edəndən sonra hərbçilərin bir qismi Bakıda qaldılar, amma daha onların nə işləri vardı, nə də dolanacaqları. Bu şəraitdə türk ordu komandanlığı qərar verir ki, ailəli hərbçilərə 200, subaylara isə yüz rubl maaş verilsin və üstəlik bir nəfərlik də qida payı. Beləliklə, dövlət əxlaqımıza uyğun olaraq dünənə qədər qanımıza yerikləyən əlisilahlılar döyüşdən sonra Azərbaycanda naümid, əlacsız qalmır. Qarabağdakı ermənilərə qarşı da bu gün eyni rəhm göstərilir, oradan gedənlərə də oxşar səxavət nümayiş etdirilir. Yəni biz döyüşəndə nə qədər savaşa güc sərf ediriksə, ondan qatbaqat artığını da sülhün bərqərar olması üçün edirik.

Amma əvəzində Avropadan tənə və hədə eşitməkdəyik. Bu gün Avropada bizə qarşı sanksiya hədələri edənlər sanki gözüyumulu şəkildə Qafqazdakı humanizmə, sülhə barmaq silkələyirlər. Bizim bayrağımız altında sülh, əmin-amanlıq var, qurd-quzuyla otlayacaq vədi var. Görünür, dünyanın sabahını od-alov içində görənlər üçün sülh ən böyük təhlükə, Azərbaycan isə qorxu obyekti kimi görünür və buna görə də qaşınmayan yerdən qan çıxarmağa çalışırlar.

Yenə qayıdıram Əhməd Cavadın həmin məqaləsinə və o mətnin sonluğunu öz mətnim üçün də nöqtə hesab edirəm. Şair axır sözündə belə yazır; sanki qiyamət gününə qədər türk özünə söz verib ki, gözəl ürəyə sahib olacaq; “Cənabi-haqq hər kəsə ürəyinə görə versin.”

P.S. Bizim üçün müstəcab olacağına ən çox ehtiyacımız olan dua isə həmişə “ürəyimizə görə” olub…

Fərid Hüseyn,

xüsusi olaraq “Qafqazinfo” üçün


Share: