“Şamaxı”nın oyunu leysana görə yarımçıq qaldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şamaxı”nın Rumıniyanın “Botoşani” komandası ilə yoxlama oyunu yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma yağışlı və küləkli hava şəraitindən başa çatdırılmayıb.

Matçda əvvəlcə 36-cı dəqiqədə məcburi fasilə yaranıb. Leysan səbəbindən komandalar paltardəyişmə otağına yollanıblar. Yağıntı nisbətən səngidikdən sonra futbolçular meydana qayıdıblar. 67-ci dəqiqədə isə növbəti dəfə hava şəraiti kəskin pisləşdiyi üçün hakim görüşü saxlayaraq, oyunun bitdiyini elan edib.

Beləliklə, yarımçıq dayandırılan qarşılaşma rəqibin minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:0. Rumıniya təmsilçisi 51-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində qələbə qazanıb.

Xatırladaq ki, “Şamaxı” günün ilk matçında Qazaxıstan “Kaysar”ı ilə qolsuz heç-heçə etmişdi.


Share: