Şamaxıda “44 gün – Tarixi Zəfər” adlı kitabın təqdimatı keçirildi — Fotolar

Bu gün Şamaxıda Respublika Xatirə Kitabı redaksiyası tərəfindən nəşr olunmuş “44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon ictimaiyyəti, gənclər, eləcə də Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə şair, publisist, Yazıçılar Birliyinin üzvü Rəfail Tağızadə açıb.

Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Xatirə kitabının baş redaktoru Nəzakət Məmmədova, şəhid atası Allaherdiyev Sübhan, şəhid anası Nəzakət Şəfayətova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı və ssenarist, rejissor Vüsal Nuru şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərildiyini vurğulayaraq şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.

Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan “Vətən daşı… və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş 8 sənədli filmlərdən biri  nümayiş olunub.

Tədbirin sonunda cildlərdə adı qeyd olunan şəhidlərin ailə üzvlərinə kitab təqdim olunub.


Share: