Şamaxı sakini pianino çaldı, İlham Əliyev dinlədi – FOTO

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən sakinlərlə görüşüb.

Zəlzələ zamanı şəhərin Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun evi də qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin evin yerində yeni inşa edilən evdə yaradılan şəraitlə maraqlandılar.

Vüqar Teyfurov: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Mehriban Əliyeva: Xoş gördük.

Prezident İlham Əliyev: Ev hazırdır?

Vüqar Teyfurov: Allah köməyiniz olsun, tam hazırdır. Ailəmiz adından təşəkkür edirik. Çox sağ olun, Allah Sizi var eləsin. Çiçəklənən Azərbaycan naminə Allah Sizə ömür versin, tikin, yaradın.

Prezident İlham Əliyev: Çox sağ olun.

Dövlətimizin başçısı və birinci xanım evdə yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyev: Pianino da var. Sən ifa edirsən?

Vüqar Teyfurov: Bəli, cənab Prezident, mən musiqiçiyəm. Bağışlayın, əgər istəsəniz Sizin üçün musiqi də ifa edə bilərəm.

Prezident İlham Əliyev: Olar, buyur.

Sonra dövlətimizin başçısı və birinci xanım Vüqar Teyfurovun ifasını dinlədilər.

Prezident İlham Əliyev: “Ana” və “Xalq Heydər söyləyəcək” mahnılarını çox gözəl ifa etdin. Özü də belə improvizasiya ilə.

Vüqar Teyfurov: Təşəkkür edirəm.

Share: