“Sakitcə ölüb gedənlər elə bil dünyadan getmirlər, Başmaq seyrindən qayıdırlar qeybə…”- Zahid Sarıtorpaq…

Müstəqil.Az bu gün doğum gününü qeyd edən tanınmış şair-publisist Zahid Sarıtorpağı təbrik edir,bir neçə şeirini təqdim edir:

Retro…

(Zahid Sarıtorpaq)

* * *
Səssizlik oyur-oyur deşir qaranlığı
Heç nə vəd eləmir bu kahin görkəmli gecə.
Çarəsizliyin küçəsindən keçməyə gücün çatmır
Belədə ölüm yarasalarının səssiz gərdişindən
Qulaqları batır yalqızlığının
Olmuşların küfrlə geriyə qayıdacağını düşünürsənsə
Məhrəm olmayanlarla sənin aranda
Demək qılınca dönməmiş tövbən əsla
Oxunmuş duaların üstünü örtmüş gül ləçəklərinə
Küləklərin niyə heç zaman toxunmadığını bilmirsən
Sən hələ də dolu patronların atəşdən sonra gilizə döndüyünü
Və bir də dolmaq şansını itirmədiyini anlamaqda zorlanırsan
Atəşlər olacağını hələ də atəşlər olacağını
Hədəfdə can cizgiləri Gül rəsmi və toranlarda
İsti-isti bir zühur olacağını dərk etmədən ağlayırsan
Bilirsən, zavallı olmaq məsum olmaq deyil hələ
Oxumursan neçə illərdi içindəki oyur-oyur sükunəti
Haqdan gəlməyən bütün cansız sözlərin
Dərgahlara ayaq döyməkdən dabanları yeyilib artıq
Amma səsin didərginliyinə can dözməz bilirsən, dözməz
Buna görə də məsələn qarabağda səs yiyələri
İpək yaylıq misallı səslərini
Görünür oralarda
Qocaman ağacların budaqlarına bağlamışlar köçürkən
İndi o səslərin yan-yörəsindən güllələr çovuyanda
Burda qapısı taxtalı umudlarımızın yuxusuzluğundan qan açılır,
Oxuya bilmirsən oyur-oyur ovcuna damcılayan göz yaşlarını
Səssizlik eləcə deşir qaranlığı.

Heç nə vəd eləmir bu kahin görkəmli gecə
Səni düşünəndə — göyün üzünü
Özümü düşünəndə yaşamı düşünürəm oyur-oyur
Sən hələ də göyün üzü qədər qaranlıqla işığa oynayırsan
Yaşamsa o qədər adiləşib kiş
Sakitcə ölüb gedənlər elə bil dünyadan getmirlər,
Başmaq seyrindən qayıdırlar qeybə…

BİR UÇUŞUN SONUNDA ARZULANAN TÜRKÜ

Bir uçuşun sonunda bir qu yorğunluğuyla süzərək
Keçərək sınırlarını vaxtın sevginin yalqız.
Enərək qoynuna pünhan göycə suların,
Kimsəni çağırmadan göyçək bir ölümlə ölərək,
Səssiz, sözsüz oxunan son türkünün bəstəsinə
Can Evinin soyuq divarlarında
ilk misranın rəsmini beləcə cızmaq olar:
– Yorğun qanadına qurban,
Suları tərpədərsənmi?

Ana qarğışı tutmaz körpəsini,
Çünki arada süd var deyirlər.
Sevgidən, ayrılıqdan, həsrətdən doğulanlar da
Qarğışa gəlməz deyirlər heç vaxt —
Arada ölüm durur çünki..
Ölümün ana südü mislində halallığı durur
Bir də Can Evinin soyuq divarlarında
Səssiz sözsüz oxunan
Son türküyə cızılmış sonuncu misranın rəsmi durur:
– Çoxmu gözəldi oralar,
Bir də gəlsən gedərsənmi?

Müstəqil.Az
Share: