Sağlığında film çəkin insanlardan…

Elə şəxsiyyətlər var ki, onları ölkədə tanımayan adam az olar, necə deyərlər, məşhurdurlar. Heyranları yetərincədir. Xidmətləri olub, xalq arasında nüfüz qazanıblar, ictimai çəkiyə malikdirlər. Zəmanəsinin ötkəm, parlaq şəxsiyyətləri olublar. İllər ötdükcə onlar yaşa dolur, sağlamlıqlarında müəyyən problemlər yaranır. Bir də görürsən ki, ömürləri başa çatır və gözləmədiyimiz halda, bizi tərk edirlər…

“YouTube” sosial platformasında onların bəziləri haqqında qısametrajlı sənədli filmlərə rast gəlsək də, bir çoxları kənarda qalıb. Olmaz ki, belə şəxsiyyətlərdən bəhs edən filmlər “YouTube”də daha çox olsun?..
Yadınızdadırsa, bir ara bəzi adamlar atası, babası haqqında kitablar ərsəyə gətirib, bəh-bəhlə dost-tanışa paylayır, bunu böyük bir iş kimi təqdim edirdilər. Həmin kitabların əksəriyyəti lazımsız bir əşya kimi, bəlkə də çoxdan itib batıb. Çünki müasir insan belə kitabları oxumağa həvəsli deyil, səbri çatmır. Doğrudur, mərhum tarixçi akademik Ziya Bünyadov:- bu gün hər hansı bir şəxs el-obası, tayfası, habelə öz ailəsi haqqında nəsə yazıb saxlayırsa, əslində Azərbaycan tarixinə xidmət etmiş olur- deyə, belə kitabların tərtib olunmasını yüksək qiymətləndirirdi, amma etiraf edək ki, qısametrajlı sənədli filmlərin ərsəyə gətirilməsi kitab tərtib olunmasından da yaxşıdır. Əıbəttə ki, 20-25 dəqiqəlik filmi izləmək kitab oxumaqdan daha asandır. Axı filmi təhsilindən, səviyyəsindən asılı olmayaraq hər kəs qavradığı kimi izləyə bilir…
Nə isə, bunları deməkdə məqsədim odur ki, xalq qarşısında xidmətləri olan, nüfuzlu, sevilən şəxsiyyətlərin ömür hekayələrindən ibarət sağlıqlarında çəkilən filmlər “YouTube”-də nə qədər çox olsa, bir o qədər yaxşı olar…
Elman Eldaroğlu
Share: