Şagirdlər burada darıxmayacaq — Gələn aydan qeydiyyat başlayır

Bakıda bu ilin ilk günlərində açılışı olan STEAM İnnovasiya Mərkəzi artıq fevralın 15-dən etibarən ziyarətçilərin üzünə açılıb. Hazırda test rejimində fəaliyyət göstərən mərkəzə ilk ziyarətə gələnlər şəhid övladları olublar. Hər gün yüzdən çox məktəbli burada ona mücərrəd olan elmə birbaşa təmas edir, XXI əsr bacarıqlarını, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldir.  

“Qafqazinfo” mediatur çərçivəsində STEAM İnnovasiya Mərkəzinə baş çəkib, orada məktəblilər üçün yaradılan şəraitlə tanış olub. 

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovun sözlərinə görə, mərkəzə gəlmək üçün onlayn qaydada qeydiyyatdan keçmək tələb olunacaq: “Hazırda biz məktəblər üçün test rejimində çalışırıq. Bir aylıq test rejimindən sonra öz işlərimizi optimallaşdıracağıq. Bura gəlmək onlayn qaydada mümkün olacaq. Hazırda hər gün 120-yə qədər Bakı məktəblisini qəbul edirik. Burada onları elm muzeyinə ekskursiya, STEAM fəaliyyətləri gözləyir”. 

İ. Nəzərov bildirib ki, mərkəzin sahəsi 3500 kvadratmetrə yaxındır. Burada müxtəlif interaktiv eksponatlar var. Mərkəzin girişində kürə üzərindəki elm hissəsində istənilən mövzunu öyrənmək olar: “Biz müəllimləri də bura cəlb edirik. Müxtəlif fənlər, məsələn, coğrafiya, biologiya, kimya və sair fənn müəllimləri öz sinifləri ilə gəlib dərs prosesini burada təşkil edə bilərlər. Dərs daha maraqlı, daha interaktiv, daha əyani şəkildə keçilə bilər. İqtisadiyyatdan tutmuş həyatımızın istənilən sahəsini əhatə edən mövzularla bağlı məlumatlar verilə bilər”.

Layihə rəhbərinin sözlərinə görə, sözügedən kürə Amerika Okeanologiya və Atmosfer Hadisələri İnstitutunun serverinə bağlıdır və lisenziya ilə fəaliyyət göstərir. Ora yerləşdirilən bütün məlumatlar mərkəzdəki kürəyə ötürülür. 

Dörd mərtəbədən ibarət STEAM İnnovasiya Mərkəzində aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları mövcuddur. Mərkəzə gələn uşaqlar eksponatlara toxunur, əylənir və öyrənirlər. Onlar həmçinin təlimatlarla tanış olur və eksperimenti icra edirlər. 

Eksperimentlər ilk baxışdan sadə görünsə də, riyaziyyat və fizika elmlərinin qanunlarına əsaslanır. Onlar məktəbdən tədris prosesində öyrəndiklərini burada əyani şəkildə görürlər. 

Maraqlı eksponatlardan biri də yarış topları ilə bağlıdır. Təlimçinin sözlərinə görə, eksperimentlərdə iştirak edən uşaqlar məktəbdə nəzəriyyəsini öyrəndikləri fənləri burada daha aydın başa düşürlər: “Məktəblilər iki yarış topunu borunun üzərindən yuvarlatmaqla birinin yavaş, digərinin daha sürətli olduğunu müşahidə edə bilər. Bu toplardan birinin atıldığı boru daha meyllidir, sürət böyükdür, kinetik enerji böyükdür, zaman isə kiçikdir. Ona görə də biri digərindən daha tez çatır. Həmçinin birinin yerlə olan bucağı digərinin yerlə olan bucağından kiçikdir. Bucaq artdıqca da sürət kiçilir”. 

VR – virtual reallıq otağında “Z-Space” cihazlar quraşdırılıb. Təlimçi deyir ki, bu cihazların daxilində fərqli tətbiqlər var və onlar müxtəlif fənlərə inteqrasiya olunub: “Bütün fənn müəllimləri bunlardan istifadə edə bilərlər. Məsələn, ekranda anatomiya, fizika, peşə məktəblərində tədris olunan fənlərə, o cümlədən, mexanikaya tətbiq etmək olar. Buradakı dərinlik effekti vasitəsilə biz obyektləri 3 ölçülü şəkildə görə bilirik. Bu da şagirdlərə daha effektiv öyrətməyə imkan yaradır”. 

Növbəti otaqdakı eksponatda şagirdlər gəmilərin üzmə şərtlərini, arximed qüvvəsini, cisimlərin, mayenin sıxlığını öyrənə biləcəklər. Mərkəzdə içərisində gəmi olan boruşəkilli qabın düyməsini basmaqla gəminin batdığını da müşahidə etmək olar. Bunun səbəbi suya havanın verilməsi, suyun sıxlığının, arximed qüvvəsinin azalmasıdır. 

Aviasiya simulyatoru STEAM Mərkəzinin ən maraqlı fəaliyyət zonalarından biridir. Burada Aviasiya Akademiyasının mütəxəssisləri təcrübə keçirlər. Təyyarənin havaya qalxması, enişi, hansı modullardan istifadə olunması real şəkildə əks olunur. Aviasiya məkanı iki hissədən ibarətdir. Birinci hissədə şagirdlərə nəzəri məlumatlar verilir. Simulyatorda isə şagirdlər əldə etdikləri nəzəri məlumatları praktiki olaraq tətbiq edirlər və uçuş bacarıqlarına yiyələnirlər. Lakin seçim imkanları da var, dünyanın bir çox şəhər və ölkələrinin aeroportlarını tətbiq etmək mümkündür. Həmçinin hava rejimləri – gecə və ya gündüz, həmçinin qarlı-yağışlı və s. təyin etmək olar. 

İnfotur zamanı bildirilib ki, mart ayında mərkəzin saytı işə düşəcək. Onlayn qeydiyyatdan keçən şagirdlər şənbə və bazar günləri öz valideynləri ilə birlikdə də mərkəzə gələ bilərlər. Həftənin digər günləri isə məktəblilər oxuduqları təhsil müəssisəsindən kollektiv şəkildə bura gələ bilər. Mərkəz həftə sonları üçün ödənişli ola bilər. Modullardan asılı olaraq ödəniş 5-15 manat arası nəzərdə tutulub. İ. Nəzərovun sözlərinə görə, bu, biznes layihəsi deyil. Məqsəd elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasının tətbiq edilməsidir. 

STEAM İnnovasiya Mərkəzinin işçiləri universitetlərin SABAH qruplarından seçilib və təlimlərdən sonra onlar işlə təmin ediliblər. Maraqlıdır ki, mərkəzdəki məlumatların bir hissəsini, bəlkə də, daha çoxunu məktəblilər internet vasitəsilə də əldə edə bilər. Lakin STEAM İnnovasiya Mərkəzinin özəlliyi və əhəmiyyəti də elə ondadır ki, burada şagirdlərə ən lazımlı, faydalı olan informasiyalar verilir.

Gülnar Əliyeva

Fotolar: Müzəfər İsmayılov


Share: