SADƏ, SƏMİMİ, TƏVAZÖKAR – RİZVAN HÜSEYNOV ! – Hafiz Mirzə yazır

SADƏ, SƏMİMİ, TƏVAZÖKAR – RİZVAN HÜSEYNOV ! – Hafiz Mirzə yazır

 

Cəmiyyət həyatı çox mürəkkəb aləmdir; konkret məkan olaraq yoxdur, amma tələbləri konkretdir. Burada populizm, pafos, nümayişkəranəlik, piar, şayiə və yalan çox güclü təsirə malikdir. Ən ağıllı sayılan xalqları da onun cəmiyyət təfəkkürünə – ictimai şüuruna təsir etməklə idarə etmək mümkündür. Yaşadığımız hazırkı dünyada adi sosial şəbəkələr vasitəsilə cəmiyyəti lərzəyə, xalqı riqqətə gətirmək, ayağa qaldırmaq, əxlaqını, dinini, milli-mənəvi dünyasını pozmaq və ya haqqın tərəfinə yönləndirmək mümkündür. Nəinki böyük, ağıllı və qüdrətli görünən dövlətlər, müasir dünyada bəzən ləyaqətsiz adamlar da bu nüanslardan məharətlə istifadə edir, önə çıxır, ara qarışdırır və ya qəhrəman obrazına bürünürlər. Amma cəmiyyətə təsir mexanizmlərindən təmiz, pak məqsədlər üçün istifadə edənlər də az deyil. Bu səbəbdən KİV, xüsusən sosial şəbəkələr həm də müsbət təbliğat baxımından çox mühüm işlər görə bilir. Xüsusən dəyərli insanların tanıdılması, gözəl əməllərin geniş yayılması, xalqa vacib informasiya çatdırılması, onun zərərli ideologiya, yad təriqət və dəyərlərdən qorunması baxımından cəmiyyət həyatına təmas edilməsi çox əhəmiyyətliidir. Lakin təəsüf ki, bu hər zaman belə olmur, xüsusən sevgili Azərbaycan cəmiyyətində yaşlı insanlarımız ifrat təvazökarlıq göstərir, abırlarına bükülür, kənara çəkilib sakit həyat yaşamağa çalışır, yenilənmə və qorunma prosesinə əlavə təkan vermirlər. Bir sıra gənc yazarlar isə piarın qara üzünə üstünlük verir. Buna görədir ki, indi birisi barədə hətta çox layiq olduğu gözəl fikirlər çatdıran yazılar heç də oxunmur, dəyərləndirilmir, ən yaxşı halda isə bunu yarınmaq kimi qiymətləndirirlər. Amma hər hansı aqresiv, təhqir, böhtan, yalan, allahsızlıq və əxlaqsızlıq fışqıran yazılar isə əllərdə gəzir. Halbuki bütün dövrlərdə ağıllı, saf əqidəli, parlaq, abırlı, həyalı insanlar cəmiyyətin nuru kimi mühüm əhəmiyyət kəsb etmiş, onu həqiqi mənada işıqlandırmışlar. Nə yaxşı ki, Azərbaycan cəmiyyətində elə insanlar var və heç də az deyil. Elə şəxslər ağsaqqallar və ağbirçəklər arasında daha çoxdur. Əlbəttə, ağsaqqal və ağbirçək yaşında məddahlıq, yaltaqlıq, satqınlıq və haqsızlıq edənlər də var, amma xoşbəxtlikdən bu o qədər azdır ki, “diqqəti cəlb etmir” deyə bilərik.
Bizi müasir dünyanın qovğalarından, məkrli planlarından və bəlalarından qoruyan görünməz milli- mənəvi dəyərlərimiz, bu dəyərin ən parlaq siması və daşıyıcısı olan ağsaqqal və ağbirçəklə-rimiz və onlara qoyulan yüksək hörmət və göstərilən ehtiramımızdır. Bizdən başqa heç yerdə Ağsaqqallar Cəmiyyəti yaradılmır və yoxdur. Müdriklər də əsasən ağsaqqallar-ağbirçəklər arasında daha çoxdur. Onlar varsa, Azərbaycan cəmiyyətini dağıtmağa heç bir düşmən, yad qüvvənin gücü çatmayacaq! Mənim tanıdığım elə ağsaqqallardan biri də Rizvan Hüseynovdur!
Rizvan Xalıq oğlu Hüseynov 15 oktyabr 1940-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Titullu xan-bəy nəslindən olmasa da Lənkəran ziyalıları arasında həmişə “Xan lənkəranlı” hesab olunur. Bu isə heç təsadüfi deyil, bunun fundamental əsasları var. Bunu qazanmaq tələb olunur!
Rizvan Hüseynov 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini bitir mişdir. 1966-78-ci illərdə xalq təsərrüfatının müxtəlif sahələrində və müxtəlif vəzifələrdə, həm də çox ləyaqətlə çalışmışdır. Bu illər onun peşəkarlığını zənginləşdirməklə yanaşı həm də həyat təcrübəsini artırmışdır. Sıravi fəhlədən tutmuş adi hesabdara və ya mühasibə, direktora qədər daşıdığı bütün vəzifələrdə insanların düşüncəsi, qayğıları, həyata və dünyaya baxışı onun üçün çox maraqlı idi və bunlar gənc Rizvan üçün həm də həyat akademiyası təsirini göstərirdi. Onu çox da ünsiyyətcil hesab etmirdilər. Əslində isə o hamını konkret mövzuya qoşur, ən az danışan özü olsa da, ən çox öyrənən də elə özü olurdu. Hər insan onun üçün şəxsiyyət və ayrıca bir dünya idi. Bu “dünyaları” tanıdıqca dostları və həyat müəllimləri artırdı. Canlı insanı oxuyaraq öyrənmək marağı onun ünsiyyət qabiliyyətini yüksəldirdi. Və beləcə dostları da çoxalırdı. Hər kəs öz qarşısında onu yaxşı anlayan dost görmək istəyər. Rizvan Hüseynov başqaları üçün yaxşı dost olmaq amalı ilə yaşayırdı. Bu isə qarşına yaxşı dostların çıxması üçün ən yaxşı vasitə idi. Gözəl dost sayı ilə yanaşı onun tutduğu vəzifələr də yüksələn xətlə artırdı. 1978-91-ci illərdə o, respublika “Mebel” Dövlət Şirkətinin və Azərbaycan Təsərrüfat Malları idarəsinin baş direktoru vəzifəsinə də təkcə mahir mütəxəssis olmasına görə yox, həm də daimi ünsiyyətdə olduğu hər kəslə gözəl dost olmaq savabı sayəsində yüksəlmişdi. Adi bir əyalət gəncinin 38 yaşında ikən belə mühüm vəzifəyə yüksəlməsi sıradan bir və adi hal deyildi. Həm də harada?- Respublikanın paytaxtı Bakıda! Yüksək peşəkarlıq məharətinə və ali insanlıq keyfiyyətlərinə görə Rizvan müəllim 1991-ci ildə Bakı şəhəri İcraiyyə Komitəsinin ticarət üzrə sədr müavini təyin edildi. Bu illərdə vəzifədə çalışmaq tədricən urvatdan düşürdü. Artıq SSRİ dağılmış, bütün iqtisadi və ticari əlaqələr pozulmuş, zavod, fabrik, kolxoz, sovxoz süquta uğramış, üstəlik respublika Ermənistanla müha¬ribəyə cəlb olunmuşdu. 20%-dən çox torpaqlar düşmən tərəfindən işğal olunmuş, bir milyondan çox soydaşımız öz yurdunda qaçqın-köçkün vəziyyətinə düşmüşdü. Ölkəni etiraz mitinqləri, işsizlik, ərzaq qıtlığı və hakimiyyət böhranı bürümüşdü. Belə bir vaxtda qurulmaqda olan yeni, Müstəqil Respublikanın paytaxtını ərzaq və gündəlik təlabat malları ilə təmin etmək çox çətin, hətta siyasi cəhətdən ən mühüm vəzifələrdən biri idi. Ölkədə aclıq böhranı düşməsin deyə həm əski İttifaq respublikaları ilə iqtisadi-ticari əlaqələri bərpa etmək, həm də dünyanın aparıcı dövlətləri ilə yeni ticarət əlaqələri qurmaq bəlkə də çox müşkül məsələ idi. Amma bu ağır və çətin vəziyyəti ustufca öz qaydasına qoyan bir şəxs vardı. Onun adı qəzet səhifələrində, televiziya ekranlarında, mitinqlərdə çəkilmirdi. O heç yerdə populist çıxışlar etmir, xidmətinin ictimailəşdirilməsinə yol vermir, bütün təmtaraqlar zamanı bir kənara çəkilib gülümsəyirdi. Sadə insanlar əski Sovetlər Birliyinin yüksək təminat mexanizminə vərdiş etmişdilər deyə bunun fərqində deyildilər. Hətta mağazalarda növbələrin yaranmasına da xor baxır, bunu kəskin ittiham edirdilər. Amma bir kimsə bunun cəbhədə ən çətin döyüşdən daha betər mübarizə sayəsində başa gəldiyini anlamır, təşəkkürlə vurğulamırdı. Bütün bunlara nail olan isə məhz paytaxtın baş taciri Rizvan Hüseynov idi! O bunları o dövrün siyasi maraqları naminə deyil, bir peşəkar mütəxəssis və əsl Vətəndaş olaraq edirdi. Şükür ki, sakit kuluarlarda onun bu məharəti çox yüksək qiymətləndirilirdi. Elə buna görə də 1992-ci ildə Rizvan Hüseynov Respublikanın Ticarət Naziri vəzifəsinə təyin olundu! Beləcə, büsbütün ölkənin ticari əlaqələri, xüsusən də ərzaqla təminatı onun öhtəsinə buraxıldı. Rizvan müəllim ölkənin yeni iqtisadi-ticari əlaqələrini qurmaq üçün bilik və bacarığını, bütün imkanlarını, İttifaqın müxtəlif respublikalarında yaşayan vəzifəli dostlarını Azərbaycanın mənafeyinə yönləndirə bildi. Zatən sevməyənlər, qısqananlar, vəzifəsinə göz tikənlər, xəlvətdə ayağı altını qazanlar az deyildi və o bunu yaxşı bilirdi. Amma kimsə ona aşkar mane olmağa risk etmirdi. O illərdə ölkənin baş taciri olmaq qədər çətin bir vəzifə yox idi. Hakimiyyət sürətlə dəyişir, siyasi və hərbi böhran güclənir, bütün ticarət obyektləri satılır, özəlləşdirilir, Rizvan Hüseynov isə çox vaxt gecələri kabinetində yataraq şəxsi fədakarlıq göstərirdi. Onun failiyyəti Vətənə təmənnasız xidmət nümunəsi idi. Hətta sosializm düşüncəsinin tamam süquta uğradığı, milli-azadlıq hərəkatının tüğyan etdiyi, bütün köhnə strukturların və şəxslərin aradan qaldırıldığı, vəzifədən çıxarıldığı, hakimiyyətə milli-demokratların gəldiyi bir zamanda da o yalnız öz vəzifə borcuna köklənmişdi, başını aşağı salıb öz işini görürdü, öz vəzifəsini hamıdan daha yaxşı icra edirdi.
Bütün əvvəlki kadrlar “partokrat” yarlığı və “köhnələr” damğası ilə vəzifəsindən çıxarıldığı halda təkcə ticarət naziri Rizvan Hüseynovu Milli-demokratlar da öz vəzifəsində saxladılar və ondan yeni iqtidara kömək etməsini xahiş elədilər. Rizvan müəllim öz işinin peşəkarı idi, onun üçün insanlara xidmətdən daha ali vəzifə yox idi və bu həm də bir insanlıq borcu idi. 1992-93-cü illərdə İzmirdə Beynəlxalq fuarlarda (sərgilərdə) Azərbaycan nümayəndəliyinə Rizvan Hüseynov rəhbərlik etdi. 1994-cü ildə Rumıniyada keçirilən 125 dünya dövlətinin iştirakı ilə “Sülh, iqtisadiyyat, insan hüquqlarının müdafiəsi” konfransında da Azərbaycan nümayəndə heyətinin başçısı o təyin olunmuşdu. Rizvan Hüseynov Beynəlxalq İslam Konfransında, İran İslam Respublikasında, Çin Xalq Respublikasında rəsmi dövlət görüşlərinin əsas iştirakçılarından biri idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Rizvan müəllimi öz vəzifəsində saxladı və yeni Azərbaycanı onunla birlikdə qurmağa üstünlük verdi. Rizvan Hüseynov iki Mərkəzi Komitənin birinci katibi, iki prezident səlahiyyətlərini icra edən şəxs və üç prezidentin zamanında nazir postunu saxlaya bilmiş, çox azsaylı kadrlardandır. Bunun əsas qarantı isə onun yüksək peşəkarlığı, Vətən və xalq borcunu hər cür siyasi ambi¬siya¬lar¬dan daha üstün tutması idi. Buna görə də o ayrı-ayrı illərdə ən yüksək dövlət mükafatlarına layiq görülmüş, müxtəlif orden və medallarla təltif edilmişdi. 1984-cü ildən etibarən mütəmadi olaraq Bakı şəhər və rayon sovetlərinin deputatı seçilmişdi.
Daha sirr deyil ki, Bakıda hər hansı bir lənkəranlının ərklə, kömək istəmək məqsədilə aça bildiyi ən etibarlı qapı Rizvan müəllimin qapısı idi. “Rizvan müəllim darda qoymaz!” deyimi yaranmışdı. Azərbaycanın hər guşəsi onun öz doğma eli, doğma torpağı idi. Amma Lənkəran onun doğulduğu, boya-başa çatdığı, ilk təhsilini aldığı, formalaşdığı əsas məkan kimi daha əziz idi və daha artıq diqqət tələb edirdi. Bu mənada o, Lənkəranda həyata keçirilən əksər böyük layihələrdə, ümumxalq tədbirlərində və mərasimlərdə şəxsən və fəal iştirak edirdi. Bunların haradasa qeyd olunmasına, xüsusi vurğulanmasına, yazılmasına isə qətiyyən icazə vermir, hətta öz qardaşlarına da bunu qadağan edirdi. Buna görə də təxmin etdiyimiz bir sıra böyük tədbirlərdə onun hansı səviyyədə iştirak etdiyini soruşduqda kimsə açıq etiraf eləmədi, amma hamı ehtiramla gülümsədi və başını məmnunluqla tərpətdi. Rizvan Hüseynov özü vəzifədə olarkən birbaşa və mühüm xidməti olmuş hansı ümumrespublika səviyyəli tədbiri ictimailəşdirmişdi ki? Təkcə Lənkəran şəhər Kiçik bazar məsçidinin təmir edilməsilə bağlı şəxsi təşəbbüslərini və yardımlarını kimsə gizlətmək istəmədi və açıq söylədi. Amma təkcə ora olmuşdumu?
Rizvan Hüseynov bir ziyalı, el ağsaqqalı və təəssübkeş kimi öz şəxsi nüfuzu, hörməti, im-kanları hesabına onlarca imkansız gəncin ali təhsil almasına, işlə təmin olunmasına və digər sosial qayğılarının təmin edilməsinə, hətta toy edib evlənməsinə təmənnasız yardım göstərmişdir. Bunu etiraf edən çoxsaylı şəxslərin adını Rizvan müəllimin öz tərzinə xatir vurğulamırıq. Zatən abırlı, həyalı, alicənab insan məhz elə bu cür də olmalıdır.
Rizvan Xalıq oğlu Hüseynov kimi ləyaqətli eloğlu, soydaş və ağsaqqalla fəxr etmək hər kəs üçün qürurvericidir.

Hafiz MİRZƏ

P.S. 15 oktyabr tarixində Rizvan müəllimin 86 yaşı tamam olur. Onu təbrik edir, ona uzun və sağlam ömür arzulayırıq. Əminəm ki, onun barəsində bu yazını oxuyanda mənə acığı tutacaq. Amma, əziz Rizvan müəllim, biz Azərbaycan cəmiyyətinə sizin kimi şəxsiyyətləri nümunə göstərməsək, bu boşluğu Vətənimizə yad, riyakar və təkəbbürlü adamlar tutacaq. Bunu isə Siz də rəva bilməzsiniz.

Share: