Sabunçu sakini Vitse-Prezident xanım Mehriban Əliyevadan kömək istədi

Müstəqil.Az-ın elektron poçtuna Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Bakı şəhəri, Sabunçu rayonu Savalan yaşayış massivinin sakini Ağayeva Xalidə Ataxan qızı tərəfindən ünvanlanan şikayət ərizəsi daxil olub. Şikayət ərizəsini olduğu kimi yayınlayırıq:

Çox hörmətli Mehriban xanım!

Yazıb sizə bildirirəm ki, 21 mart 2018-ci ildə saat 23:05 radələrində ailəmlə – həyat yoldaşım, iki oğlum və 2 yaşlı nəvəmlə Sabunçu rayonu İkinci Mədən küçəsində,   311 saylı məktəbin döngəsində işıqforun yaşıl işığında hərəkətimizi davam etdirən zaman, işıqforun qırmızı işığına məhəl qoymadan yüksək sürətlə gələn 90 EM 209 dövlət nömrə nişanlı, Bağırov Emil Telman oğlunun idarə etdiyi CİP Qranşroker markalı maşın bizim olduğumuz 99 HJ 945 dövlət nömrə nişanlı maşına çırpıldı . Nəticədə oğlum Ağayev Sadiq Adil oğlu başından və ayağından ağır xəsarət aldı. Həyat yoldaşım və nəvəm hadisənin şokundan hələ də özlərinə gələ bilməyiblər. Yüksək sürətlə hərəkət edən CİP  maşınımızı qarşı tərəfdə dayanan 55 BZ 331 nömrəli maşına qədər  sürüdü, nəticədə həmin maşın da xəsarət aldı.
Hadisə yerində sığorta idarəsinin və DYP-xidmətinin əməkdaşları da olub. İlkin qənaətə görə günahkar Bağırov Emil Telman oğlunun idarə etdiyi  90 EM 209 dövlət nömrə nişanlı,CİP Qranşroker elan olundu. Hətta sürücü etdiyi qəzaya görə üzr istədi və hər iki avtomobilin xərcini ödəyəcəyini də dedi.

Lakin hadisəni araşdıran Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Emil Hacıyev işə birtərəfli yanaşaraq hadisəni qeyri-obyektiv qiymətləndirdi. Bunun nəticəsində mənim oğluma 55 BF 331 nömrəli maşını təmir etdirdi. Hadisədən həm maddi, həm də mənəvi zərər çəkən biz olduğumuz halda CİP-in sürücüsü Bağırov Emil Telman oğlu bizə təzyiq edir, 38.865  (otuz səkkiz min səkkiz yüz altmış beş) Azn. ödəməyimizi , əks halda “day-day”ına zəng vurub knopkanı basdıracağı, bir həftə ərzində əmlakımızı müsadirə etdirəcəyi ilə bizə hədə-qorxu gəlir.

Biz, cənab Prezidentimizin rəhbərliyi altında  hüquqi dövlətdə yaşayırıq. Hüquqlarımız Konstitusiya ilə qorunur. Prezidentimiz dövlətinizin və vətəndaşlarımızın qarantıdır. Bu haqda qarşı tərəfə bildirsəkdə, bizim day-dayımızın haqq və ədalət olmasını, qanunlarımızın olduğunu desək də, şər qüvvə işini görməkdədir. Qanunları yazıblar və ondan istədiyimiz kimi istifadə edə bilərik deyirlər. Biz isə sizə güvənirik.

Hörmətli Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında məmur övladlarını  nümunəvi olmağa, vətəndaşların hüquqlarını pozmamağa çağırıb. Görünür Bağırov Emil Telman oğlu üçün prezidentin çağırışından daha vacib “day-day”ının knopkasıdı.

Hörmətli Mehriban xanım, bir ana kimi bu hadisənin düzgün araşdırılması və qiymətləndirilməsində bizə köməklik göstərməyinizi xahiş edirəm. Ümid edirəm, çoxlarına göstərdiyiniz qayğı və diqqəti bizdən də əsirgəməyəcəksiniz.

Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm. Tanrı Sizə yar olsun!

 

Hörmətlə: Ağayeva Xalidə Ataxan qızı

 

 

 

Share: