Sabir Rüstəmxanlının “Vətəndaşlığın əlifbası” kitabının təqdimat mərasimi keçirildi…

Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda xalq şairi Sabir Rüstəmxanlının “Vətəndaşlığın əlifbası” kitabının təqdimat mərasimi keçirilib.

Milli ideoloji məsələlərə həsr olunan kitabın təqdimatında Yazıçılar Birliyinin rəhbərliyi, araşdırmaçı alimlər və ictimai fəallar iştirak edib. Tədbirin aparıcısı, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bütövlükdə S.Rüstəmxanlı yaradıcılığı haqda söz açmış, “Vətəndaşlığın əlifbası” kitabının “Ömür kitabı”nın davamı olaraq ictimai-siyasi fikir tariximizdə mühüm hadisə olacağını qeyd edib. İlk söz alan Yazıçılar Birliyinin sədri Anar Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında hər zaman vətəndaş mövqeyindən çıxış etdiyini sözün həqiqi mənasında BÖYÜK VƏTƏNDAŞ olduğunu bildirdi: “Sabir Rüstəmxanlı ilk gündən millət və vətən davasının önündə olub və bu gün də öndədir”. Daha sonra müəllif çıxış edərək kitab haqqında deyib:
“Vətəndaşlığən əlifbası” Yurd və Yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu soru məni uzun müddət düşündürüb. Sonda “hər damlada bir həyat, hər sözdə bir hikmət var!” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”. Daha sonra kitaba ön söz yazan Adil Minbaşı çıxış edərək bildirib ki, “Vətəndaşlığın əlifbası” adlanan irihəcmli əsərdə elmi-fəlsəfi düşüncələr, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətən, millətlə bağlı düşüncələr toplanıb: “Ömür kitabı” Quzey Azərbaycan haqqında idisə “Vətəndaşlığın əlifbası” bütöv Azərbaycanın, Türk dünyasının kitabıdır”. Akademik Teymur Kərimov çıxışında Sabir Rüstəmxanlı yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik örnəyi olduğunu deyib:”Bu bir həqiqətdir və təbiidir ki, yalnız Vətənini, Xalqını düşünüb yazanlar əsl xoşbəxt şair səviyyəsinə yüksəlir. Çünki Xalqın sözünü deyənləri Xalq özü zaman-zaman yaddaşında, tarixində, ədəbiyyatında yaşadır. S.Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır”.
Daha sonra tərcüməçi, şair Rəbiqə Nazimqizi, əməkdar jurnalist Zemfira Məhərrəmli, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, qocaman şair Yusif Həsənbəy, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Əlövsət Ağalarov və digərləri çıxış edərək kitab haqda fikirlərini bildirib.

Share: