Sabir Rüstəmxanlı media nümayəndələrini təbrik etdi

Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatı bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb. Ötən əsrin əvvəllərində milli oyanış hərakatının önündə gedən mətbuatımız 90-cı illərdən başlayaraq istiqlalımız uğrunda mübarizənin də önündə oldu.

Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.,Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar. Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Biz bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
Hörmətli media nümayəndələri!
Sizi Milli Mətbuat günü münasibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Vətəndaş Həmrəyliyi Partiyası olaraq hər zaman Azad Sözün yanında olduğumuzu bir daha bəyan edir və inanırıq ki, siz öz mütəşəkkilliyiniz və mübarizliyinizlə bütün çətinlikləri dəf edəcək, hətta belə çətin şəraitdə də ölkədə fəaliyyət göstərən digər demokratik təsisatlarla birlikdə mətbuatımızın inkişafına nail ola biləcəksiniz. Biz bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!.

Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

Share: