Sərkisyan Qarabağda Azərbaycan dronlarına yem olan “Repellent”i tam yeniləmək üçün pul istəyir

44 günlük Qarabağ müharibəsində Azərbaycan ordusunun məhv etdiyi, müharibədən cəmi bir neçə ay əvvəl “dronlara qarşı dünyada analoqu olmayan sistem” kimi reklam edilən “Repellent” radioelektron mübarizə kompleksinin istehsalçısı ermənidir. Virtualaz.org xəbər verir ki, Rusiyanın bu kompleksləri istehsal edən Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi Qarabağ müharibəsindəki acı təcrübənin ardınca onları “tamamilə yeniləmək” üçün hökumətdən maliyyə istəyir. Mərkəzin baş direktoru isə Aleksandr Sərkisyandır.

Bu haqda ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirir. Məlumata görə, Sərkisyanın başçılıq etdiyi müəssisə kompleksin tamamilə yenidən format olunmasını nəzərdə tutan modernləşmə layihəsi üçün hökumətdən sanballı maliyyə almaq niyyətindədir. Hansı ki, bu işə ciddi vəsait tələb olunur və Kovalenko zirək erməni biznesmenin hökuməti həmin vəsaiti ayırmağa inandıracağına əmindir. “Sonra isə bir neçə “yeni” kompleksi Ermənistana satacaq”,-o təxmin edir.

 

 

Aleksandr Sərkisyan

Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi “Repellent” komplekslərini “dünyada analoqu olmayan” sistem kimi təqdim edirdi. Aleksandr Sərkisyan kompleksin dövlət sınaqlarının keçirildiyi 2017-ci ildə Rusiya mətbuatına deyirdi ki, “Repellent” unikal və ifrat həssas radiotexniki kəşfiyyat stansiyasının sayəsində miniatür hava hədəflərini belə 35 kilometrdən çox məsafədən aşkar edə bilir. Yaxın zonada işləmək üçün kompleks ifrat güclü optik sistemlə təchiz olunub ki, həmin sistem gündüz və gecə, pis hava şəraitində belə miniatür dronları görür.

 

“Repellent” komplekslərinin köməyi ilə hətta Baltik regionu üzərində uçan MQ-9 “Reaper” ABŞ pilotsuz kəşfiyyat təyyarələrinin idarəetməsini ələ keçirməyin və onu Rusiya ərazisində endirməyin mümkünlüyü də deyilirdi. Lakin necə oldusa Qarabağda bu komplekslər özləri Azərbaycan ordusunun silahlanmasında yer alan pilotsuz uçan döyüş aparatlarının hədəfinə çevrildi. Rəsmən açıqlandığı kimi, ordumuz bu müharibədə Ermənistanın silahlanmasında yer alan 4 “Repellent” kompleksini məhv edib. Komplekslərin “Harop” kamikadze-dronları ilə vurulmasına dair görüntülər artıq internetdə yayılıb.

 

Aleksandr Pavloviç  Sərkisyan 1946-cı ildə Qroznıda anadan olub, Moskvada Orconokidze adına Aviasiya İnstitutunu bitirib. Sovet ordusunda və daha sonra Rusiya ordusunda elmi-tədqiqat institutunun mütəxəssisi kimi xidmət edib, rütbəsi polkovnikdir. 1996-2008-ci illərdə “Rosoboroneksport”da işləyib, 2008-ci ildən isə Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzinə rəhbərlik edir.

Müstəqil.Az

www.ruz4.com

Share: