Şərafəddin İlkin: GÖRÜŞMƏK ÜMİDİYLƏ…

Vida sözü

İyirmi il bundan öncəyə təsadüf edir onunla ilk tanışlığımız. Mərdəkanda bir kitab təqdimatında görmüşdüm onu. Ürkə-ürkə müəllif haqqında iki-üç kəlmə danışandan sonra özünün “Təndir” şeirini oxumuşdu. Oxuduqca da utandığından sifəti elə təndir kimi qızarmışdı. İliyə işləyən bu şeirlə bütün tədbir iştirakçılarını ovsunlamışdı…

Hamıya qarşı qəribə bir doğmalıq vardı onda. Adam çəkinmədən sirrini ona deyə bilirdi. Maraqlı bu idi ki, o heç kəsi qulaq asmaq xətrinə dinləmirdi. Əksinə, dinlədiyi problemi o dəqiqə “özününküləşdirirdi”. Özün unudan da belə xatırladırdı ki, o məsələ nə yerdə qaldı?…

Çox səxavətli idi. Elə Allah da ömürdən başqa ona hər şeyi səxavətlə vermişdi – istedadı, ailəsinə və dostlarına məhəbbəti.

İşinin çox, səhhətinin nasaz olmasına baxmayaraq heç kəsin dəvətini yerə salmazdı. Əksinə, ərk etdiyi dostlara da getməyi tövsiyə edərdi. Hamı da onun çıxışını səbirsizliklə gözləyərdi. Ürəkdən danışdığı üçün ürəklərə yol tapırdı həmişə. Fərqanənin ürəksiz bir şeirinə, bir çıxışına rast gəlmədim. O ürəklərdə özünə elə bir yer saldı ki, heç kəs onu əvəz edə bilməz.

Fərqanənin ölümü hamıya böyük itgi oldu. Ədəbiyyatımız da itirdi, oxucular da. Ailəsi də itirdi, dostları da…

Rahat yat Fərqanə. Sən fitri istedadınla, etibarınla çoxunu qabağlamışdın. Ölümünlə də qabağladın. Görüşmək ümidiylə.

 

 ƏLVİDA, FƏRQANƏ

Üzündə nur vardı, qəlbində sevgi,

Hamıya doğmaydın, hamıya əziz.

Dünyanın varlısı sən idin sanki,

Qəlbin geniş idi, ürəyin təmiz.

Ən yaxın sirdaşın yoldaşın idi,

O idi başında tacın, Fərqanə.

Oğlanlar hamısı qardaşın idi,

Qızların hamısı bacın, Fərqanə.

“Sabah qar yağacaq,… günəş çıxacaq”-

Dostları səslərdin şəkil çəkməyə.

Gedirsən, çoxunu qəhər boğacaq,

Ürək bu ağrını çəkə, çəkməyə?

Şirin duyğuları gətirib dilə,

Allaha şükr edən ən məsum bəndə.

Bilsəydim ayrılıq yaxındı belə,

Səninlə bir şəkil çəkərdim mən də.

…Daha o fürsətim heç olmayacaq.

Ürək həsrətini daşıyar, bacım.

Şəklin albomlarda saralmayacaq,

Şəklin ürəklərdə yaşayar, bacım.

Share: