“SƏN GEDƏLİ ÇOX ŞEY OLDU, QIZIM…”-Bu gün 4 yaşı olan mərhum,körpə Zəhranın xatirəsinə…-Aygün Sadiq…

Aygün Sadiq 

ZAMAN VER, QIZIM
 
Qatil azadlıqdadır, qızcığaz isə çoxdan ölmüşdür…
Və o körpənin alçaldılmış heysiyyəti çoxdan qınayır bizi.
” Bəs “Tapacağam, cəzalandıracağam” deyirdiniz, nə oldu?
Mən burda çox utanıram.
Başımı qaldırıb baxa bilmirəm yanımdakı qətl olunmuş şəfaət yoldaşlarıma”.
Biz də qayıdıb nə desək yaxşıdır? “Qızım, biz çalışdıq, vallah, çalışdıq.
SƏN GEDƏLİ ÇOX ŞEY OLDU, QIZIM.
Dün gecə yenə yuxuma gəlmişdin, mələk bala.
Gəlmə yuxuma, qızım. Səni belə boynubükük gördükcə ürəyim param-parça olur,, ürəyim hec vəchlə dinclik tapmır, eynən sənin narahat ruhun kimi- əsim-əsim əsir…
Amma qızım, sənə bir şad xəbərum var.
Bax, sənin təhqir olunmuş günahsız cisminin tərk edilib qaldığı o torpaqlarımız vardı ey- yadında, öz həyətinizdəcə sənin əl-ayağını bağlamışdılar, biz də cürbəcür yerlərdə- mən əsirlikdə, əmilərin savaş meydanlarında və qonşu xalanın əri ölümün ağuşunda idi, bax o torpağı görməyən, səndən kiçik körpələr böyüdü, bala.
İgid oldular.
Heç görmədiyi torpaqlar uğrunda savaşdılar, şəhid də oldular.
Sən gedəli çox şey oldu, bala
 VƏTƏN, XƏCALƏTLİYİK
(ZƏHRA ÜÇÜN )
 
Hələ il yarım öncə
Əlvan bəzənmiş bələk.
İçində məsum, incə
Zəhra deyilən mələk,
Verilir təmtəraqla
Gənc ata qollarına..
 
Qucaqlardadır mələk,
Ürəkdə xoş arzular…
 
Qəfildən dönür fələk-
Qışa çevrilir bahar…
 
Ensiz bir cığır axar
Qəbristan yollarına….
 
Bu körpənin ölümü
Bütöv millətin yası!
Dünya boyda arzunun,
Fərəhin qətl olması!
Ağla, ey qadın, ağla,
Güman yox ki yarına…
 
Vətən, xəcalətliyik,
Dinməyə üzümüz yox…
Dərdimiz bizdən böyük,
Xəcalət tərim soyuq,
Vətən, məni qucaqla,
Bəlkə, yaram sarına…
Aygün Sadiq
Share: