Səlim BABULLAOĞLU: – Bircə şeyi deyə bilərəm: ayıb olsun

“Xəbərin üslubu mənə tanışdı, bu cür şeylər birinci dəfə deyil”

AYB-də doğurdanmı qütbləşmə var? Bu xəbər öz-özlüyündə bəlkə də təəccüblü deyil, çünki həmişə belə olub, yaxud bu cür xəbərlər zaman-zaman tirajlanıb. Amma bəzi xəbər saytlarında qütbləşmədə şair Səlim Babullaoğlunun iştirakı fikri və özünü rəhbərlik postunda görməsi, öz adamlarını qurultaya hazırlaması iddiası həqiqətən təəccüblüdür.

Yazıçılar Birliyi söz -söhbətli yerdir. Qruplaşmalar olub, xüsusən regional məqam həmişə göz deşib. Amma diqqətimizi çəkən və eyni vaxtda bir neçə saytda yayımlanan xəbərdə deyldiyi kimi yox. Bizim ehtimalımıza görə  indiyədək adı hansısa qruplaşmada çəkilməyən və  quruplaşma kimi məhəlli dünyagörüşündən uzaq olan AYB katibi Səlim Babullaoğlunu adının hallanması inandırıcı deyil. Görünür alt niyyətlərini başqalarının adına yazmaqla iz azdırmaq istəyənlər var. Harda? Yəqin ki, AYB-nin öz içində. AYB sədri Anara bütün istiqamətlərdən zərbə vurmaq, pambıqla baş kəsmək istəyənlər beləcə aktivləşirlər.

image-photo_3600

Vətəninfo.az-ın “məlumatlı mənbələrdən” əldə etdiyi, yayımladığı “xəbərə” görə AYB-nin “baş katib”i Səlim Babullağlunun Anardan sonra özünü təşkilatın sədri kimi gördüyü bildirilir.  Savadsız tərəfin gülünc iddiası niyə mətbuata sızdırılır?! Kifayət qədər təcrübəli və populyar olan bir saytın bu dezonu yaymaq üçün hansı məlumatlı mənbəyə istinad edildiyi göstərilmir, imla xətalarına yol verilir, vəzifə  belə səhv yazılır. Oxşayır ki, bu xəbəri “məlumatlı mənbələr” yazılı şəkildə çatdırıblar. Məkrli oyun quyruq göstərməyə başlayıb. Yəqin Anardan sonra AYB-də sədr olmaq iddiasında bulunanlar həm işgüzarlığı, həm tərəfsizliyi, həm  istedadı və savadı, üstəgəl boz yaradıcı mühitdə və kütlənin içində beynəlxalq çapda yetərincə tanınan Babullaoğlunun varlığı onları narahat edir.

Müstəqil.Az olaraq xəbərin ardınca düşdük. Səlim Babullaoğluna zəng etdik. Telefonumuzu açan kimi hazırda Sankt-Peterburqda olduğunu, XVIII Beynəlxalq Kitab Salonunda iştirak etdiyini,  elə bu dəqiqələrdə “dəyirmi masa”nın başlayacağını söylədi. Dedi ki, sual etdiyimiz məsələdən hali deyil, yaxşı olar ki, informasiyanı ona göndərək və 2-3 saat sonra danışaq. Elə də etdik. AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu ilə 2 saat sonra whatsap vasitəsilə danışdıq:
“Doğrusu, bu xəbərə necə reaksiya verəcəyimi bilmirəm. AYB-nin qurultayı təzəcə bitib ki… Niyə belə tələsirlər? Nədən narahatdırlar? Xəbərin üslubu mənə tanışdı, bu cür şeylər birinci dəfə deyil. Kimlərsə həmişə başqa birisini “xəbər dövriyyəsi”nə buraxmaqla yəqin bir neçə məqsəd güdürlər. Bir tərəfdən güman ki, bunu rəhbərliyin diqqətinə operativ çatdırmaqla həm canıyananlıq edir, həm münasibətləri korlayır, həm iz azdırır, həm də reaksiyanı yoxlayırlar. Məhşur filmdə deyildiyi kimi, bekarçılıqdandır.

İki hadisəni qısaca danışım sizə. Bir dəfə Astanada idim. “İpək yol”u konfransı çərçivəsində ədəbiyyatçıların görüşündə. Fasilədə Qazaxıstanın və Qırğızıstanın yazıçı təşkilatlarının sədrləriylə şəkil çəkdirdik. Təklif onlardan gəldi. Yaşlı adamlardı. Mənə dedilər ki, sən bizdən cavansan, ortada dayan. Şəkli sonradan sosial şəbəkədə paylaşdım və fotoya təqdimat kimi yazdım ki, iki sədrin arasında arzu tutmaq olar, bu əlbəttə zarafatyana bir şeydi, rus inancının improvizəsi idi, ruslar iki eyni adı daşıyan adamın arasında dayananda arzu tuta bilərsən deyirlər.
Biri şərh yazdı ki, tezliklə sədr olarsan. Mən də yazdım ki, mən artıq sədrəm. Doğurdan da onda Bədii Tərcümə Mərkəzinin sədri idim. Sonradan iş yoldaşlarımızdan biri dedi ki, Anar müəllimə deyiblər ki, Səlim sədr olmaq istəyir. Bu bilirsiz nə qədər gülünc və eyni zamanda üzücü və ayıb bir məsələdir.  Nə qədər böyük bir tərbiyəsizlikdir. Üstündən xeyli keçmişdi bunu Anar müəllimə danışdım.

Bu  yaxınlarda isə başqa bir yoldaşım söylədi ki, deyirlər sədr olmaq istəyirsən, özünü Anara oxşadırsan, qəlyan çəkməyə başlamısan. Təsəvvür edirsiz də bu nə deməkdir? Yəni bu cür düşüncəyə sahib olmaq… Bu fikri mənə çatdıran adamın şəxsimə münasibətdə xeyirxahlığına şübhəm olsaydı, ona Şəms Təbrizidən misal çəkəcəkdim. Amma çəkmədim.  Sizə isə elə indi o adamların qulağına çatsın deyə həmin  misalı çəkim. Şəms Təbrizi deyir ki, əgər birisi gəlib sizə başqa birisinin sizi söyüdüyünü deyirsə, bilin ki, həmin adam haqqınızdakı həmin söyüşə şərikdir. Yox, haqqınızda başqasının xoş sözünü çatdırırsa, demək ki, həmin xoş sözə şərikdir.
Yeri gəlmişkən, bu yaxınlarda səfərlərimizin birində bu hadisəni də Anar müəllimə danışdım.
Son olaraq mənə göndərdiyiniz xəbəri öz təbirləri ilə desək sızdıran həmkarlarıma bircə şeyi deyə bilərəm: ayıb olsun sizə.
Qoy bilsinlər, mənim adamım, adamlarım yoxdur, heç kimi heç nəyə nə hazırlamışam, nə hazırlayıram, nə də bundan sonra hazırlayacam. Yalnız Allaha və həqiqətə söykənmişəm. Bir az işlə məşğul olsalar bu onlarçün də, AYB üçün də faydalı olar. Məni çox danışdırmasınlar və elə hesab eləməsinlər ki, onların kimliyini, nəçiliyini bilmirəm…”

Faiq BALABƏYLİ

 

Share: