Şəhidlik bir səadət ki… – Fuad Biləsuvarlı

Tarix boyu düşmənlərimizin başımıza açdığı minbir oyunlara, müsbiətlərə xalqımızla bərabər, tariximiz də şahiddir. Ermənilərin xalqımıza, millətimizə etdiyi zülümlərdən, verdiyi işgəncələrdən qalaq-qalaq kitablar yazılıb, televiziya verilişləri çəkilib, teatrlarımızda tamaşalar göstərilib.

Ermənilərin türk dünyası ilə düşmənçiliyi ötən əsrin əvvəllərindən başlayıb: 1905, 1918, 1948, 1988 və nəhayət Birinci Qarabağ Müharibəsində baş verənlər buna əyani sübutdur. Zalım, qəddar düşmənlərimizin Qarabağımızı darmadığın etməsi, soydaşlarımıza, dinc əhalimizə divan tutması, ev-eşiklərindən didərgin salmaları şəhid Milli qəhrəman Çingiz Mustafayevin Xocalı soyqırımındakı çəkdiyi kadrlarla bütün dünyaya tanışdı.

Heç kimin Xocalı faciəsindən xəbəri yox idi. Çingiz müəllim gedib özünü oda-közə atdı. Erməni vandalizminin dəhşətlərini, qız-gəlinlərimizin üzərindəki zorakılıqları, uşaqların amansızcasına qətlə yetirilməsini tarixin yaddaşına köçürə bildi. Hətta kadrlarda özünün səsi də var, hönkür-hönkür ağlayır, “bunu da çək, bunu da çək”, – deyə.

Ermənilərin bu hərəkəti bütün dünyada genosid faktı kimi qəbul edilir. Düşmən təkcə insanlarımızın nəsilini, kökünü məhv etməklə məşğul deyildi, həm də vandalizmlik edib, mədəniyyətimizi, abidələrimizi, ulu babalarımızın, dahilərimizin qəbirlərini, məzarüstü abidələrini məhv edirdilər. Bəli, bu erməni vandallığı, erməni vəhşiliyidir.

Birinci Qarabağ Müharibəsində düşmən rus ordusunun dəstəyi ilə 20 faiz torpağımızı işğal etsə də, bir gün qisas alacağımıza kimsə şübhə etmirdi. Böyüklü-kiçikli heç cürə bağışlaya bilmirdik ki, bizim torpaqlarımız erməni qəsbkarlarının əllərindədir. Həqiqətən də böyük ümidimiz var idi ki, nə vaxtsa dədə-babalarımızın torpaqları özümüzə qayıdacaq. Bir zamanlar Üzeyirin, Bülbülün, Natəvanın, Xan əminin ruhu narahat idisə, indi çox şükür ki, onlar məzarlarında rahat uyuyurlar. Çünki torpaqlarımız işğaldan azaddır, Qarabağ bizdədir, Qarabağ Azərbaycandır!

İkinci Qarabağ müharibəsində 3 min nəfərə yaxın şəhid versək də, bu gün Azərbaycan özünün qalibiyyəti ilə qüruru duyur! Çünki ürəklərdə qübar bağlayan illərin həsrəti yoxa çıxdı. 44 günlük Vətən müharibəsində düşmənə necə lazımdısa, ordumuz cavab vermişdi. Vətən oğullarımız qan bahasına da olsa, torpaqlarımızı özümüzə qaytarmaqla, kimliyimizi, mərdliyimizi, mənliyimizi, özümüzü, sözümüzü özümüzə qaytarmış oldu. O münbit torpaqlarımızı, dağlarımızı, bağlarımızı, mədəniyyətimizi, musiqimizi, namusumuzu, qeyrətimizi qaytardılar.

Şuşa Azərbaycanın gözü olmaqla bərabər, həm də mədəniyyətimizin kimlik kartıdır. Bu gün biz mədəniyyətimizin “vəsiqəsi”nə də sahibik. Atalarımızın belə bir gözəl məsəli var: “Qisas qiyamətə qalmaz”. Allah səbrli olan kəsləri sevir. Həqiqətən də səbrli olmağın axırda mükafatı da var. Bax, budur bizim mükafatımız: Qarabağımız düşmənlərimizdən azad olundu. Qara günlər ağ günlərlə əvəz olundu. Qürurumuz, vüqarımız yerinə qayıtdı. Ürəyimizin, canımızın sağalmaz yarası sağaldı. 30 ilin nisgili, kədəri, qüssəsi, ağrısı, acısı sağaldı.

Allah şəhidlərimizə rəhmət eləsin! “Şəhidlik bir səadət ki”, hər kəsə o xoşbəxtlik, səadət nəsib olmur. O da çox sevindirici haldır ki, cənab prezidentimizin sərəncamı ilə bu il “Şuşa ili” oldu.

Fuad BİLƏSUVARLI

 

Share: