Şəhid tələbənin ailəsinə Türkiyə təşəkkür məktubu…

Türkiyənin Balıkesir Univeristetinin rektorunun adından bu məktəbin şəhid tələbəsi Məmmədağa Səfərovun ailəsinə təşəkkür məktubu təqdim olunub

Təşəkkür məktubunu Şəhidin valideynlərinə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları təqdim ediblər.

Məmmədağa Balakişi oğlu Səfərov 1997-ci il mayın 10-da Bakıda anadan olub. Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində ali təhsil alır. Təhsilinin son pilləsində Məmmədağa evdəkilərə təhsilini dondurub gəldiyini və hərbi xidmətini bitirdikdən sonra davam edəcəyini deyir. Valideynləri də razılaşır.

21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə Məmmədağa düşmən gülləsinə tuş gəlir və ən uca zirvə – şəhidlik zirvəsinə yüksəlir.

Qeyd edək ki, şəhidimizin adı Türkiyədə oxuduğu universitetdə əbədiləşdirilib. Türkiyənin Balıkesir Universitetinin Senatosunun qərarı ilə  Məmmədağa Səfərovun adı ali məktəbin konfrans salonuna verilib.

Məmmədağa Səfərov indi təkcə bir nəslin, bir ailənin deyil, bütün Azərbaycanın fəxridir. O, keçdiyi qəhrəmanlıq yolu ilə hər birimizə nümunədir. 23 yaşlı şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik!

Müstəqil.Az

Share: