Şəhid nəzəri – Tamella Həmidqızı yazır

 

Əbədiyyət qazanmaq istəyirsənsə,cəsarətli ol!

                                                                                                                  Maron Fulli Vergili,qədim Roma şairi

Yarım il əvvəl nələr olacağını heç kəs bilmirdi. O zaman bizim də canımız sağ idi. Sizin kimi əbədi dünyadan xəbərsiz yaşayırdıq.

Keçən il tarix dözümümüzü imtahan etməyə gəlibmiş: kim qorxaqdı, kim comərd? Kim xalqına bağlıdır, kim uzaq? Kim fani dünyanı əbədiyyətdən çox sevir, kim torpaq üçün yarandığını bilir? Kim yaradan varlığın onun nə vaxt, harada, nə üçün doğulmağının ölçü-biçiminin səbəbini anlayacaq?!

Vətən sevgisi sevgilərin ən keşməkeşlisidir. Bu sevgi insana həm qalxan, həm qılınc verər, onu dağla-daşla bərkidər. Bu sevgi ilə qanın coşar, hətta, yerə axar. O zaman ət və sümükdən olan bədənini şəhadətli ruhunun qarşısında qurban verərsən. Bunu anlayan insanın süuru Allahın ən böyük bəxşişi olan qəhrəmanlığın zirvəsinə qalxar. Bu dərketmə elə bir ucalıqdır ki, ona Tanrının dərgahı deyirlər.

Sizin dünyanızda qısa ömrümüz keçən il sonlandı. İndi var olan ruhumuzdur.

Dünən Həmrəylik gününüz idi. Həmrəylik-bizim qələbəmizin əsas səbəbi və nəticəsi.

Bu il hərəniz torpağa bir ağac əkin. O, küknar, alma, gilas, nar və s. də olsa, şəhid ağacı sayılar. Böyüdün, uzun illər meyvəsini dadın.

Ata həsrətli, oyuncaq sevdalı uşaqlara aylı,ulduzlu oyuncaqlar alın. Kimsəsizlərə, yaşlılara yardım edin.

…Tam zəfər qazanın. O zaman atəşfəşanlıq da edərsiniz. Elə şadlanın ki, sizə halal olsun, desinlər.

Sin descripción disponible.

Şəhid ruhu incədir, ancaq, əlini, ayağını, gözünü, gülüşünü, səsini itirən döyüşçü dostlarımızın sizinçün döyünən ürəkləri çox kövrəkdir, qayğı, sayğı umar. Onlara tez-tez əsgər salamı verin.

Dastana dönən üç minə yaxın igid sizin üstündə gəzdiyiniz Vətən torpağı altında rahat olmaq istər. Canınız kimi qoruyun, bizim can verib əvəzində düşmənin xain tapdağından azad etdiyimiz yerləri. Bir də analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar yetim qalmasın deyib, qoruyun. Keçən il olanları heç vaxt unutmayın.

Xocalının qisasını aldıq. O torpağı açıq muzey kimi dünyaya göstərmək sizin işinizdir. Biz qanlı-qadalı tarixi yaşadıq, onu yazmağa isə ömrümüz yetmədi…

Dörd tərəfdən halal dədə-baba torpaqları ilə sərhəd olan Azərbaycanı, xarabalığa çevrilmiş cənnətməkan Qarabağı,başı uca Şuşa qalasını bir daha yadlara verməyin.

 

Tamella Həmidqızı

Odlar Yurdu Universitetinin müəllimi

Share: