Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrinə iftar süfrəsi açılıb

Martın 31-də Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən “Royal” restoranında iftar süfrəsi açılıb. Məclisdə şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri, eləcə də qazilər, QHT və KİV nümayəndələri iştirak ediblər.

İftar zamanı öncə azan oxunub və dualar edilib. Daha sonra 31 Mart soyqırımı qubanları və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

İftardan sonra Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı çıxış edərək Allahdan bütün şəhidlərimizə rəhmət diləyib. O, Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu öyrənmək və təbliğ etmək istiqamətində təşkilatın həyata keçirdiyi layihələr haqqında danışıb: “Təşkilatımız adından şəhid Milli Qəhrəmanların və Vətən Müharibəsi Qəhrəmanlarının adları və şəkilləri olan xüsusi nişanlar hazırlanıb. Məqsədimiz şəhidlərimizin adlarını yaşatmaq və xatirəsini uca tutmaqdır”.

Məclisdə iştirak edən millət vəkili Aydın Mirzəzadə dövlət tərəfindən şəhid ailələrinə və qazilərə yüksək səviyyədə diqqətin göstərildiyini bildirib.

Tədbirdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova çıxış edərək ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların ailələrinə hər zaman Ali Baş Komandanın, o cümlədən Müdafiə Nazirliyinin xüsusi diqqət və qayğısı olduğunu deyib. O bildirib ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin ən müqəddəs borcudur: “Müqəddəs Ramazan ayında Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin keçirdiyi bu məclis şəhid ailələrinə göstərilən diqqətin bariz nümunəsidir”,- deyə o əlavə edib.

Sonda məclisdə iştirak edən Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrinin üzvlərinə nişanlar təqdim edilib.

 

 

Fuad Hüseynzadə

Share: