Sədərək ticarət mərkəzinin açılması ilə bağlı müraciət ünvanlandı

Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Möhsümova, surəti prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevə…
 
Hörmətli Baş Nazir!
Möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, o cümlədən sahibkarlığın dəstəklənməsi istiqamətində qəbul edilən qərarlar ölkəmizin iş adamları tərəfindən hər zaman rəğbətlə qarşılanır. Bir neçə aydır davam edən pandemiya şəraitində dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının qorunması, xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlarla yanaşı, geniş sosial-iqtisadi tədbirlərin də həyata keçirilməsi, həmçinin mövcud vəziyyətdə fəaliyyətini dayandırmış sahibkarlara dəstək göstərilməsi dövlətimizin hər bir vətəndaşının yanında olduğunu göstərir və bizdə qürur hissi doğurur. Biz – iş adamları da görülən bu işlərə və dövlətimizin siyasətinə töhfə verməyə çalışırıq. Onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından sonra ölkə başçımızın müvafiq çağırışına qoşularaq Fonda ilk ianə köçürən sahibkarlıq qurumlarından biri “Sədərək” firması olmuşdur. Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2020-ci il 5 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda vətəndaşların yaşayış yerini tərk etməsi və sərbəst hərəkəti ilə bağlı məhdudiyyətlər ləğv edilmişdir. Bu qərardan sonra ticarət mərkəzinə gələn alıcı sayı kəskin surətdə artmaqdadır. Nazirlər Kabineti tərəfindən verilən qərara uyğun olaraq, ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar yalnız onlayn satış həyata keçirir. Buna görə də gələn alıcılar ticarət mərkəzinin ərazisinə buraxılmadıqda müəyyən narazılıqlar yaranır. Eyni zamanda elektron keçid məntəqələrində yüzlərlə avtomobillin yığışması böyük tıxacların yaranmasına səbəb olur. Ticarət mərkəzində fəaliyyət göstərən minlərlə sahibkarların mövsümi mallarını satışa çıxara bilməməsi onların maddi rifah halına da mənfi təsir etmişdir. Bütün bunları nəzərə alaraq, tədris ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-nə kimi ticarət mərkəzi ərazisində sahibkarların pərakəndə satış həyata keçirməsinə icazə verilməsi məsələsinə baxılmasını Sizdən xahiş edirik. Ümidvarıq ki, bu məsələnin müsbət həll olunmasında dəstəyinizi əsirgəməyəcəksiniz. Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin Operativ Qərargah tərəfindən təsdiq olunan bütün sanitar-epidemioloji qaydalara riayət olunmasını “Sədərək” firması olaraq daima nəzarətdə saxlayacağıq. Bu çətin günlərdə bizə göstərilən qayğıya görə bir daha minnətdarlığımızı bildiririk.
 
Hörmətlə:
 
“Sədərək” Ticarət Mərkəzinin rəhbərliyi və mərkəzdə çalışan sahibkarlar
Müstəqil.Az
Share: