Səbail qaçqınları Yasamalda yağışın altlnda qaldı!.. – Rayon İcra Hakimiyyətinin nəzərinə

Qızı və 6 yaşlı nəvəsi ilə küçədə qalmış 1-ci qrup əlil  və xəstə qadın, rəhmətə getmiş Ermənistan qaçqınının həyat yoldaşı Kifayət Hüseynova Prezident İlham Əliyevdən və  1-ci Vitse-prezident Mehriban Əliyevadan imdad diləyir…
Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda 14 ildir kirayə yaşadıqlarını iddia edən  3 nəfərdən ibarət bir ailə sentyabrın 22-i axşam saatlarında ev əşyalarını Yasamal rayonu Seyfəddin Dağlı küçəsində “Space” kanalı ilə üzbəüz beşmərtəbəli binanın yanına tökərək açıq havada özlərinə müvəqqəti daldalanacaq qurub. Ailə üzvləri bunlardır: 1-ci qrup əlil, 54 yaşlı Hüseynova Kifayət Höküm qızı,  32 yaşlı Hüseynova Aygün Hümbət qızı və onun 6 yaşlı  oğlu Ərani İbadov.
Kirayə haqqını ödəyə bilmədikləri üçün bayıra atılmış ailənin gecə saatlarında alüminium qazanları və bir neçə digər əşyası oğurlanıb.  Bu gün səhər saatlarında isə didərgin ailə şiddətli yağışın altında qalıb. Yaxınlıqda yataqxanadakı məcburi köçkünlər  onların köməyinə gələrək xəstə, əlil qadını və 6 yaşlı nəvəsini çadırdan qurulmuş bir qaçqın “qaraj”ına yerləşdirib isti çay, qida, meyvə və paltarla təmin ediblər. Lakin getdikcə soyuyan payız havasında torpağın, betonun üzərində qalmış bu insanlar innən belə nə edəcəklərini bilmirlər…
Onu da qeyd edək Kifayət Hüseynovanın əri Höküm Hüseynov Ermənstandan didərgin düşmüş soydaşlarımızdan olub və 1993-cü ildə vəfat edib.
Ağır xəstə olduğunu söyləyən 1-ci qrup əlil Hüseynova Kifayət Höküm qızı bir daha üzünü Prezident İlham Əliyevə, 1-ci Vitse-prezident Mehriban Əliyevaya, Bakı Şəhər İcra Hakimiyyətinə, Səbail Rayon İcra hakimiyyətinə, xeyriyyəçi insanlara, təşkilatlara, şou əhlinə tutaraq imdad diləyir. Əməkdaşımız Bakı “qaçqın”larının sənədləri ilə də maraqlanıb və həqiqətən də onların Bakı şəhəri, Səbail rayonunda rəsmən qeydiyyatda olduqlarını öyrənib…
Bir daha ümid edirik ki, dövlət və hökumət orqanları  və xeyriyyəçi insanlar tezliklə maddi imkansızlıqdan didərgin düşmüş bu ailənin taleyi ilə ciddi şəkildə maraqlanacaq.
 
Share: