BİR İNSANI QINAMAZDAN ƏVVƏL ONUN DAŞIDIĞI YÜKÜ GÖRÜN

BİR İNSANI QINAMAZDAN ƏVVƏL ONUN DAŞIDIĞI YÜKÜ GÖRÜN

Mənim üçün Mübariz Mənsimov da, Əvəz Zeynallı da dəyərli insanlardır. Bu sözləri nə kimisə müdafiə etmək, nə də kimisə qınamaq üçün yazıram. Sadəcə, bəzi məsələlər haqqında hökm verməzdən əvvəl insanın daşıdığı yükü görmək lazımdır.

Düzünə qalsa, Mübariz Mənsimov neçə illərdir öz dərdlərinin, itkilərinin, həsrətinin içində yaşayır. Atası Qurban kişi dünyasını dəyişəndə belə, onun son mənzilinə gedib vida etməsinə imkan verilmədi. Bir övlad üçün bundan ağır nə ola bilər ki? Bu günə qədər də atasının qəbrini ziyarət edə bilməyib. İndi isə anasının ağır vəziyyəti ilə üz-üzədir.
Bəzən insanın cibində milyonları ola bilər, amma ürəyində elə bir yara olar ki, heç bir sərvət onu sağalda bilməz. Bəzən insanın əlindən gələn yaxşılıqları, verdiyi dəstəyi, etdiyi xeyirxarlıqları bir kənara qoyub, onun edə bilmədiyi bir şeyə görə hökm çıxarırıq. Halbuki o “edə bilmədiyi” şeyin arxasında bəlkə də bizim bilmədiyimiz məqamlar, qadağalar, təzyiqlər, itkilər və illərlə yığılan nisgil dayanır.

Ən əsası isə budur ki, Mübariz Mənsimovun Əvəz Zeynallıya kömək edib-etmədiyini, hansı formada və nə qədər kömək etdiyini heç kim tam olaraq bilmir. Bəlkə edib, bəlkə də edə bilməyib. Bəlkə də bizim bilmədiyimiz hansısa səbəblər olub. İnsan bilmədiyi bir həqiqət haqqında qəti hökm verməməlidir. Bir də Azərbaycanda və Azərbaycandan kənarda Mübariz Mənsimovdan qat-qat böyük maddi imkanlara sahib insanlar var. Əgər söhbət kiminsə xəstəliyi və ya müalicəsi üçün maddi dəstəkdən gedirsə, niyə yalnız Mübariz Mənsimovun adı gündəmə gətirilir? Niyə digər imkanlı insanların adı çəkilmir? Bu sualın cavabını mən də bilmirəm. Amma elə buna görə də bir insanı yalnız imkanlı olduğuna görə hədəfə çevirmək və ondan hesabat tələb etmək ədalətli yanaşma deyil. Əgər kimin nə etdiyini dəqiq bilmiriksə, “kömək etmədi” hökmünü necə bu qədər rahat verə bilərik?
Bəlkə Mübariz kömək edib, bunu heç kim bilmir. Bəlkə də edə bilməyib. Bəlkə də bizim bilmədiyimiz başqa səbəblər olub. Hər iki halda, bilmədiyimiz bir məsələ üzərindən insan haqqında ağır ittihamlar səsləndirmək doğru deyil.
Üstəlik, bir insanın imkanları nə qədər böyük olsa da, ölümün qarşısını almağa heç bir sərvətin gücü çatmır. Pul bəzən müalicəyə, dəstəyə, şəraitə imkan yarada bilər, amma insan ömrünün son hökmünü sərvət vermir. Ölüm qarşısında hamımız eyni dərəcədə acizik.
Əvəz Zeynallının taleyi isə ayrıca bir ağrıdır. Bir insanın xəstəliyi üzərindən siyasi, ictimai və şəxsi hesablaşma aparmaq nə Əvəzin xatirəsinə yaraşır, nə də vicdana.
Əvəzə edilən yaxşılıqları da, edilməyənləri də zaman və tarix özü qiymətləndirəcək. Amma bir insanın dərdini başqa bir insanı ittiham etmək üçün tərəziyə qoymaq mənə görə ədalət deyil.
Mübariz Mənsimovun da ağrısı var. Əvəz Zeynallının da ağrısı vardı. Biri atasının məzarına gedə bilməyin ağrısını, digəri isə ömrünün son günlərində sağlamlıq və həyat uğrunda mübarizənin ağrısını daşıdı.
Biz bu iki ağrını bir-birinə qarşı qoymamalıyıq.
Çünki dərdin böyüyü, kiçiyi olmur. Hər insan öz yarasını dünyanın ən ağır yarası kimi daşıyır.
Və ən əsası — ürəyində bu boyda nisgil gəzdirən bir insanı, bütün həyatını və yaşadıqlarını bilmədən, bir hadisənin üzərindən “qorxaq”, “laqeyd” və ya “xeyriyyəçiliyi saxta” adlandırmaq ədalətin hansı növünə aiddir?
Bəlkə də bəzən hökm verməkdən əvvəl bir az susmaq, bir az düşünmək və insanın görmədiyimiz tərəfinə hörmət etmək lazımdır.
Çünki hər kəsin bizə göstərmədiyi bir yarası var.

Şərafəddin İlkin
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı

Share: