Səhnə fədaisi:Əli Salahlı – Leyla Məcidova yazır

Səhnə fədaisi:Əli Salahlı – Leyla Məcidova yazır

 

Azərbaycan teatr sənəti çoxəsrlik milli ənənələr və klassik dramaturgiya üzərində dövr edərək, eyni zamanda regional mədəniyyət ocaqlarının enerjisi ilə qidalanan canlı bir orqanizmdir. Bu müqəddəs məbədin intibahında və bölgələrdə teatr arealının genişlənməsində müstəsna xidmətləri olan sənətkarlardan biri də Əməkdar artist Əli Salahlıdır. Onun həyat və yaradıcılıq yolu təkcə bir aktyorun bioqrafiyası deyil, bütövlükdə cənub bölgəsinin mədəni intibahının, xüsusilə Lənkəran Dövlət Dram Teatrının otuz ildən artıq bir dövrünün tarixi-bədii salnaməsidir.
Əli Salahlı 26 iyun 1946-cı ildə Azərbaycanın qədim köklərə malik Masallı rayonunun Yeddioymaq kəndində dünyaya göz açmışdır. Təbiətin ritmi, xalq folklorunun zənginliyi və cənub regional mühitinin özünəməxsus lirik-sentimental aurası gənc Əlinin daxili dünyasının formalaşmasında mühüm rol oynamışdır.
Sənətə olan daxili ehtiyac və ilahi vergi onu sonradan milli mədəniyyətimizin əsas kadr ocaqlarından birinə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) gətirib çıxarır. 1977–1982-ci illərdə bu ali təhsil müəssisəsinin mədəni-maarif fakültəsində qiyabi təhsil alması onun fitri istedadının nəzəri aspektlərlə zənginləşməsinə, səhnə qanunauyğunluqlarını daha dərindən dərk etməsinə şərait yaratdı. Bu illər həm də aktyorun praktiki yaradıcılıq axtarışlarının nəzəriyyə ilə sintez olunduğu yetkinlik dövrünün başlanğıcı idi.
Əli Salahlının sənət taleyi 1973-cü ildən etibarən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı ilə qırılmaz tellərlə bağlanır. 2005-ci ilə qədər davam edən bu otuz iki illik dövr aktyorun yaradıcılıq bioqrafiyasının qızıl səhifəsidir.
Lənkəran teatrı Azərbaycan teatr tarixində özünəməxsus poetikası, aktyor məktəbi və rejissor axtarışları ilə seçilən bir məkandır. Belə bir mühitdə truppanın aparıcı simalarından birinə çevrilmək aktyordan yüksək daxili psixologizm və geniş amplua tələb edirdi. Əli Salahlı səhnədə canlandırdığı obrazların daxili dünyasına nüfuz etmək, onların sosial və fəlsəfi mahiyyətini açmaq bacarığı ilə rejissorların ən çox müraciət etdiyi sənətkarlardan birinə çevrildi.
Səhnə obrazlarının tipologiyası və poetikası
Əli Salahlının repertuar rəngarəngliyi onun həm klassik, həm də müasir dramaturgiyaya eyni dərəcədə sahib olduğunu göstərir. Aktyorun ifasında janr məhdudiyyəti yox idi,o, faciə, dram, komediya və psixoloji dram janrlarında eyni ustalıqla çıxış edirdi.
Əli Salahlının zəngin repertuar rəngarəngliyi onun həm klassik, həm də müasir dramaturgiyaya eyni dərəcədə vaqif olduğunu, janr məhdudiyyəti tanımadan faciə, dram, komediya və psixoloji dram janrlarında eyni ustalıqla çıxış etdiyini göstərir.
Sənətkarın zəngin yaradıcılıq palitrasına nəzər saldıqda, onun teatr tariximizə bəxş etdiyi monumental obrazlar və həmin rolların bədii mənzərəsi bir-birini əvəz edən parlaq bir silsilə kimi göz önündə canlanır. Aktyor Süleyman Sani Axundovun “Tamahkar” əsərində canlandırdığı Hacı Murad obrazı ilə cəmiyyətdəki sosial eybəcərliklərin və insanın daxili dünyasını gəmirən nəfsin psixoloji təhlilini böyük ustalıqla aça bilmişdir. Mehdi Hüseynin “Alov” dramındakı Cəlal Qaşqay rolu ilə ziyalı mübarizəsini, dövrün ideoloji gərginliklərini və mənəvi bütövlük axtarışlarını səhnəyə daşımışdır. Səməd Vurğunun ölməz “Vaqif” pyesindəki Vidadi xarakteri Lənkəran teatrının poetik ab-havasına uyğun olaraq lirik-fəlsəfi dərinliyin, tarixi kədərin və poeziyanın səhnə təcəssümünə çevrilmişdir. Şıxəli Qurbanovun “Sənsiz” dramında canlandırdığı Tərlan obrazı müasir insanın daxili sarsıntılarını, sevgi və həsrətin lirik çalarlarını aktyorun səhnə cazibəsi ilə birləşdirərək yaddaqalan bir performansa çevirmişdir.
Yaradıcılıq yolunu davam etdirərək Əbdürrəhim bəy Haqverdiyevun “Bəxtsiz cavan” əsərində Musa obrazına həyat verən sənətkar, feodal mühitinin qurbanı olan gəncliyin faciəsini özünəməxsus daxili dramatizmlə tamaşaçıya çatdırmağı bacarmışdır. Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” komediyasında elə baş qəhrəman Hacı Qəmbər tipajı ilə klassik teatrımızın xəsislik və cəhalət simvolunun satirik ifşasını yüksək aktyorluq plastikası ilə reallaşdırmışdır. Georgi Xuqayevin “Arvadımın əri” məişət komediyasında isə Elbrus rolu ilə incə yumorun, vəziyyət komizminin və xarakter oyununun parlaqlığını nümayiş etdirmişdir. Zeynal Xəlilin “Qatır Məmməd” tarixi-inqilabi mövzulu əsərində Əziz obrazının çiyinlərində daşıdığı sosial statusun dəyişməsi və insanın daxili inamının dramını ön plana çəkmişdir.
Dövrün irimiqyaslı və monumental xarakterlərinə də eyni uğurla müraciət edən aktyor, Baba Rzayevin “Qəhrəmanlıq xronikası” pyesində görkəmli hərbi xadim Mehmandarovun vətənpərvər portretini böyük məharətlə yaratmışdır. İlyas Əfəndiyevin lirik-psixoloji auralı “Məhv olmuş gündəliklər” tamaşasında Qənimət obrazı ilə insanın daxili tənhalığını və duyğuların kövrəkliyini zərif ştrixlərlə işləmiş, müəllifin digər bir fundamental əsəri olan “Mahnı dağlarda qaldı” dramında isə Bayram bəy obrazı vasitəsilə keçid dövrünün ictimai-siyasi ziddiyyətləri daxilində şəxsiyyətin çöküş dramına xüsusi bir ahəng qazandırmışdır. Sergey Mixalkovun “Bahalı oğlan” əsərində Makintoş rolu ilə Qərb burjua psixologiyasının və yad mühitin satirik-dramatik təhlilini apararaq öz amplua genişliyini bir daha sübut etmişdir. Mirzə İbrahimovun “Kəndçi qızı” pyesində Sarvan obrazı ilə saf mənəviyyatın, torpağa bağlılığın və zəhmət adamının daxili zənginliyinin tərənnümünü ön planda saxlamışdır. Nəhayət, Əli Səmədlinin “Ölüm hökmü” əsərində canlandırdığı Ata rolu ilə müasir dövrün mənəvi aşınmalarına və yadlaşma prosesinə qarşı duran müdrik bir atalığın faciəsini tamaşaçının qəlbinə həkk edərək teatr tariximizdə silinməz izlər qoymuşdur.
Əli Salahlının sənətində obrazların fəlsəfi təhlilinə nəzər yetirdikdə,xüsusilə diqqəti cəlb edən xətt , klassik psixologizm və milli-satirik tipaj yaratma bacarığını görə bilərik.
Səməd Vurğunun “Vaqif” dramındakı Vidadi obrazı aktyorun lirik-poetik potensialının zirvəsidir. Şair Vidadinin dünyadan köçən kədərini, onun fəlsəfi ümidsizliyini və eyni zamanda insani ucalığını Salahlı səhnədə sözün musiqisi və baxışların ekspressiyası ilə ifadə edirdi.
Tamamilə fərqli bir ampluada Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” əsərində baş qəhrəmanı canlandırarkən aktyor tamamilə başqa bir estetika nümayiş etdirirdi. Onun Hacı Qəmbəri təkcə güldürən yox, həm də cəmiyyətin mənəvi aşınmasını dərindən düşündürən, realizm məktəbinin ən bariz nümunələrindən biri idi.
İlyas Əfəndiyev dramaturgiyasının,”Məhv olmuş gündəliklər” Qənimət, “Mahnı dağlarda qaldı” Bayram bəy poetikasına xas olan “daxili monoloqlar teatrı” Əli Salahlının ifasında öz həqiqi bədii həllini tapırdı. O, lirik hüzünlə ictimai statusun ziddiyyətini böyük ustalıqla birləşdirirdi.
Əli Salahlının Azərbaycan teatr sənətinin inkişafındakı danılmaz xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Bu ad, aktyorun soyuq səhnələrdə, çətin illərdə teatr işığını sönməyə qoymayan fədakar əməyinə verilən ən ali qiymət idi.
Əli Salahlının yaradıcılığı teatrşünas İlham Rəhimlinin fundamental “Azərbaycan Teatr Ensiklopediyası” (I cild, 2016) nəşrində layiqli şəkildə işıqlandırılmış, onun Lənkəran teatrının formalaşmasındakı rolu elmi-nəzəri baxımdan təsdiqini tapmışdı.
Əli Salahlı Azərbaycan teatr tarixində özünəməxsus iz qoymuş, əyalət teatrının respublika səviyyəli mədəniyyət hadisəsinə çevrilməsində böyük rol oynamış sənətkardır. Onun yaratdığı obrazlar qalereyası bu gün də gənc aktyor nəsli üçün bir məktəb, milli dramaturgiyamızın səhnə təcəssümü baxımından isə zəngin bir xəzinədir. Səhnəyə həsr olunmuş otuz ildən artıq bir ömür, Azərbaycan teatrının daş yaddaşına yazılmış ölməz obrazlar Əli Salahlını hər zaman sənətsevərlərin qəlbində yaşadacaqdır.
Azərbaycan teatr sənəti və Lənkəran mədəni mühiti üçün yeri heç vaxt dolmayacaq, böyük bir itkidir. Səhnəyə bütöv bir ömür bəxş edən, yaratdığı bənzərsiz obrazlar qalereyası ilə yaddaşlarda silinməz izlər qoyan Respublika sənətkarı, Əməkdar artist,sənət fədaisi Əli Salahlının əziz xatirəsi hər birimizin qəlbində dərin bir hüznlə yaşayır.
Lənkəran Dövlət Dram Teatrında böyük sənətkarın anadan olmasının 80 illiyinə həsr edilmiş xatirə gecəsinin keçirilməsi, onun irsinə, teatr fədakarlığına göstərilən ən ali ehtiramın və vəfanın təzahürüdür. Səhnə işığını qoruyan, ömrünü sənətə fəda edən insanların xatirəsi heç vaxt ölmür, onlar yaratdıqları rollarda, pərdə hər açılıb-qapandıqca yenidən doğulurlar.
Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru
Leyla Qadir qızı Məcidova

Share: