Rusiyada son illərin ən mürəkkəb layihəsi nəqliyyat sisteminə yeni impuls verəcək

İlk dəfə olaraq 1935-ci ildə istifadəyə verilən Moskva metrosu bütün bu illər ərzində paytaxtın nəqliyyat yükünün əhəmiyyətli hissəsini öz üzərinə götürüb. Bu il martın 1-i Moskva metropoliteninin Böyük dairəvi xəttinin (BDX) tam olaraq istifadəyə verilməsi isə paytaxtın nəqliyyat sisteminin yaxşılaşdırılmasına yeni impuls verəcək.

“Qafqazinfo”nun məlumatına görə, 31 stansiyadan ibarət yeni xətt Moskvanın 34 rayonunda sərnişindaşıma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə xidmət edir. Sözügedən ərazilərdə isə təqribən 3,3 milyon sakinin yaşadığını xüsusi vurğulamaq lazımdır.

Açılan yeni stansiyalar sayəsində şəhərdə tıxacların aradan qaldırılması hədəflənir. Belə ki, Böyük dairəvi xəttin stansiyaları ilə sərnişinlərin daha qısa və sürətli yol seçmək imkanları yaranıb. Yeni xətt vasitəsilə şəhəri dolanmayaraq təyinat nöqtəsinə birbaşa marşrutlarla çatmaq mümkündür. 

Məsələn, indi sərnişinlərə “Naqatinskiy Zaton” stansiyasından “Tekstilşiki” stansiyasına getmək üçün cəmi 6 dəqiqə vaxt tələb olunur. Əvvəllər isə bu məsafəni qət etmək üçün 50 dəqiqə sərf etmək lazım gəlirdi. Beləliklə, yeni stansiyalardan istifadə edərək sərnişinlər gün ərzində öz vaxtlarına 45-50 dəqiqə qənaət etmək imkanına sahibdirlər. Ümumilikdə yeni stansiyalar 1,2 milyon Moskva sakini üçün əlçatan məsafədə yerləşir. 

Bununla yanaşı, Rusiya tarixində ən böyük və son illərin ən mürəkkəb layihələrdən biri hesab edilən Böyük dairəvi xətt metropolitenin digər stansiyalarında sərnişin yükünün azalmasına da xidmət edəcək. Analitiklər Böyük dairəvi xəttin açılmasından sonra Moskva metropolitenində sutkada 2,2 milyon insanın səfər edəcəyini proqnozlaşdırır. 

Yeni stansiyaların açılışı paytaxtda nəqliyyat sistemi ilə yanaşı, yeni stansiyaların ətrafında yerləşən ərazilərin də inkişafına öz töhfəsini verir. Belə ki, gələcək illərdə Böyük dairəvi xəttin stansiyalarının əhatə etdiyi ərazilərdə çox sayda yeni iş yerlərinin, ictimai iaşə və sosial obyektlərin yaradılması planlaşdırılır. 

Böyük dairəvi xəttin tarixinə nəzər salsaq görərik ki, xəttin inşası barədə ideya hələ 1970-ci illərdə yaranıb. Buna baxmayaraq, Moskva şəhərinin rəhbərliyi 2011-ci ildə layihəni həyata keçirməyə başlayıb. Bununla da, 12 il ərzində mərhələli şəkildə 70 kilometr uzunluğa malik dünyanın ən uzun dairəvi metro xətti inşa edilib. Lakin Moskva metrosunun genişləndirilməsi bununla bitmir və yaxın vaxtlarda yeni stansiyaların açılması, mövcud stansiyaların işinin daha da təkmilləşdirilməsi gözlənilir.

Günel İbrahimova


Share: