Rusiyada səfərbərliklə bağlı alçaldıcı görüntülər yayılıb – Foto

Səfərbərlik Rusiya ordusunun xarizmasını zədələdi. İndiyə qədər Kreml qoşunlarının əzəməti barədə çox danışılırdı. Rusiyalılar dünyanın ikinci ordusunu tərifləyirdilər. Ukrayna müharibəsi göstərdi ki, Rusiya ordusu deyildiyi qədər güclü deyil. Hərbi texnikanın böyük hissəsi köhnədir, sovet dövründən qalıb. Ordunun peşəkarlığı aşağı səviyyədədir. Üstəlik, ehtiyatda olan hərbi qulluqçular da döyşmək istəmir. Rusiya ordusu dünyanın gözündə alçalmağa davam edir…

Müstəqil.Az Bizimyol.info-ya istinad edərək  xəbər verir ki, Rusiyada döyüşə qocalar gedir. Sevastopoldakı səfərbərlik şəkillərinə baxanda məlum ifadəni düşünməmək olmur. Sosial mediada yayılan foto və videolarda gözə dəyən hərbi geyimli şəxslərin əksəri yaşlı görünür. Jurnalist Andrey Tsaplienko onların çoxunun 50 yaşı haqladığını yazıb.

Rusiya Qara dəniz donanmasının rəhbəri vəzifəsini icra edən Viktor Sokolov 600 çağırışçı qarşısında çıxış edib. O, ölkənin indi fədakarlığa ehtiyacı olduğunu bildirib. Sevastopolun qubernatoru Mixail Razvoşayev və Krımın rəhbəri Sergey Aksenov da çıxış imkanından istifadə edib.

Sonda dini ritual həyata keçirilib. Çağırışçılar təlimə göndərilib. Hərçənd, onların birbaşa döyüşə getməsi də mümkündür.

Azərbaycanlı keşmiş futbolçu Emin Ağayev də Rusiya ordusuna çağırılıb. 49 yaşlı müdafiəçi bu dəfə hücuma keçməlidir. Rusiya vətəndaşlığı daşıyan Emin Ağayev Ukraynaya yollanacaq. Adının çağırışçılar siyahısında olması futbolçunu xeyli təəccübləndirib.

Kremlin işğal zonasında apardığı səfərbərlik, Sevostopol, Krım, Ukrayna

Emin Ağayev futbol üzrə Azərbaycan milli komandasında ən çox oyun keçirən futbolçulardandır. Onun yığma kollektivdəki oyunlarını hətta keçmiş dövlət başçısı Heydər Əliyev də izləyib. Emin Ağayev həmişə etibarlı müdafiəçilərdən sayılıb. Necə döyüşəcəyi barədə söz demək olmur.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-də təxminən 300 min ehtiyatda olan hərbi qulluqçuya çağırış vərəqi göndərildiyini açıqlamışdı. Müstəqil media rəqəmin daha böyük olduğunu hesab edir. Ukraynalı hakerlərin ortaya çıxardığı siyahıda 306 minə qədər Rusiya vətəndaşının adını görmək mümkün idi. Media çağırışçıların sayının milyona çatmaq ehtimalı barədə yazır.

Aytən, Bizimyol.info

Share: