Rusiya XİN-in təhlükəli Qarabağ oyunu: Rudenko nə dedi?

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun TASS-a müsahibəsində Qarabağla bağlı söylədikləri Rusiya XİN-in mövqeyi baxımından kifayət qədər narahatlıq doğurur – əlbəttə, əgər Rudenkonun sözləri təhrif edilməyib və açıqlaması kəsilməyibsə.

Ancaq aradan xeyli zaman keçdiyi və hər hansı təkzib olmadığı üçün görünür, Rudenko açıqlamasından razıdır.

Ona görə də A.Rudenkonun sözlərinə xüsusi həssaslıq aktuallaşır.

Birincisi, başlayaq ondan ki, Rudenko 10 noyabr razılaşması haqda danışarkən, bunları sıralayır: Dağlıq Qarabağ ətrafında yerləşən bölgələrin Azərbaycana qaytarılması, qaçqınların geri qayıtması, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin qorunub saxlanması, təhlükəsizlik, sülhməramlı əməliyyatları, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması.

Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması hansısa vaxtda sülh danışıqlarının mövzusu olub, ancaq Vətən müharibəsində Azərbaycan öz Ordusunun, şəhidlərinin və qazilərinin sayəsində 30 ilə yaxındır Ermənistanın işğalı altında olan torpaqlarını, o cümlədən 1991-ci ildə ləğv edilən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhəmiyyətli hissəsini hərbi yolla geri qaytardı, ərazi bütövlüyünü təmin etdi. Yəni artıq “Dağlıq Qarabağ” yoxdur, 10 noyabr 2020-ci il bəyanatında da “Dağlıq Qarabağın ətrafındakı rayonlar” qaytarılmayıb və ümumiyyətlə, qaytarılma-bağışlanma söhbəti yoxdur: Ermənistan kapitulyasiyaya imza atıb və Azərbaycanın bütün torpaqlarından öz ordusunu çıxarmaq öhdəliyini götürüb. Bu isə o deməkdir ki, Ermənistanın Dağlıq Qarabağ işğalı başa çatıb və münaqişə də bitib.

İkincisi: 10 noyabr bəyanatı ilə bağlı işlədilən “Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizinin qorunub saxlanılması” cümləsi siyasi baxımdan naqis, birtərəfli, eyni zamanda, ermənipərəst açıqlama olmaqla bərabər, bəyanatın təhrifi, Rusiya XİN-in qeyri-adekvatlığının bariz nümunəsidir. Heç nə “qorunub saxlanılmayıb”, Azərbaycan Qarabağda yaşayacağı ehtimal olunan ermənilərin Ermənistana maneəsiz gedib-gəlməsini təmin etmək üçün Laçın dəhlizinin hələlik açıq saxlanılmasına razılaşıb, əvəzində isə Mehri dəhlizinin açılmasına nail olub. Bu dəhliz isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməlidir və bu istiqamətdə hazırda işlər gedir.

Üçüncüsü: Rudenko bütün vasitələrlə ATƏT-in Minsk Qrupunu “görəvləndirməyə” və keçmiş Dağlıq Qarabağ münaqişəsinin hələ də mövcud olduğu görüntüsünü yaratmağa çalışmaqla, əslində, 10 noyabr bəyanatını növbəti dəfə təhrif edir.

1-ci sitat: “ATƏT-in Budapeşt Sammitinin (1994) qərarlarına uyğun olaraq, Minsk Qrupu həmsədrlərinin üzərinə qoyulmuş hərtərəfli siyasi nizamlanmaya nail olmaq vəzifəsi əvvəlki kimi tələb olaraq qalır”.

2-ci sitat: “Üçlük” güclü beynəlxalq dəstəyə malikdir və status məsələləri də daxil olmaqla sonrakı addımlara qarşılıqlı məqbul yanaşmaların hazırlanmasında faydalı ola bilər. Lakin bunu vaxtı gələndə, ehtiyatla, tələsmədən etmək lazımdır. Artıq ATƏT-in Minsk Qrupu və həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərinin gücləndirilməsində fəal iştirak edə bilər. Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı regionda vəziyyətin ümumilikdə yaxşılaşdırılmasına və siyasi yolda gələcək perspektivlərə zəmin yaradılmasına kömək edəcək”.

Minsk Qrupu “hərtərəfli nizamlanmaya aid” 1994-cü ildə üzərinə qoyulan öhdəliyi yerinə yetirmədiyi, münaqişəni donmuş vəziyyətdə saxlamağa üstünlük verdiyi və missiyasını yerinə yetirə bilmədiyi üçün 27 sentyabr 2020-ci ildə müharibə başladı və Azərbaycan BMT qətnamələrində də əksini tapan ərazi bütövlüyünü bərpa etdi. İndi Minsk Qrupunu bütün vasitələrlə “mükəlləfiyyətləndirmək” kimə və nəyə lazımdır?

Əlbəttə, yalnız və yalnız ermənilərə. Hazırda Ermənistan aktiv şəkildə keçmiş Dağlıq Qarabağ məsələsinin “həll olunmadığını” israrla beynəlxalq aləmdə izah etməyə və münaqişənin hələ də qaldığını, bununla ATƏT MQ-nun məşğul olmalı olduğunu sırımağa çalışır. Məqsəd isə MQ-ni aktivləşdirmək, yenidən danışıqlar masası arxasında alverə başlamaq və Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan bir ovuc – rəsmi rəqəmlərə görə 70 mindən də az olan erməni əhaliyə status almaqdır.

Rudenko bunu açıq şəkildə dilə də gətirir, “status məsələləri də daxil olmaqla”…

Hansı statusdan söhbət gedə bilər? Azərbaycan Prezidenti İlham Əliyev ermənilərə Qarabağda heç bir status verilməyəcəyini rəsmən elan edib və buna heç bir halda imkan verməyəcəyini bildirib. 10 noyabr bəyanatında da hər hansı status məsələsi yoxdur, yalnız ermənilərin Qarabağda yaşamasını təmin etmək məsələsi var.

Qarabağda ermənilərə kiçik bir ərazidə də olsa, “status” qondarmaq Rusiya XİN-in artıq hədəfinə və məqsədinə çevrilməkdədir. Əgər dünənə qədər bunu açıq ifadə etmirdilərsə, bu gün dilə gətirirlər və bunun “gələcəyə” saxlanılmalı olduğunu vurğulayırlar.

ATƏT-in Misnk Qrupu azərbaycanlılarla ermənilər arasında hansı etimadın “güclənməsində” yardımçı ola bilər? Minsk Qrupuna Azərbaycanda etimad ermənilərə etimaddan daha azdır. Bu qurum faktiki olaraq iflas olub, etimadını itirib: Azərbaycanda artıq uzun illərdir lağ obyekti olan MQ indi, münaqişəni Azərbaycan ordusu həll etdikdən sonra hansı “missiyanı” yerinə yetirmək istəyir ki?

Misnk Qrupu kimin oyunu idi və illərdir nə işlə məşğul olurdusa, artıq bu oyunu Dəmir Yumruq məhv etdi. heç bir missiyaya ehtiyac yoxdur, çünki Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb.

Cənubi Qafqazda təsir imkanlarını daim qoruyub saxlamaq üçün burda münaqişə ocağının tamamilə məhv olmasının qarşısını almaq istəyi hiss edilir. Rus sülhməramlılarının Qarabağdakı məsuliyyət zonalarına Ermənistan və Rusiya vətəndaşlarının “sərbəst girişini” təmin etməsi, Qarabağa müxtəlif vədlər altında ermənilərin daşınması və onlara ərzağının havayı verilməsi, evlərinin, obyektlərinin təmiri, modul evlər tikintisi, humanitar yardım, pulsuz tibbi xidmət və s. çoxsaylı “xidmətlər” heç bir sülhməramlı missiyasına sığmır. Bunlar faktiki olaraq Qarabağda məskunlaşma yaratmaq, ermənilərin geri qayıdışını nə yolla olursa-olsun təmin etmək və gələcəkdə hansısa statusa ümid etməklə, yenidən Azərbaycanın qəlbinə hər an partlayacaq mina basdırmaq cəhdididr.

Əbəs cəhddir, Rusiya ölkəsindən kənarda 50-60 min “hazıryeyən“ ermənini nə vaxta qədər saxlayacaq?

Adambaşına hər həftə 5 kilo ərzaq bir həftədə 250 min kilo deməkdir, ayda min ton! Sanksiyalar altında olan Rusiya büdcəsinin vergi ödəyiciləri ayda min ton yalnız ərzağın ölkədən daşınmasına nə qədər dözəcəklər?

800 min azərbaycanlı geri qayıdandan sonra mənzərə necə olacaq?

Müstəqil.Az

Share: