Rusiya kanalının Azərbaycanda yayımına qadağa qoyulsun – Deputat

“Rusiya Müdafiə Nazirliyinin idarə rəisi general Mizinsevin Qarabağın müvəqqəti kontrollarında olan hissəsindən guya Ukraynaya 14 ton yardım göndərilməsi haqqında açıqlamasına mən heç təəccüblənmədim”.

Müstəqil.Az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev özünün feysbuk hesabında yazıb.

“Əlbəttə, deyə bilərsiniz ki, general ağ yalan danışır, özləri yardıma möhtac olanlar bunu necə edə bilərlər? Təbii ki, doğru da deyəcəksiniz. Amma Ukraynada baş verənlərin savaş deyil, “özəl əməliyyat” olduğunu bildirənlərdən, bu haqda yüzlərlə videofakt olmasına baxmayaraq mülki obyektləri, yaşayış evlərini bombalamalarını təkzib edənlərdən başqa nə gözləmək olar?

Arbatdakıların, o sıradan da general Mizinsevin tez-tez işlətdikləri “Dağlıq Qarabağ” termininə gəldikdə isə, Rusiyanın Ukraynada etdikləri nə dərəcədə beynəlxalq normalara cavab verirsə, bizim 44 günlük savaşdan yaxşı tanıdığımız Semyon Peqov kimi yaramazların oradan hazırladıqları reportajlar nə qədər obyektivdirsə, bu da bir o qədər yerindədir”, – deyə deputat bildirib.

Sahib Alıyev həmçinin təklif edirb ki, Rusiya Müdafiə Nazirliyinin “Zvezda” kanalının Azərbaycanda yayımına qadağa qoyulsun:

“Çünki bu kanal Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsindən davamlı olaraq qərəzli reportajlar verir və bu zaman hətta “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətməkdən belə çəkinmir”.

Müstəqil.Az

Share: