Reks Tillersonun istefasından kim qazanacaq: Tramp, yoxsa Amerika?

Bu gün aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olan bir məsələ. Müxtəlif aspektlərdən analiz olunur və bir-birindən fərqli proqnozlar verilir.

Bizim toxunmaq istədiyimiz isə vəzifədə olduğu qısa dövrdə Reks Tillersonun həyata keçirdiyi və keçirmək istədiyi tədbirlərin Amerika və dünya dövlətləri üçün nə dərəcədə əhəmiyyət kəsb etməsini aydınlaşdırmaqdır.

Öncə qeyd etmək lazımdır ki, Tillersonun hakimiyyətdən uzaqlaşdırılacağı haqqında xəbərlər siyasi çevrələrdə çoxdan səsləndirilirdi. Xüsusilə, onun Trampı “ axmaq” ( morongate) yerinə qoymasından  sonra –baxmayaraq ki, Reks özü bu xəbəri şayiə adlandırdı-oxşar informasiyaların dövriyyəsi  daha da intensivləşdi. Amma hər dəfə həm prezident , həm də Dövlət Katibi bu məlumatları əsassız adlandırıdı. Görünür Trampın yaxın çevrəsi onun idarəetmə manerasını yaxından bildiklərinə görə Tillersonun çox davam gətirməyəcəyini söyləyirdilər. Tramp qərarını açıqladı və Dövlət Katibinin istefaya göndərilməsini belə  əsaslandırdı ki, “ Mən istədiyim kabineti əldə etməyə yaxınlaşıram”. Yəni Tillerson mənim işləmək istədiyim fiqur deyildi və mən yenə də uyğun olmayan adamları dəyişməkdə davam edəcəm. Bir sözlə.. missiya davam edir.

Bəs Tramp ilə Tillerson arasında bu vaxta qədər haqqında danışmaq istəmədikləri fikir ayrılıqları hansılardır? Bu sualın cavabı eyni zamanda Amerikanın bu əvəzlənmədən əldə edəcəyi mənfəət ilə üst-üstə düşür;

  1. Şimali Koreya məsələsi- Reks Tillerson vəzifəyə təyinat aldığı ilk gündən bu problemlə yaxından məşğul olurdu və hesab edirdi ki, konflikt danışıqlar yolu ilə həll olunmalıdır. Trampın hədə-qorxu dolu bəyanatlarından fərqli olaraq güc tətbiq etməklə bu məsələdə istənilən nəticəyə nail olunmayacağını bildirirdi. Tramp isə “ Reks sən vaxtını boş yerə sərf edirsən”-deyə danışıqların konstruktiv olmayacağını bildirirdi. Amma sonradan o özü Kim Çen Inla danışıqlar masası arxasında oturmağa razılaşdı.
  2. Yerusəlim məsələsi.

Reks Tillerson ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinin tərəfdarı deyildi- baxmayaraq ki, bunu açıq ifadə edə bilmirdi- və hesab edirdi ki, Trampın bu addımı Amerikanın Orta Şərqdə zərbə vurmaqdan başqa nəticə verməyəcək.

  1. YPG-PKK və ABŞ əlaqələri.

 Bu məsələdə Tillerson Türkiyənin mövqeyi ilə üst-üstə düşən mövqe sərgiləyirdi və öz münasibətini Türkiyədə səfərdə olarkən ifadə etmişdi. O, “Kürdlərlə yaxınlıq Türkiyə ilə münasibətlərin pozulması hesabına baş verməməlidir”- fikrini müdafiə edirdi.

  1. JCPOA məsələsi- İranla P5+1 ölkələri arasında nüvə sahəsində bağlanan müqavilə.

Məlum olduğu kimi, Donald Tramp bu müqaviləni Amerika tarixində imzanan ən dəhşətli müqavilə adlandırır və növbədə imzalama vaxt—mayın 18-də onu imzalamayacağını bəyan edir. Tillerson isə tamam əks mövqe tuturdu. O İranla əlaqələrin gələcəkdə inkişaf etdirilməsinin tərəfdarı olmasına dəlalət edən fikirlər səsləndirirdi. Tillersonun bu mövqeyi Trampı əhatəyə alan Yəhudi lobbisini də narahat edirdi.

  1. Rusiyaya sanksiyaların tətbiq olunması məsələsi.

Reks Rusiya ilə bu qədər sərt danışmağın tərəfdarı deyildi. O yumşaq gücdən istifadə etməyi məsləhət görürdü.

Yuxarıda qeyd etdiyimiz məsələlər Trampla Tillerson arasında mövcüd olan ziddiyyətin kütləvi informasiya vasitələrinə yol tapmış nümunələridir. Düşünürəm ki, mövcud fikir ayrılıqları yetərincə cddi idi ki, bunlar Tillersonun vəzifədən çıxarılması ilə nəticələndi.

Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeonu Dövlət Katibi vəzifəsinə təyin etmək haqqında qərar qəbul edib. Mark müəyyən müddətdir ki, Trampla birlikdə işləyir və aralarında fikir ayrılıqlarının olmadığı haqda məlumatlar yayılıb. Pompeo qeyd şərtsiz Trampın apardığı siyasət və gördüyü tədbirlərin tərəfdarıdır. Deməli, Tramp idarəçiliyinə onun siyasətini təqdir edən- bu siyasət Amerikanın nüfuzuun itirilməsinə yol açsa belə –  yeni bir şəxsiyyət əlavə olundu.

Mayk Pompeonun bu vəzifəyə gətirilməsi eyni zamanda, Trampa təsir edərək onu riskli addımlardan qoruya biləcək qüvvələrin zəiflədilməsi, İsrail tərəfdarlarının güclənməsi istiqamətində atılan addım kimi də qiymətləndirilməlidir.

Bu dəyişiklikdə düşünürəm ki, Amerika xalqı yox, Tramp fayda götürəcək. Amma qısa vədəli.

Əlimusa İbrahimov

Politoloq

Share: