Real döyüş kadrları: Murov qartalları düşməni “Canavar” postundan qovur

Azərbaycan ordusunun şanlı qələbəsi, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnən 44 günlük ikinci Qarabağ müharibəsi haqda hələ çox danışılacaq, yazılacaq. Bu müharibənin ən parlaq epizodlarından biri də heç şübhəsiz ki, dağlarda döyüş üzrə ustalaşmış xüsusi təyinatlıların Murov silsiləsində, dəniz səviyyəsindən 4200 metrə qədər yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirmək uğrunda apardığı döyüşlər oldu.

Heç bir şişirtməyə yol vermədən demək olar ki, Murov silsiləsi uğrunda gedən döyüşlər dünya hərb tarixində öz yerini tutmağa layiqdir. Yəqin ki, dünyanın çox az sayda orduları bu cür relyefde, sıldırım dağ silsiləsi ilə üzü yuxarı hücuma keçərək düşmənin zirvələrdə on illərdir möhkəmləndirilmiş, hər tərəfdən sal qayalarla əhatə olunan mövqelərini ələ keçirə bilərdi. Müharibənin ilk günlərində hücuma keçən bölmələrimiz Murovun sıldırım qayalıqları ilə irəliləyərək düşməni mövqelərindən vurub çıxardı. Və nəticədə Ermənistanı Dağlıq Qarabağla birləşdirən Vardenis-Ağdərə yolunu atəş nəzarətinə götürmək mümkün oldu.

 

Çox təəsüf ki, bu müharibə haqda sanballı videosalnamə yoxdur, aparılmayıb və əgər sosial şəbəkələrdə yayılan, döyüşçülərimizin mobil telefonun kamerası ilə çəkdikləri 1-2 dəqiqəlik videokadrlar olmasaydı yəqin ki, ordumuzun necə döyüşdüyü barədə əyani təsəvvürlər də olmayacaqdı. Bu günlərdə sosial şəbəkələrdə ordumuzun Murov silsiləsində düşmənin “Canavar” adlanan döyüş mövqelərini necə ələ keçirdiyinə və onları postlarda atıb getdikləri silahlarını da istifadə etməklə necə qovduqları barədə videokadrlar yayılıb. Kadrlardan göründüyü kimi, yüngül silahlarla silahlanmış döyüşçülərimiz düşməni sıldırım qayalıqların üstündə yerləşən möhkəmləndirilmiş mövqelərindən qovub çıxarıblar və onlarla yaxın məsafədən döyüş aparırlar, tutduqları mövqelərdə möhkəmlənməyə çalışırlar. Bu zaman döyüşçülər arasında yaralananlar da olur…

Kadrlar müharibənin əvvəllərində çəkilib və orada yer alan igidlərdən bir çoxu sonrakı döyüşlərdə şəhid olublar. Həmin kadrları təqdim edirik:

Qeyd: kadrlarda döyüçülər ara-sıra düşmənin ünvanına senzuradan kənar ifadələr də işlədirlər.

Müstəqil.Az

Share: