“Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü günündə biz təkcə müasir müstəqil Azərbaycan dövlətini yaratmış deyil, həm də onun iqtisadi qüdrətinin əsaslarını onilliklərə qoymuş siyasət dahisi qarşısında baş əyirik”. Dünya Biznes Alyansının Xəzər regionu üzrə prezidentinin müşaviri, treyding platformasının rəhbəri, “Xəzər Biznes Təşəbbüsü” İctimai Birliyinin vitse-prezidenti Ramil Səlifov bildirib.
O deyib ki, dahi Heydər Əliyev qlobal səviyyəli strateq kimi düşünürdü: “O, həqiqi müstəqilliyin qlobal bazarlara inteqrasiya olunmuş güclü və diversifikasiya edilmiş iqtisadiyyatsız mümkün olmadığını anlayırdı. Məhz onun rəhbərliyi altında milli resursların və məhsulların səmərəli ixracına əsaslanan inkişaf modeli işlənib hazırlanmış və həyata keçirilmişdir.
Neft strategiyası Azərbaycanın vizit kartına çevrildi. 1994-cü il “Əsrin müqaviləsi” sadəcə bir saziş deyil, bu, ölkəyə dünyanın aparıcı sərmayələrini cəlb edən geosiyasi bir sıçrayışdır. Heydər Əliyevin uzaqgörənliyi sayəsində Bakı – Tbilisi – Ceyhan kəməri inşa edildi və bu, Azərbaycan neftini Aralıq dənizi və Avropa bazarlarına çıxardı”.

Ramil Səlifov bildirib ki, Ümummilli Lider dünyaya daha geniş prizmadan baxırdı: “O, metallurgiya, faydalı qazıntılar (qızıl, mis, filiz) ixracına da güclü təkan verdi, bu sahələrə xarici tərəfdaşların gəlməsi üçün şərait yaratdı.
Heydər Əliyev neft-qaz sahəsinə xüsusi diqqət yetirməklə yanaşı, real sektoru da unutmadı. Onun yerli istehsalçını dəstəkləmək siyasəti nəticəsində Azərçay və Azərsun Holdinq kimi brendlər beynəlxalq bazarlara çıxmaq imkanı qazanaraq keyfiyyət və ənənələrini nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyev öz ayaqları üstə möhkəm dayanan dövlət yaratdı. O, bizə öyrətdi: “Neft müvəqqəti sərvətdir, lakin dövlət əbədidir”. Və bu gün biz onun qoyduğu təməllərin işlədiyini görürük: Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır, metal və xammal ixracatçısıdır, adlı-sanlı istehsalçıdır.
Hər kəsi Ümummilli Liderimizin doğum günü münasibətilə təbrik edirəm! Onun xatirəsini ehtiramla anır, onun kursunu davam etdirir, irsini zənginləşdiririk. Ulu Heydər Əliyevin ruhu işıq olsun!”





















