Ralf Ranqnik: “Azərbaycanla oyunun ilk 20 dəqiqəsində meydanda yox idik”

“İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik”.

“Report”un məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis ilk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıqlarını bildirib:

“Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.

O, qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi üç cavabsız qolla məğlub etməsinə də toxunub:

“Qırmızı şeytanlar”ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 0:3 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.

Share: