Rafiq Həşimov – sözə, sənətə və televiziyaya həsr olunmuş 60 il

Rafiq Həşimov – sözə, sənətə və televiziyaya həsr olunmuş 60 il

Yubilyar “Əhməd Cavad” mükafatında layiq görüldü

 

Azərbaycan Yazıçılar Birliyinin “Əhməd Cavad” mükafatına layiq görülən, Azərbaycanın tanınmış diktoru, ssenaristi, esseisti, tərcüməçisi, rejissoru, televiziya və kino xadimi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimovun 60 illik yubileyidir.

Müstəqil.Az bildirir ki, Rafiq Həşimov 60 illik yubileyi ərəfəsində Azərbaycan Yazıçılar Birliyinin “Əhməd Cavad” mükafatına layiq görülüb. O, bu yüksək ədəbi mükafata “Sözün repressiyası” filmi və yubileyi münasibətilə təltif edilib. Bu mükafat Rafiq Həşimovun sözə, ədəbiyyata, sənətə və milli-mədəni dəyərlərə uzun illər ərzində verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Azərbaycan televiziyasının inkişafında öz dəst-xətti, zəngin yaradıcılıq təcrübəsi və peşəkar fəaliyyəti ilə seçilən Rafiq Həşimov ömrünün böyük hissəsini sözə, sənətə, televiziyaya və milli mədəniyyətə xidmətə həsr edib. Onun yaradıcılıq fəaliyyəti yalnız diktor sənəti ilə məhdudlaşmır. Rafiq Həşimov eyni zamanda ssenarist, esseist, tərcüməçi, rejissor, aparıcı və müəllif kimi Azərbaycan mədəniyyət və informasiya məkanında özünəməxsus yer tutub.

Əhməd Cavad mükafatı

Rafiq Həşimov 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun “Televiziya və radio texnikası” fakültəsini, 1997-ci ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində texnik kimi başlayıb. 1990-cı ildən diktor kimi fəaliyyət göstərən Rafiq Həşimov uzun illər Azərbaycan televiziyasının simalarından biri olub.

Onun səsi müxtəlif nəsillərin televiziya yaddaşında xüsusi yer tutur. “Xəbərlər” informasiya proqramının, müxtəlif dövlət tədbirlərinin və çoxsaylı televiziya layihələrinin aparıcısı kimi Rafiq Həşimov Azərbaycan efir mədəniyyətinin formalaşmasına mühüm töhfələr verib. “Səhər” proqramının aparıcısı kimi də tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Peşəkar fəaliyyəti ilə yanaşı, Rafiq Həşimov televiziya aparıcılarının və müxbirlərin nitq mədəniyyətinin inkişafına da xüsusi diqqət yetirib. O, “Space”, “Lider” və “Xəzər” telekanallarında aparıcı və müxbirlərlə nitq mədəniyyəti istiqamətində çalışıb, Xəzər Universitetində dörd il nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərib.

Televiziyadan ədəbiyyata, ədəbiyyatdan ekrana

Rafiq Həşimovun yaradıcılıq dünyasının mühüm istiqamətlərindən biri də ədəbi fəaliyyətdir. Onun hekayə və esseləri müxtəlif illərdə ölkəmizin jurnal və qəzetlərində, eləcə də xarici nəşrlərdə dərc olunub.

Yaradıcılığında dünya ədəbiyyatına xüsusi maraq göstərən Rafiq Həşimov Herman Hesse, Çeslav Miloş, Xorxe Luis Borxes kimi dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən Azərbaycan dilinə tərcümələr edib. Bu tərcümələr onun Azərbaycan oxucusunun dünya ədəbiyyatı ilə tanışlığına verdiyi töhfələr sırasında xüsusi əhəmiyyət daşıyır.

Rafiq Həşimov üçün söz yalnız efir vasitəsi deyil, həm də düşüncə və yaradıcılıq məkanıdır. Onun ssenarist və rejissor kimi fəaliyyəti də məhz bu yaradıcılıq baxışının davamıdır.

Ssenariləri əsasında və rejissorluğu ilə “Valın üçüncü üzü”, “Qum dənəsi”, “Səyyahın gündəliyi”, “Azad Mirzəcanzadə”, “Günəş və bulud”, “Gözümün işığı”, “Qamış şəhərin yuxuları”, “Odlar torpağının suyu”, “Cərrah”, “Я тобой называю звезды”, “Magister dixit”, “Diktor”, “Heydər Əliyev. İki əsrin fenomeni”, “Sözün repressiyası” və digər bədii və sənədli ekran əsərləri ərsəyə gəlib.

Bu filmlər sırasında Azərbaycan tarixinin, mədəniyyətinin, elm və incəsənətinin görkəmli simalarına həsr olunan ekran əsərləri xüsusi yer tutur. Rafiq Həşimov sənədli kino vasitəsilə ayrı-ayrı şəxsiyyətlərin yaradıcılıq və həyat yolunu araşdırmaqla yanaşı, onların mənəvi irsini gələcək nəsillərə çatdırmağa çalışıb.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə şəhid Fuad Əsədova həsr olunmuş “Yarımçıq gündəlik” bədii-sənədli filmini çəkib. 2013-cü ildə isə Azərbaycan rəssamlığının böyük simalarından Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş “Səttarın Azərbaycanı” sənədli filmini ekranlaşdırıb.

“XX əsr”dən “XXI əsr”ə

Rafiq Həşimovun müəllif və aparıcı kimi fəaliyyətində kulturoloji televiziya proqramları mühüm yer tutur. Onun silsilə xarakterli “XX əsr” və “XXI əsr” müəllif proqramları Azərbaycanın elm, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığının öyrənilməsi və geniş tamaşaçı auditoriyasına təqdim olunması baxımından diqqət çəkir.

Bu layihələrdə Azərbaycan ziyalılarının, elm və sənət adamlarının yaradıcılıq yolu müxtəlif rakurslardan təqdim edilib. Rafiq Həşimovun müsahibəçi kimi fəaliyyəti də onun yaradıcılıq portretinin mühüm cəhətlərindəndir.

Türk dünyasının tanınmış elm və sənət adamları Həyati İnanç, İlber Ortaylı və Bahadır Yenişehirlioğlu ilə hazırladığı müsahibələr Azərbaycan Televiziyasının efirində yayımlanıb. Türk dünyasının mədəni əlaqələrinin inkişafına və türk mədəniyyətinin təbliğinə verdiyi xidmətlərə görə Rafiq Həşimov “TÜRKSOY” medalı ilə təltif edilib.

Bu gün də Rafiq Həşimov yaradıcılıq fəaliyyətini davam etdirir. Onun müəllifi və aparıcısı olduğu “XXI əsr”, “Kitab klubu”, “Hekayələr”, “Azərbaycan qəzeti – 1918-1920” və “Qərbi Azərbaycan kəndləri” layihələri Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin və milli yaddaşın müxtəlif istiqamətlərinin araşdırılmasına və tamaşaçıya çatdırılmasına xidmət edir.

Əmək və yaradıcılığın yüksək qiyməti

Rafiq Həşimovun televiziya və mədəniyyət sahəsində uzunillik fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1998-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülüb.

Onun ədəbi və ictimai fəaliyyəti 2025-ci ildə III dərəcəli “Əmək” ordeni ilə qiymətləndirilib. Bu təltif Rafiq Həşimovun uzun illər ərzində Azərbaycan mədəniyyətinə, jurnalistikasına, televiziyasına və ictimai həyatına verdiyi töhfələrin daha bir göstəricisidir.

AYB-dən yubilyara təbrik

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Rafiq Həşimovu 60 illik yubileyi münasibətilə təbrik edib. “Ədəbiyyat qəzeti”nin son sayında dərc olunan təbrikdə onun diktor, ssenarist, esseist, tərcüməçi, rejissor və televiziya xadimi kimi çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb.

Təbrikdə Rafiq Həşimovun Azərbaycan televiziyasında keçdiyi uzun və məhsuldar yaradıcılıq yolu, ədəbi fəaliyyəti, dünya ədəbiyyatından etdiyi tərcümələr, müəllifi və rejissoru olduğu bədii və sənədli filmlər, televiziya layihələri və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi yubilyara müraciətində onun yaradıcılıq fəaliyyətini və Azərbaycan mədəniyyətinə xidmətlərini qeyd edərək Rafiq Həşimova uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Rafiq Həşimovun 60 illik yubileyi həm də Azərbaycan televiziyasının bir nəslinin yaradıcılıq yoluna nəzər salmaq üçün əlamətdar fürsətdir. Onun diktor kimi efirdə formalaşdırdığı peşəkar üslub, ssenarist və rejissor kimi yaratdığı ekran əsərləri, müəllif-aparıcı kimi həyata keçirdiyi layihələr və ədəbiyyat sahəsindəki fəaliyyəti bir-birini tamamlayan zəngin yaradıcılıq irsi meydana gətirib.

Bu yubiley bir insanın yaşadığı illərin deyil, sözə, sənətə, televiziyaya və milli mədəniyyətə həsr etdiyi 60 ilin qeydidir.

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından Rafiq Həşimovu 60 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan mədəniyyətinə xidmət yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

P.S. Müstəqil.az saytı da təbrikə qoşulur, tanınmış qələm adamını, ssenarist, esseist, tərcüməçi, rejissor, televiziya və kino xadimi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimovu 60 illik yubleyi münasibəti ilə təbrik edir, yaradıcılıq uğurları arzulayır

Share: