Rafet El Roman: “Türkiyə-Azərbaycan qardaşlığı hər zaman möhkəm olub”

“Gəncədə olmaq mənim üçün qürurvericidir”.

Bunu türkiyəli müğənni Rafet El Roman “Report”a müsahibəsində bildirib.

Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan konsert proqramında çıxış etmək üçün Gəncəyə səfər edən Rafet El Roman bu şəhərdə olmaqdan qürur duyduğunu vurğulayıb:

“Mən ikinci dəfədir ki, Gəncə şəhərinə səfər edirəm. Gəncədə olmağımdan çox şadam, bu, mənim üçün qürurverici hissdir. Türkiyə-Azərbaycan qardaşlığı hər zaman möhkəm olub. Ümid edirəm ki, iki dövlət arasındakı əlaqələr daha da möhkəmlənəcək. Gəncəni və gəncəliləri çox sevirəm. Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan konsert proqramında çıxış etmək üçün Gəncəyə səfər etmişəm. Sevilən mahnılarımla çıxış edəcəyəm və buna görə çox şadam”.

Qeyd edək ki, Heydər Əliyev parkındakı “Zəfər Tağı”nın önündə keçirilən möhtəşəm konsert proqramında minlərlə insan iştirak edib.

Share: