Rəssam Gülnarə Məmmədovanın yağlı boya ilə çəkilmiş “Aşıq Ələsgər” portretinin təqdimatı keçirildi

 

Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə Kəlağayı Ev Muzeyində rəssam Gülnarə Məmmədovanın yağlı boya ilə çəkilmiş “Aşıq Ələsgər” portretinin təqdimat mərasimi keçirilib.
Tədbiri Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli açaraq rəsm əsərinə görə rəssam Gülnarə Məmmədovaya və təşkilatçılığa görə Kəlağayı Ev Muzeyinin sədri Güllü Eldar Tomarlıya Dədə Ələsgər Ocağı adından təşəkkürlərini bildirib. Rəsm əsərini qəbul edən Xətai Ələsgərli onu Kəlağayı Ev Muzeyinə hədiyyə edib.

Tədbirdə çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin sədri Güllü Eldar Tomarlı, araşdırmaçı-yazar Vaqif Osmanov, Sayad Hüseynov, aşıq Gözəl Kəlbəcərli, Tərxanım Museyibqızı, Ailələrə Dayaq Xeyriyyə İctimai Birliyinin sədri Natəvan Əliyeva, Maya Ömərova, Aydın Bulud və Vüsal Sehranoğlu rəsm əsərinin ustad Aşıq Ələsgərin əzəmətini yüksək səviyyədə əks etdirdiyini bildirdilər və gənc rəssama gələcək işlərində uğurlar arzuladılar.
Sonda rəsm əsərinin müəllifi rəssam Gülnarə Məmmədova çıxış edərək təqdimatın təşkilatçılığı üçün Kəlağayı ev muzeyinin sədri Güllü Eldar Tomarlıya, xüsusilə Dədə Ələsgər Ocağını təmsil edən Xətai Ələsgərliyə və gələn qonaqlara xoş sözlərinə görə dərin minnətdarlığını bildirdi. Qeyd etdiki, ustad aşığın yazdığı şeirlərin hər bir misrası sanki bir rəsm əsəridir. Bu rəsm əsərinin ərsəyə gəlməsində Dədə Ələsgərin “Düşdü” rədifli qoşmasındakı “Çərşənbə axşamı, çeşmə başında” misrasından ilhamlandığını bildirdi.

Share: