“Rəqib futbolçu deyib ki, həmin epizod penalti idi” — Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq”a qarşı keçirdikləri oyunun 81-ci dəqiqəsindəki mübahisəli penalti epizodundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı rəqib müdafiəçinin matçın sonunda Ağdam klubunun futbolçularına 11 metrlik cərimə zərbəsi olduğunu dediyini bildirib:

“Nə desək, faydasız olacaq. Matçın hələ startında elə bir penalti verilməsi yaxşı deyildi. Son dəqiqələrdəki epizoda isə baxmamışam. Rəqib futbolçu oyunun son dəqiqələrində bizim futbolçulara deyib ki, həmin epizod penalti idi. Bəzən bu cür xırda epizodlar bizim kimi komandalara təsir edir. Deməyə söz yoxdur və hakimlərin qarşıdakı oyunlarda daha diqqətli olacağına inanıram. Hakimin qərarını dəyişə bilmərik”.


Share: