Rəfail Tağızadə yaradıcılığında ağrını yazmağın ağırlığı…

 

Ağrının, dərdin ölçü vahidi ağırlıqdır. Ağrıların, dərdlərin ağırlığını Vətən, insan, millət, torpaq sevgililər çəkir, daha yaxşı anlayır, duyur və yazırlar. Qazi şair, publisist, tərcüməçi, birinci Qarabağ müharibəsinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı Rəfail Tağızadə qismətinə belə ağır və ağrılı yükü daşımaq missiyası götürən vətəndaş, həm də Məmməd Araz təxəyyülünə söykənsək, Vətən daşıdır. Onun taleyinə 65 illik ömür yolunun yarısına Vətən ağrılarını yaşamaq və yazmaq düşüb. Onun poeziyası ispan şairi Federik Qarsia Lorkanın təbirincə desək, danışan rəsmlərdir. Bu “rəsmlər”də həyatının ayrı-ayrı anlarını – poetik payızını, “su üzərində bahar”ını, ömrünün beşinci – sevgi fəslini, son otuz ilin acı “Qarabağ rüzgarları”nı, gecələri nurlandıran xəyallarını, Şopenin nöktürnünə köklənmiş ürəyini yaşadan şair tarın sarı simi kimi həmişə kövrək və duyğuludur. Qəlbinin tellərini ehtizaza gətirən Rəfail müəllimin ilhamı zamanın barometri kimi həssasdır – “muğam üstündə qara-qırmızı Xocalıya ağı” da oxuyur, polyak şair “Adam Mitskeviçin xatirəsinə on nəğmə” də “bəstələyir”, “Qıç başdaşı” heykəli də “yonur”. Bilir ki,

Bir not dəftəridi həyat – insan ömrü
bir nöktürn qədər qısa.

“Hər kəs eyni anda gecəni yaşayır, ancaq hər kəsin qaranlığı fərqlidir” düşünən La Edri sanki Rəfail Tağızadənin “gecə xəyalları”nı şairlə birgə yaşayır. Şairin poetik gecələrinin aydınlığında doğulan ilahi fikirlər anadilin şirin ləhcəli nəğmələri kimi könülləri ovsunlayır, sabaha körpü salır, ömür payına düşən gecələri “əllərinin içində sabaha daşıyır”.

Üstümə tökülən qəm damcıları
isladıb, isladıb boğacaq məni,
sevincə hamilə bildiyim gecə
yenə qəm içində doğacaq məni.

Ağırdı… Çox ağırdı son otuz ilin ağrılarını yazmaq. Vətən və millət ağrılarını yaşamağı, yaşatmağı, çəkməyi və yazmağı Tanrı sevdiyi bəndələrinə tapşırıb. Rəfail Tağızadə “Qarabağ dərdinə ədəbi pasport verdi. Bu istər-istəməz insan ruhunu tərpədir… Onun şeirləri sakitdir, qəmlidir, hay-küysüzdür, mənalıdır, obrazlıdır, lakonik və yaddaqalandır” (Vaqif Bəhmənli). Bu misralar ağrının poetik heykəlidir:

Əsgər paltarına bükülüb
basdırılan ayağın
bu gecə diksinəcək qəbir yatağında.
“Qalx” – deyib,
qışqırıb qaldıracaq
yuxulu məzar qonşularını.
Silib-təmizləyib,
sonra da uzanıb yatağın küncünə
sahibini gözləyəcək,
gedəcəksənmi?
Nə özün gedə bildin, nə də apardılar səni.
Torpaği kimi qəbri bölünən, qardaş.
Özün qaçqın qəbiristanlığında
qıçın Qarabağda…

Rəfail Tağızadə yetkinləşən, özünü anlayan gündən gələcəyinin, əqidə və amalının eskizlərini dəqiq cızıb: “Zaman zamanında deyilmiş sözləri sevir. Zamanın sözü olduğu kimi sözün də zamanı var. Mən zamanın sözünü yazmaq amacı ilə əlimə qələm alıram”.

Rəfail müəllimin qənaətinə görə, “ən ağrılı ömür savaşda yaşanan ömürdü. Və bu ömürlərin ən şərəflisidir. Vətən üçün, torpaq üçün yaşanan ömür!”

Ömrünün son otuz ilində o, gecə-gündüz “Xəyali Şuşa”sına səyahət etdi, “Ağdamsızlıq”dan gözləri yollarda qaldı, Vətən havasından “Ağdamın iyi gəldiyini” duydu.

“Qəbri bölünən qardaş”ından, onun “Qıç başdaşı”nda yazanda onun ürəyindəki çatları görmək, duymaq üçün insana bir ürək, iki göz bəs eləməz. Bunu o anları görənlər, nəmli, qırovlu səngərdə gecələri dirigözlü açanlar, səngərdəki döyüş dostunun “qıçım harada idi, basdırdınız, yoxsa, elə ortalıqda qaldı?” sualı qarşısında aciz qalıb nitqi tutulanlar, “başdaşında, daş başında məmləkətin tarixi yazılanların” ruhu qarşısında sayğı sükutunda dayananlar – “Qarabağ Qazisi haqqında ballada” yazanlardan yaxşı kim anlayar?

Bizim uşaqlıq, yeniyetməlik, gənclik çağımızda dərsliklərdə, mütaliə etdiyimiz kitablarda tez-tez “barıt qoxulu sətirlər” bənzətməsinə rast gələrdik. Ancaq bu üç kəlmənin dərinliyinə varmağa beynimizin güçü çatmazdı. Biz elə bilirdik müharibə bizim taxta “avtomat”lı “döyüş”lərimizdə və kinolarda olur, gerçək həyatda insanlar can deyib, can eşidirlər. Ağlığımıza da gəlməzdi ki, illər keçəcək biz, övladlarımız, hətta nəvələrimiz barıt qoxulu səngərlərdə Vətənimizi xain, bədxah, başqasının torpağına tamah salan düşmənlərdən qoruyacağıq. Rəfail müəllimin, eləcə də onun həmyaşıdlarının taleyinə uşaqlığın taxta avtomatlı “döyüş”ləri də, qanlı-qadalı həqiqi döyüş yolu da, ölüm-itim də, döyüşlərdən yarımcan qayıtmaq da, sahibindən ayrı düşmüş ələ, qıça qəbir qazmaq da yazılıbmış.

Müharibə dağıntıdı, ölümdü, yoxluqdu. Ancaq “elə yoxluqlar var ki, onların işığı varlığın işığından çoxdur. Şəhidin işığı zülmətləri dəlib keçən işıq kimidir”.

Blindajda köhnə, dəlik-deşikli hərbi gödəkcəsini üstünə atıb bir gözü açıq, o birisi yarıyumulu mürgüləyənlərdən (Allah kəssin belə yuxunu!), gödəkcəsinin nəmini, qırovunu qarlı, şaxtalı havada bəyaz don geyinən ağacın budaqlarından asıb “qurudan”lardan biri də Rəfail Tağızadədi. Belə paltar “qurutmaq” üsulunu ancaq həmin günləri, illəri yaşayanlar bilərlər.

“Qarabağ ağrısı”na “Qarabağ dərdim” deyən, “Qarabağın payızına payız gəldi”yindən kədərlənən, “Arzularının, xəyallarının yetkinlik yaşı”nda ürəyini Vətən ağrıları göynədən, “Yoxluğunda var olan şəhər”ini xəyalında addım-addım, xatirə-xatirə gəzən, “Köhnə ünvana yazılan məktublar”ın çatıb-çatmaması nigarançılığı narahat ürəyinə dinclik verməyən, həmişə “Uzaqdakı doğma adam”ları gözləri axtaran, “Yolçusuz yolların yolçusu” kimi Qarabağin ot-ələf, kol-kos, toz-torpaq basmış yollarını, cığırlarını, çəhlimlərini, rizlərini “Ağır taxtalı kişi”lər kimi addımlayan, “Məmləkətin uğursuz kişiləri”nin dərdlərinə şərik olan, ”Gözümüzdə, beynimizdə basdırdığımız ölülər”i təkcə adınasında, qırxında, ildönümündə, qara bayramlarda yox, həmişə ziyarət edən, “Payız taleli adam”lara Tanrıdan bahar ömrü arzulayan, ancaq arzusu ürəyində qalan, elin-obanın bənövşəsinin,qapılarındakı qızılgüllərin düşmənə hətta ətrini qıymadığından, “Doqquz qoz ağacı”nın yağılara məhsul vermədiyindən təsəlli tapan, Azərbaycanın hər guşəsində evlərin qarşısından keçəndə gözləri nəmlənə-nəmlənə “Eyvan həmin eyvan idi” düşünən Rəfail Tağızadə “Hər yerdə seçilənlər”dən, “Başqaları üçün yaşayanlar”dandı.

Onun “Kəlbəcər ucalığı” “Uşaqlığının Kəlbəcəri”ndə, Şuşası “Bizim olmayan 8 may”da qalmışdı. “Millətin özünəqayıdış günü”ndən sonra “Şuşa zirvəsi” Zəfər zirvəsi, “Şuşada yaşananlar” ömrünün ən yaddaqalan, qürurlu günləri kimi unudulmaz oldu. Azərbaycan əsgər və zabitləri Rəfail müəllimin, bütün Azərbaycan xalqının üstündəki utancverici “məğlub adı”nı sildi.

Onu “İtirə-itirə getdiyi Mənəvi itkilər”, “Adını bilmədiyi doğmalar”ın taleyi də düşündürür. Ağrıdan, dərddən, qan-qadadan, itkilərimizdən yazmaq əzabdı, ürəyinə dağlar çəkən ağrılara dözüb yaamaq da. Yazanın ömrünü güvə kimi yeyir. Vətən təəssübkeşləri bundan da qorxmur, sözünü silaha çevirib ömrü boyu şərlə vuruşur. Zəfər mübarizədə, döyüşdə qazanılır.

Hər qarış torpaq uğrunda cihada hazır olan ərənlər, qanını Vətənə halal edən şəhidlər, qanı ilə müqəddəs savaşın himnini yazan qazilər – Vətəni müqəddəs canlı varlıq – Ana bilənlər üçün Vətən nədir yox, kimdir? Rəfail müəllim üçün ana Vətənin bir yaralı balası Qarabağ onu “harda olsa qoynuna çəkən torpaqdı, ciyərlərinin süzgəcsiz sorub qəbul etdiyi havadı, gecələr onu darıxmağa qoymayan ulduzlu əsrarəngiz səmadı, dərdlərimizə dözməyib irili-xırdalı göz yaşı tökən buludlardı”, qayaları, daşları yarıb gələn bulaqlardı, həyat arteriyamız çaylardı.

Rəfail Tağızadə heç vaxt ilk sevgisinə xəyanət etməyən aşiqdir:

Hər gecə səngərin o tayından
məni çağırırlar.
Bu xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz,
Vətən sevgisi.
Mən getdim…
Sən salamat qal.
Aylı gecələrdə
bizli xoş xəyallara dal.

Rəfail Tağızadə mübariz insandı, təkcə “Əsiri olduğu hisslər”ə təslim olur. Çağdaş zamanda “Cəmiyyətin şəxsiyyət problemi” onun üçün prioritet məsələdir, mənəvi ağrılar ona rahatlıq vermir. Vətən torpaqlarının hər qarışını azad görəndə əzab və ağrılar Rəfail müəllimi birdəfəlik tərk edəcək, o, istəyinə çatacaq, bu vüsal yurd, torpaq, el həsrətli adamın həsrətinə son qoyulacaq. “Həsrətini çəkdiyi qapılar” taybatay açılacaq.

A.Kamyuya görə, əgər yalan danışa bilmirsənsə, azad insansan. Zamanın ağrılarını bəzək-düzəksiz, olduğu kimi yazmaq, acı həqiqətlərin gözünün içinə dik baxa bilmək üçün vicdan, əqidə, sevgi, cəsarət bütövlüyü əsas şərtdir. Bu Tanrinin tövsiyə etdiyi əməldi, bəşəri imtahandı. Bu sınaqdan üzüağ çıxanlar bəxtəvər insanlardı, çünki başıuca gəzirlər.

 

İlahi Sözü zinətləndirən Söz adamı, “bizim yerimizə çəkdiyi xəcalətdən kiçilən dağlar, çüxura düşmüş gözə dönən dərələr, yiyəsizlikdən üşüyən”, yurd-yuvasızlıqdan Azərbaycanın müxtəlif guşələrinə sığınan Xarıbülbül, utancaq bənövşə, Qarabağ atlarının kişnərtisinə, muğam məclislərinə həsrət qalan Cıdır düzü, milli dirçəlişimizin rəmzinə çevrilən Topxana meşəsi, həzin zümzüməli, büllur gözlü İsa bulağı, “tək qoyub gəldiyimiz bizdən küsən torpaqlar” bizdən vəfalıdı, mərhəmətlidi, bağışlamağı bacarandı, doğmalarına qucaq açıb, üzündən, gözündən öpüb barışandı. Necə ki, Zəfər günündən sonra bizi qarşıladı, bağışladı, vəfasızlığımızı üzümüzə vurmadı.

Axı torpaq Anadı…

“Üstümüzdə dərdlərin ən böyüyü – o boyda torpaq dərdi var”dı, qazi şair. Dərdimizə dərman tapdı kasıb daxmalarda, “vaqonun altından asılan beşik”lərdə böyüyən, “kürəyi güllə yağışlı, içi rütubətdən ağarmış torpaq divarlı” səngərlərdə, blindajlarda azğın düşmənlə ağız-ağıza dayanmış Vətəni canından çox qoruyan igidlər.

“İnsan doğulduğu torpağa bənzəyir. Rəfail Tağızadə Qarabağa oxşayır…” (Adil Mirseyid).

“Söz – yuvadır, məna isə quş. Bədən çayın məcrası, yatağıdırsa, ruh – ondan axan çaydır”, – deyidi Mövlanə. Sözünün özü və məna tutumu tükənməsin, ruhun həmişə axar olsun, Rəfail Tağızadə, müdriklik yaşın mübarək!

Vaqif Osmanov

Share: