“Qızıl Qələm” Media Mükafatı…

Mən özümü tanıyan zamandan daha əvvəllər, yəni uşaqlıq dövrümdən etibarən qələmi önəmli və müqəddəs saymışam. Bu, əslində mərhum valideynimdən aldığım tərbiyədən irəli gəlirdi. Doğrusu uşaq yaşlarımdan başlayaraq aldığım ən dəyərli və sevimli hədiyyə qələm, ruçka, pero, həmçinin, rəssamlığa getdiyim dövrlərdə rəssamlıq fırçası olmuşdur.

Hələ ibtidai sinifə getməzdən 2 il öncə yazır və yazdıqlarımı gələcək illərdə xatirə olsun deyə tarix (il, ay, gün və hətta, saat və dəqiqə əsasında) qeydiyyat aparıb saxlayırdım.
1990-cı illər ərzində hələ 14-15 yaşlarımda ikən əlimə qələm alıb həvəskarcasına cızma-qara edir və müəyyən bir kitab tərtib etmişdim. 1998-ci ildən etibarən isə bu sahədə daha ciddi işlər görməyə başladım…
Jurnalistika sahəsinə gəlincə bu sahədə təxminən 2000-ci ildən etibarən fəaliyyətə başlamışam. Ümumi baxımdan, hal-hazırda qələm və yazıb-yaratmaq sahəsində 33 illik əməyim var. İndiyədək Ulu Tanrının mənə bəxş etdiyi bacarıq sayəsində azərbaycan, ərəb və fars dillərində yazıb-ərsəyə gətirdiyim 135 əsər, monoqrafiya və kitab, 25 tərcümə əsəri, həmçinin yüzlərcə elmi və elmi-kütləvi məqalə bu sözün şahidləridir.
Bu günlərdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı (Azər.KİVİHİ) Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” Media Mükafatı Laureatı adına layiq görülmüşəm.
Bu münasibətlə həmin sahədə olan əməyimi dəyərləndirdiyinə görə Azər.KİVİHİ RH-nin sədri hörmətli Çingiz Qurbanoğluna səmimi minnətdarlığımı bildirirəm!
Əslində indiyədək yeniyetmə yaşlarımdan etibarən öz ölkəmizdə ictimai və nümunəvi fəaliyyətim, xüsusilə də, təsviri-incəsənət (rəssamlıq) sahəsindəki uğurlarıma, həmçinin, ölkə xaricində ali təhsil alarkən elm, tədqiqat, tərcümə və əlaçı tələbə sayıldığıma görə çoxsaylı (təxminən 40-a yaxın) Qramota, Fəxri Fərman, Təqdirnamə və Diplomla təltif olunmuşam. Lakin etiraf edirəm ki, Azər.KİVİHİ RH tərəfindən mənə təqdim edilən bu mükafat mənim üçün daha önəmli və daha qiymətlidir. Çünki doğma Vətənim Odlar Yurdu Azərbaycanda ilk dəfədir ki, media və qələm sahəsindəki uzunmüddətli (33 illik) əməyimə bu formada qiymət verilərək dəyərələndirilmişəm. Buna görə, həm Ulu Tanrıya təşəkkür edir, həm də bir daha əziz və dəyərli Çingiz müəllimə öz minnətdarlığımı bildirirəm! İnanıram ki, həyatda başqalarını dəyərləndirənlər elə ilk növbədə zatən dəyərli olan insanlardır…
Bu xəbəri siz əziz dostlarımla paylaşmaq istədim. Çünki sizlərin həyatda qazandığım uğurlara görə qəlbən sevindiyinizə tam əminəm…

İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru və “Qızıl Qələm” Media Mükafatı Laureatı)
21.02.2023

Share: