Qısa ömrü ilə uzun ömür yaşayan şair – VAQİF HÜSEYNOV – Hafiz Mirzə yazır

Qısa ömrü ilə uzun ömür yaşayan şair – VAQİF HÜSEYNOV – Hafiz Mirzə yazır

Şairlər doğulmur, şairlər Yer dünyasına göndərilir. Şairin kimin bətnindən doğulacağı da bir İlahi seçimmdir. Onların varlığnda bədii yaradıcılıq kəraməti təcəlla edir.

Şairlik duyğusu, yanğısı, məharəti seçilmiş şəxsdə bir gün bulaq çeşməsi kimi saf suyunu üzə çıxardır və parlayır. Vaqif Hüseynov sonradan, bilgilər və öyrənci yolu ilə şairliyi öyrənən psevdo-şairlərdən deyildi, o bu dünyaya şair olaraq göndərilmiş, anadan şair doğulmuşdu.
Vaqif İbrahim oğlu Hüseynov 17 may 1936-cı ildə Lənkəranın Sеparadi kəndində dünyaya göz açmışdı. O, şəhər 3 nömrəli orta məktəbində охumuşdu. Sonradan onu tanıyanlar buna əmin oldu ki, o hansı peşəni seçərdisə, o peşənin vaqifi olacaqdı. Vaqif qeyri-ixtiyari olaraq ədəbiyyatı seçmişdi. Sanki buna məhkum idi; elə ədəbiyyat da məhz onu seçmişdi. Ata tərəfdən babası Hacı Oruc Uluf mahalının (Lənkəranın Separadi kəndi və ətraf yerlər) tanınmış simalarından olmuşdu. Hacı Oruc xatirələrdə çox ağıllı, işgüzar, sözün doğrusunu deyə bilən və həm də çox baməzə adam kimi qalmışdır. Vaqifin anası Şahbacı xanım isə Hacı Orucun qardaşı Həbibin oğlu Mirzəcanın nəvəsi idi. Boy-buxuna və ümumiyyətlə xarici görkəminə, çevikliyinə və natiqliyinə görə Vaqifin eynən Hacı Oruca oxşadığını bildirən qocalar bədii yaradıcılığa məhəbbətinin isə Mirzəcan kişidən gəldiyini deyirdilər. Nə qədər baməzə ol¬sa da, Hacı Oruc Lənkəran qəzasına basqın etmiş Şufkunovun əsgərini tüfəngi xoşuna gəldiyi üçün bir daşla vurub öldürəcək qədər cəsur bir kişi idi. Vaqif də bəzən çox sərt olur, coşan dal¬ğaları, kükrəyən dağ çayını, qəfil çaxan şimşəyi xatırladırdı. Masallı rayonunda çalışarkən raykom katibi ilə baş-başa qoyması, ağzının payını verə biləcək qədər sərt ittihamlar irəli sürməsi, hətta bu barədə eşidənlərin də bədənini ürpəşdirirdi. Onun xaraktercə həm də sərt və cəsur formalaşmasında qan yaddaşı ilə yanaşı yaşadığı sərt həyatın, sirli-soraqlı dünyanın və acı taleyin də öz rolu vardı. Atasını hələ uşaq ikən itirmişdi; İbrahim kişi mühüribəyə getmiş, bir daha qayıtmamışdı. Anası Şahbacı ona həm ana, həm də ata olmuşdu.
Vaqifin məhrumiyyətlər və məşəqqətlə dolu uşaqlıq və yeniyetməlik illəri Lənkəran şəhərində keçdi. Şəhər həyatı, alicənab qohumların himayəsi və bir də fitrətən şair təbiəti ona sarsılmağa, mənəvi cəhətdən də yetim böyüməyə imkan vermədi. Əksinə, ağır həyat şəraiti onu bərkitdi, dünyaya açıq gözlə baxmağı öyrətdi.
1953-cü ildə Vaqif Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu. O dövr üçün bu heç də adi bir uğur deyildi. Universitetdə o, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayacaq görkəmli şəxslərlə – Yaşar Qarayevlə, Ağacavad Əlizadə ilə, Firudin Ağayevlə, Tofiq Hacıyevlə, İbrahim Göyçaylı və Şamil Salmanovla eyni kursda oxudu. O dövrün qaynar ədəbi mühiti Vaqifin əsl şair kimi yetginləşməsində çox mühüm rol oynadı. 1958-ci ildə onun “Azərbaycan gəncləri” qəzetində “Göylər” adlı şeiri dərc olundu. Bu heç də adi bir şeir deyildi və çoxlarının diqqətini cəlb etdi. Bunun həvəskar bir gəncin təsadüfi uğuru kimi qəbul etmək istəyənlər də oldu. Amma çox keçmədi ki, poeziya həvəskarları Vaqif İbrahim adlı bir gənc şairin ardıcıl dərc olunan gözəl şeirlərini oxudular və məftun olmağa başladılar.
Onun bir-birindən mənalı, lirik, yaddaqalan şeirləri qəzet və jurnal səhifələrini bəzəyirdi.
Universiteti bitirdikdən sonra Vaqif Hüseynov 1958-65-ci illərdə Lənkəranın yerli “Leninçi” qəzetində şöbə müdiri vəzifəsində çalışdı. Ancaq rayon ictimaiyyəti onu daha çox şair kimi tanıyırdı. Şair Vaqif İbrahim ədəbiyyatımızın məşhur “altımışıncılar” mərhələsinin bünövrəsini qoyanlardan biri idi. Lakin çox erkən vaxtlardan ata nəvazişindən, ata qayğısından, sevgisindən məhrum olduğu kimi, özünə təxəllüs götürdüyü ata adı ilə çox qürurlana bilmədi. Vaqif İbrahim adlı daha bir şair vardı və dərc olunan şeirlərilə aralarında çox yaxşı dostluq əlaqələri yaranmışdı. İkisindən biri təxəllüs məsələsini çözməli idi. Vaqif Hüseynov şair dostunun xətrinə öz təxəllüsündən imtina edəsi oldu; əsas müəllifin adı yox, şeirin gözəlliyi deyildimi?
Vaqif Hüseynov bir müddət yerli qəzetin məsul katibi, 1965-67-ci illərdə isə qonşu Masallı rayonunun “Çağırış” adlı qəzetin şöbə müdiri, məsul katibi və redaktoru vəzifələrində çalışdı.
1978-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqına qəbul оlundu.
Vaqif Hüseynov o dövr üçün Azərbaycan pоеziyasının incilərini yaradanlardan biri idi. Hələ hər şey indi başlanırdı. О, gözəl dоst, mübariz insan, һaqsızlıqla barışmayan, qətiyyətli vətəndaş, öz ləyaqətini, һеç bir şеylə dəyişməyən, sözündə bütöv, ağır təbiətli, şəхsiyyətini һər şеydən uca tutan, amma çox sadə bir gənc idi.
Vaqif Hüseynov Masallıda işləyərkən onun “Ulduz” jurnalında “Bir ömrün nəğməsi” adlı poeması dərc olundu. Bu əsər poeziya aləmində çox böyük səs saldı. Tanınmış şair və yazıçılardan Əli Vəliyev, Hüseyn Abbaszadə və Hikmət Ziya ona təbrik məktubu göndərmiş və “…Sən böyük müvəffəqiyyətlə zəhmətin poeziyasını duymuş və onu poetik vüsətlə tərənnüm etmisən” sözlərini yazmışdılar. O təpədən dırnağa qədər şair ikən və hər məqamda bədahətən misralar, bəndlər söylədiyi halda geniş dərc olunmağa elə də çox can atmaz, çəkinər, ehtiyat edər, bunun məsuliyyətindən qorxardı. Şeir onun üçün ən uca və ən pak məqam idi, orada iynə ucu qədər də olsun yanlşlıq ola bilməzdi. Hamı tərəfindən çox istedadlı bir şair kimi qəbul edilsə də Vaqif Hüseynov şairliyin məsuliyyətindən çox ehtiyatlanar və özünü əsl şair hesab etməzdi.
Elə mən özüm də şair deyiləm,
Şair bir möcüzə göstərməlidir.
Başqalarının şeirlərinə də eyni qədər həssaslıq və vasvasılıqla yanaşardı. Buna görə də onun ədəbi tənqidi heç də birmənalı qarşılanmırdı. O isə həqiqət bildiyini deməkdən və yazmaqdan çəkinmirdi. Sosial yüklü məqalə və felyotonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaratmışdı. Buna görə də yüksək mənsəb sahibləri ondan çox çəkinir və onu heç sevmirdilər. O, raykomun 1-ci katibini də əiəyriliyinə, ziyalılara qarşı qərəzçiliyinə və xudpəsəndliyinə görə qəzetdə tənqid etməkdən çəkinməmişdi. Bunun nə demək olduğunu o dövrdə yaşayanlar bilər. Beləcə, rayonda ya o qalmalı idi, ya da fırıldaqçı 1-ci katib.
Onu bir tikə çörəyə də möhtac qoyub, əyəcəklərini, sındıracaqlarını zənn edirdilər. O, öz işi və Masallı rayonu ilə vidalaşası oldu. Amma Vaqif dəyişmədi, işsiz qaldığı illər onun yaradıcılığının ən məhsuldar dövrü oldu. Onun şair ruhu pərvazlanır və o vəcdə gəldiyi hər şeyə, o cümlədən tə-sirləndiyi qüsurlara qarşı şeirlər yazırdı. О, şеirdə pоеtik misralar, rədif, qafiyə, kəsərli sözlər sеçməkdə maһir idi.Ən azından dostlarına şarjlar, sevmədiyi məmurlara isə həcvlər qoşurdu. Dostları, qohumları onu çox sevir, darıxmağa, sıxılmağa qoymurdular.
Vaqif Hüseynov 1978-ci ildə Lənkəranın yerli radio verlişləri redaksiyasının redaktoru vəzifəsinə təyin olundu.
О, kiminsə һimayəsini sеvməz, təmənnalı xeyirxahlıq etməz, özündən qeyri kimsəyə güvənməz və işləməkdən yоrulmazdı. Gözəl şеirlər, fеlyеtоnlar, publisistik yazılar müəllifi оlan Vaqif Hüseynov çox kasıb dоlanırdı, amma һеç kəsdən minnət götürməzdi. Çох səliqəli, tələbkar idi, səһlənkar və tənbəl adamlara baməzə şеirləri ilə еyһam vurardı. Bunun nəticəsi olaraq dram əsərləri də yazır, naqisliklərə hamılıqla gülməyə çalışırdı. Beləcə Lənkəran Dövlət Dram Teatrında onun “Yuxuda zarafat” adlı pyesi tamaşaya qoyuldu. Əsər çox böyük uğurla və az qala respublikanın əksər rayonlarında nümayiş olundu.
1967-ci ildə Vaqif Hüseynovun “Sevərək yaşayanlar” adlı povestdən ibarət ilk kitabı nəşr olunmuşdu. Sonra 16 il onun yeni kitabı nəşr olunmadı. Amma dost-tanışda onun bir neçə kitab həcmində şeirləri vardı. Oturub, bir stəkan pürrəngi çaydan sonra bir şeir yazır və onu kiməsə hədiyyə edirdi. Doğum günü münasibətilə çoxlarına poetik təbriklər, xeyir-dualar verirdi. Toylarda tamadalar və xeyir-dua verənlər Vaqifin şeirlərindən istiadə edir, hətta əzizinə baş daşı qoyanlar da ona bir bəndlik ağı sifariş verirdilər. Şairin bir bəndlik şeirləri daha çox idi. Xüsusən məzar daşlarına həkk olunmuş şeirləri qara daşlara səpilmiş kitab səhifələrinə oxşayırdı. Onun tacirlər, təsərrüfatçılar, həkimlər, ustalar barədə misraları az qala reklam xarakteri daşıyırdı. Nəhayət 1983-cü ildə onun “Dəniz çağırır” adlı 2-ci kitabı işıq üzü gördü. Kitab qısa vaxt ərzində satılıb qurtardı və şairə daha böyük məşhurluq qazandırdı.
Onun kitablara daxil etmədiyi bir sıra eşq və siyasi şeirlər də vardı ki, onları yalnız dar çərçivədə və ən yaxın dostları oxuya bilirdi. Sovet dövrünün kəskin tənqidi şeirləri hesab olunan bu siyasi şeirləri yalnız Müstəqillik dövründə işıq üzü gördü.
İldırımtək şaqqıldayıb haray çəkmək istəyirəm,
Zəmanənin qıfılı var fəqət sözlü dodağımda.
Vətənimi çalıb-çapır bir göy gözlü sarı iblis
Azad gəzə bilərəmmi əsir olan torpağımda?!
Eldən-elə, dildən-dilə düşsün gərək bu haqq səsim,
Mən qoymaram dustaq olsun bu şeirim bu varağımda,
Dörd bir yanım zülmətsə də hər kəlməmdə fişəng vardır,
Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng vardır!

Hələ 1984-cü ildə Vaqif belə kəskin siyasi şeirlər yazdığı halda, yaşasaydı milli –azadlıq mücadiləsinin ən görkəmli şairlərindən biri olardı. O vaxtlar onun gələcəyin ən kəskin siyasi şairi olacaq Xəlil Rza ilə dostluq əlaqələrinin köklərində məhz siyasi həmfikirlik var imiş. Görkəmli Xəlil Rza Ulutürk Vaqif Hüseynov kimi həmdərdi ilə milli-azadlıq mübarizəsini daha inamla apara bilər və xalqımız daha böyük uğurlara qovuşardı.
Şair Vaqif Hüseynov təkcə gözəlliklər şairi deyildi, dövrün naqisliklərini onun qədər lakonik və şairanə ifadə və tənqid edən çox az şairə rast gəlmək mümkün idi. Bir çoxları onun şeirlərinin poetikasını, gözəl səslənişini bəyənsə də, əslində şairin nə demək istədiyinin fərqində deyildi. Amma zaman keçdikcə çoxları “Şair Vaqif o vaxt deyirdi axı!” təəssüfünü ifadə edəsi oldu. Vaqif nə deyirdi? Vaqif xalqın milli ruhunu ifadə etməkdən çəkinmir, zəmanəni, xüsusən böyük qüsurları qamçılayır, ifşa edir, eyni zamanda əsil xalq poeziyasını yaradırdı.

...Gör dünyanın harasıdır –
Yerimizə qor tökülür,
Üstümüzə kül tökülür.
Nizaminin, Füzulinin
Kəlamına şor bükülür.
Tərəzidə sızıldayan

ürəyimin parasıdır,
Gör dünyanın harasıdır!
Dərin mənalı felyetonlarına, sosial xarakterli məqalələrinə və araşdırmalarına görə ona “Qızıl Qələm” Media mükafatı, sonralar isə gərgin publisistik və şairlik failiyyətinə görə “Şərəf nişanı” ordeni verildi. O isə bu cür mükafat, fəxri ad və təltiflərdən çox yüksəkdə dururdu, xətirlərinə dəyməsəydi, belə şeylərdən imtina da edərdi. O nəinki qiymətlənmək istəmirdi, daha çox özünü borclu hesab edirdi. Borclü olduğu mənbələrin uzun bir siyahısı vardı. O siyahıda ailəsi, övladları çox da ön yer tutmurdu. Ancaq bütün bu “borclar” onu sıxır, əzab verirdi. Doğru-dürüst yaşayan-ların böyük maddi sərvəti olmur. Maddi cəhətdən o, çox sıxıntı keçirdirdi. Sovet dövründə əsl şair, əsl yazıçı sanki dığlanıb, çərrəyib ölmək üçün idi! Borcların ağrısı və məsuliyyəti onun fiziki ömrünü sıxır, əzir, qısaldırdı. Vaqifin yaşadığı hər dəqiqə, hər saat bir şeir idi. O öz şeirlərini vərəq üzərində formalaşdırmır, düzüb-qoşmurdu, şeir onun düşüncəsində, qəlbində yaranır və o çox vaxt birbaşa, bədahətən şeirlər yaradırdı. O ki, şeir deməyə başlayırdı, hamı susur, onu dinləyirdi. Çox az hallarda kimsə bu şeirləri tez salfet vərəqinə köçürdə bilirdi.
Görkəmli şair Vaqif Hüseynov 10 iyul 1985-ci ildə, ömrünün 49-cu ilində, qəflətən vəfat etdi. Həmin gün şairin Lənkəranda, 2-ci mikrorayonda yaşadığı binanın qarşısına yüzlərlə poeziya həvəskarı, qohum-əqraba, dost-yoldaş toplanmışdı. Hamı şok yaşayırdı. Onun vəfat etdiyini qəbul etmək istəmirdilər.
Vaqifi necə iitirmək olardı?!
Amma o bu dünyadan həmişəlik köçmədi. Onun şeirləri dillərdə əzbər oldu. Şair üçün şeiri yaşadısa, elə özünün yaşaması anlamına gəlir. Dostları onlarda olan və dərc edilməmiş şeirlərini topladılar və “Vətən, sənə borcum qaldı” adlı 3-cü kitabını nəşr etdirdilər. Əslində onun nə Vətənə, nə də bir kimsəyə borcu qalmamışdı, o, Azərbaycan ədəbiyyatına gözəl şeirlər bəxş edərək Vətən borcunu, övladlarına əxlaq, mənəvi saflıq və ləyaqət xəzinəsi qoyaraq atalıq mirasını qoyub getmişdi.
Dünyaya çox şairlər gəlir, çox kitablar yazır, coxcildlik əsərlər qoyub gedirlər. Amma ən əziz adamları da onun yaradıcılığından bir misra əzbər bilmir. Vaqif Hüseynovun şeirləri isə onu heç vaxt görməmiş minlərcə oxucu dilinin əzbəri idi.
Haqlı olaraq onu bir el şairi, qəlb şairi adlandırırdılar.
Ölümündən sonra – 2006-cı ildə dostları onun “Mənə vaxt verin” adlı daha bir kitabını nəşr etdirdilər. Vərəqə yazılmamış hələ nə qədər şeiri qalırdı!
Şairin qızı Xalidə Vaqifqızı ədəbiyyatşünas alimdir. Elmi mövzusu atasının yaradıcılığını da əhatə edir. Şairlik etmir; atası böyük bir nəslə kifayət edəcək qədər mükəmməl şeirlər yazmışdır deyə.
Lənkəranda şəhər Ziyalılar Evinə və bir küçəyə şairin adı vеrildi. Yaşamış olduğu binaya lövhə vuruldu. Xatirəsinin daim yad olunması üçün idi. Onun xatirəsi daha çox Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə həkk olunmuşdur. Buna görə də əminliklə söyləmək olar: “Milli ədəbiyyatımızın mövcud olacağı əbədiyyətə qədər Vaqif Hüseynov öz poeziyası ilə yaşayacaqdır!”

Hafiz MİRZƏ

P.S. Mayın 17-də görkəmli şair Vaqif Hüseynovun anadan olmasının 90 ili tamam olacaq. Əsas olan heç də doğulması deyil ki, ölməzliyidir – öz şeirləri ilə.

Share: